HİCRAN MƏNƏ QALDI

Getdi yenə vüsal dəmi, hicran mənə qaldı,
Tərk etdi könül həmdəmi, hicran mənə qaldı.

Sanki yönünü tərsə salıb öz mayakından,
Dəryada üzən bir gəmi, hicran mənə qaldı.

Aləmlər içrə bir o idi zəndi-gümanım,
Güldürdü mənə el-aləmi, hicran mənə qaldı.

Heç bilməz idim bir belə sədd var aramızda,
Həm həmdəmi, həm də əmi, hicran mənə qaldı.

Eşqin əgər ortaq dili varsa bu cahanda,
Anla məni, ey əcəmi, hicran mənə qaldı.

Ruhum, bu bəşər içrə mənə düşdü ələmin,
Həm hasili, həm də cəmi, hicran mənə qaldı.

Oday, nə qədər həsrət olar bir ömür içrə,
Dəvət eləyər qəm-qəmi, hicran mənə qaldı.

VƏTƏN AĞLAR

Köçdü yenə yurdundan oba, el – vətən ağlar,
Bir səhv eləsək, səhvimizə bil, vətən ağlar.

Gördükcə vətən mülkünü viran, aman allah,
Sızlar ürəyimdə nə ki var tel – vətən ağlar.

Minlərlə şəhid övladının ruhu önündə,
Göz yaşı olar dalğa-dalğa sel – vətən ağlar.

Gördükmü səmər bir belə ATƏT səfərindən,
Böylə calanar bir-birinə il, vətən ağlar.

Gər cihada yox, ağlamağa qalxsa oğullar,
Bil, onda olar ağı deyən dil, vətən ağlar.

Bəsdir, Oday, at sızlamağın daşını sən də,
Gözündə donan yaşları tez sil, vətən ağlar.