OLMAZ

Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz,
İnnən belə bir ayrı sitəmkar tapım, olmaz!

Haqqa və mürüvvət deyilən ülvi məkana,
Girməkçün, inan, sevgidən özgə qapım olmaz.

İman işığı yollarıma nur ələməkdə,
Bu nurda durum öz yolumu mən sapım, olmaz.

Qəlblərdə barış saxlamağın fürsəti varkən,
Nifrət və ədavət toxumu mən səpim olmaz.

Ülfətdi, məhəbbətdi, inan, ali vəzifəm,
Bundan uca, bundan ötə bir mənsəbim olmaz.

Oday belə bir düstura qail ola bilməz –
Bu işmi ki, sən sevmə, amma mən sevim – olmaz!

ELƏ QOVDUM

Əymə başını sən kədərə, yar, elə qovdum,
Gəlməz bu könül gülşəninə sar, elə qovdum.

Hicran bizi ağlatmaq üçün gəldi də, amma,
Oldu özü aləmlər içrə xar, elə qovdum.

Çox söylədim, aşiqləri üzmə – bu günahdır,
Əl çək bu əməldən, bir utan, ar elə – qovdum.

Yaydı bütün ərşə xəbəri göydə mələklər,
Yəqin ki, sənin də xəbərin var, elə qovdum.

Düşməz ki, ələ bir belə imkan daha, yavrum,
Sən də sağına, həm soluna car elə – qovdum.

Gəldin, Odayın dünyasına nur ələdin sən,
Olmaz ta ona cümlə-cahan dar, elə qovdum.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.