Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim.
─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə yalnız bunları deyə biləcəm. Qayınananızla görüşdüyüm günə qədər barənizdə heç nə bilmirdim. Bilsəm, heç vaxt bu münasibətlərə yol verməzdim. Bir qızın xoşbəxtliyini, səadətini əlindən alacaq qədər vicdansız deyiləm. Başqasının bədbəxtliyi, göz yaşları üzərində xoşbəxtliyimi qurmaram heç vaxt. Narahat olmayın, Raufla münasibətlərimizə birdəfəlik son qoyulub.
Qızın həyəcanla dediyi:
─Əslində elə mən də bu barədə danışmaq istəyirdim, –sözlərinə,
─Raufun həyatından bir dəfəlik çıxıb gedirəm. Sizin xoşbəxtliyinizə mane olmayacam, –deyə cavab verdim.
─Siz məni səhv anladınız. Mən…
─Bizim münasibətlərimiz özü bir səhv idi. Mən bu səhvi düzəltdim.
─Rauf sizi həddindən çox sevir. Sizin də onu sevdiyinizə şübhəm yoxdur.
─Raufla aranıza girdiyim üçün, bilməyərəkdən sizdən onun sevgisini oğurladığım üçün son dərəcə üzgünəm. Səmimiliyimə inanın, belə olmasını istəməzdim.
─Rauf…
─Həyatından çıxdığım kimi, sabah axşam şəhəri də tərk edəcəm. Ondan sonra xoşbəxtliyinizə heç nə mane olmayacaq. Bacarırsınızsa, məni bağışlayın.
─Siz mənə danışmağa imkan vermirsiz!
─Buna ehtiyac da yoxdur. Hisslərinizi anlayıram.
─Amma siz bilməlisiniz ki, …
─Rauf sənə əmanət. Onu xoşbəxt et! Xoşbəxt olun! –deyib masadan qalxdım.
Bu sözləri dediyim ana qədər hələ də qəlbimin dərinliklərində Raufla münasibətlərimizin mümkünlüyünə inanırdım. Dilimdən qopan kəlmələri –dediyim son sözlərimi qulaqlarımın eşitdiyi an, artıq münasibətlərimizin qeyri-mümkün olduğunu anladım. Sevdiyim insana xoşbəxtlik arzu edib onu başqasına əmanət etməklə hər şeyə son qoymuşdum.
********
Fərq etməz nə qədər müddətə, vidalaşmaq son dərəcə ağır duyğudur. Ən əvvəl, evinin daş-divarına nəzər salarsan: bu günə qədər bəlkə heç diqqətini çəkməyən əşyalar belə, sənə o qədər doğma və dəyərli görünər ki bir anda. Nə vaxtsa kənara atıb unutduğun, üstünü toz basmış oyuncağın, ad günlərinə hədiyyə edilmiş kiçik suvenirlər, rəflərdəki kitabların, masanın üstündəki yazıb qaraladığın köhnə dəftərin belə sanki dil açıb sənə nələrsə demək istəyirmiş kimi diqqət kəsilərsən. Sevimli ayını belə bağrına basıb “Darıxma mənsiz. Sənin üçün çox darıxacam” deyərsən pıçıltı ilə. Hər kəsə təsəlli verib, hər şeyin yaxşı olacağına özün qarışıq hamını inandırmağa çalışsan da, ilk özün kövrələr, gizlincə göz yaşlarını silərsən ki, arxanca gözləri qalmasın, səndən narahat olmasınlar. Üzündəki təbəssüm həm dodaqlarına, həm də qəlbinə yük olar.
Mənim üçün darıxmamaları üçün bütün günü deyib-gülməyə çalışır, gələcəklə bağlı elə gözəl xəyallar qururdum ki. Anama zarafatla bundan sonra qohum və qonşuların yanında daha çox hörmətli olacağını deyib, kasıb bir ailənin qızının Almaniyada təhsil almasının necə böyük fəxr olduğunu və qürur hissi bəxş etdiyini bilərəkdən vurğulayırdım.
─Həmişəlik getmirəm ki! Gələcəm də.
─Yad ölkədə təkbaşına necə olacaqsan… Dünyanın o başıdır! Yaxın da deyil ki, biş-düş edib tez-tez yanına gələm…
Güldüm:
─Yaxşı ki də yaxın deyil! Yoxsa bir gündən bir babadan qalma həsir zənbili, səbəti doldurub durub gələrdin. Narahat olma, dövlət bizim təhsilimiz üçün bütün vəsaitləri ayırıb. Heç nəyə ehtiyacımız olmayacaq. Yalnız sizin dualarınıza ehtiyacım olacaq.
Anam və nənəm sözlərimdən kövrəldi. Elə mən özüm də kövrəlmişdim. Onların üzündəki kədərli ifadəni gördükcə, hətta fikrimdən vaz keçmək, bu səfərdən imtina etmək istəyirdim.
Qürbət ölkədə bəlkə də ən çox nənəm üçün darıxacaqdım. Nənəmin boynuna sarılıb əllərindən, üzündən öpməkdən doymurdum. Qoxusunu içimə çəkib özümlə aparmaq istəyirdim. Yad yerdə nənəm qədər kim çəkəcəkdi nazımı mənim… Kim səhvlərimi ört-basdır edib, himayə edəcəkdi məni…
Anam məni bağrına basarkən içimdə qəribə bur duyğu yarandı. Sanki ilk dəfə idi içindəki bütün sevgisini hiss etdirirdi. Qolları arasında sıxıb bağrına basır, arada da “Özündən muğayat ol. Bayıra çıxanda əynini qalın gey. Hava qaralanda küçələrdə tək gəzib dolaşma, qürbət diyardır. Fikrin bizim şəhərə getməsin, oraların adamları bir başqa cürdür, bizimkilərə bənzəməzlər” –deyə öyüd və nəsihətlərindən son anda da əl çəkməzdi. Gülümsədim. Anlayanda ki, anamın danlaqlarını, hər səhər deyintisini eşitməyəcəm, indidən qəribsədim.
Təkidlərinə baxmayaraq, anamın və nənəmin hava limanına qədər məni ötürmək istəyinə etiraz etdim. Hava limanları, vağzal məndə hər zaman kövrək hisslər oyadır. Bu məkanların özündə cəmlədiyi ayrılıq, həsrət qoxan duyğusunu bir də əzizlərimin vidası ilə ağırlaşdırmaq istəmirdim. Buna tab gətirməzdim.
Bacım və yoldaşı ilə görüşüb, anamı, nənəmi onlara əmanət etdim. Söz verdilər ki, onları darıxmağa qoymayacaqlar. Heç kəs baş bəlasını əvəz edə bilməsə də, amma bacımın uşaqlarının nənələrinin başını qatacağına əmin idim. Nəvə şirin şeydir, yorulub əldən düşən iki nənənin bəlkə heç məni xatırlamağa belə vaxtları qalmayacaqdı.
Təyyarəyə minik başladı. Trapın pillələri ilə yuxarı qalxdıqca son dəfə imiş kimi ətrafa boylanıb səmaya, geniş aerodroma nəzər saldım. Ayaqlarımın həqiqətən vətən torpağından üzüldüyünü hiss edincə kövrəldim, kirpiklərimdə donub qalmış yaş az keçmədən yanaqlarıma süzüldü. Vətənimin havasını ciyərlərimə çəkdim. Bacardığım qədər daha çox bu havanı içimə çəkmək, ehtiyac duyacağım günlərə ehtiyat saxlamaq istəyirdim. Hər gün onlarla insanın yanından ötüb keçərkən nə danışdıqlarına, səslərinə diqqət etməzdim. İndi isə tanımadığım, lakin mənə yad olmayan bu insanları daha çox eşitmək istəyirdim. Həmyerlilərimin söhbətləri üçün, öz dilimiz üçün nə qədər darıxacağımı bilirdim. Öz vətənindən üz döndərən, qürbət ellərdə öz xoşbəxtliyini tapmağa çalışan insanları heç vaxt anlaya bilməsəm də, tək olmadığımı, mənim kimi öz millətini, dövlətini, dilini sevən yüzlərlə, minlərlə vətənpərvərlərimizin olduğuna əmin idim. Yaşadığımız müvəqqəti ayrılığın əslində dövlətimizə, insanlarımıza faydalı olacağını anlayan kəslərdən biri kimi mən də özümə bununla təskinlik verirdim.
Təyyarənin pəncərəsindən baxıb harada olduğumuzu müəyyən etməyə çalışırdım. Üstündən uçduğumuz tarlalar, çay və dənizlər xəritədə olduğu kimi görünürdü. Bu qədər yüksəklikdə kiçik nöqtəyə bənzəyən tikililəri gördükcə böyük bir qalaktikanın nə qədər kiçik bir zərrəsi olduğumu anlayır, həmçinin özümü Allaha həmişə olduğundan daha yaxın hiss edirdim.
Stüardessa gülümsəyərək:
─Azərbaycan sərhəddini keçdik, –dediyi zaman kövrəldim, sanki canımdan can ayrılırdı. Geridə qoyduğumuz hər mil məni doğma Bakımdan, vətənimdən uzaqlaşdırırdı. Azərbaycan hava yollarına məxsus təyyarədə olduğumu xatırladıqda isə, bu həsrət azalır, hələ də özümü vətəndə hiss edirdim.
Başımı oturacağa söykəyib düşüncələrə dalmışdım. Üzümə tökülən saçlarımı arxaya verdim. Əlim qeyri-ixtiyari qulağıma toxunduğu zaman sırğamın bir tayını itirdiyimin fərqinə vardım. Üzüldüm. Görünür, həyatda nəyisə qazanmaq üçün yola çıxarkən, sənin üçün dəyərli olanları itirmək şərtdir. Mənim üçün son dərəcə dəyərli olan bu qızıl sırğa nənəmin yadigarı idi, on səkkiz yaşım tamam olarkən mənə bağışlamışdı.
Sırğanın tək tayını bir müddət ovcumda tutduqdan sonra onu da itirməmək üçün çantama qoydum. Üzünə baxmaq belə istəmədiyim telefonu çıxardım. Adət etdiyimdəndir bəlkə, mesaj bölməsinə daxil oldum. Yazdığı mesajların heç birini silməmişdim. Təkrar-təkrar oxuduqca daha da kövrəlirdim. Öz-özümə:
─Hisslərin ən güclüsü ayrılıq imiş! Bildim. Təkcə ailəmi, yaxınlarımı deyil, sevdiyim insanı da sənə əmanət edib gedirəm, Vətən! –pıçıldadım…”
Raufun səsini eşidib fikirdən ayıldım. Bir anlıq hisslərə necə qapılmışdımsa, kafedə olduğumu, onunla üzbəüz oturduğumu belə unutmuşdum.
─Afət! Dinləyirsən məni?
Bir zamanlar sevgisinə alışıb həsrətiylə gecələri sabah etdiyim insana laqeydliklə astadan:
─Mümkünsə, birbaşa mətləbə keç, –dedim.
Rauf nəzərlərini üzümdən çəkmədən əlimi tutdu:
─Sənə deyiləsi o qədər sözüm var ki! Yeddi ildə ürəyimdə yığılıb qalmış sözləri bir neçə kəlmə ilə ifadə edə bilməyəcəm…
─O zaman demək istədiklərini qısa və aydın ifadə et. Vaxtımı alma!
─Bu yeddi il ərzində səni xatırlamadığım, səni düşünmədiyim gün olmadı. Sənsiz yaşanan bu illər ərzində anladım ki, mənim xoşbəxtliyim sənin yanındadır. Səni bir daha itirə bilmərəm, Afət! Gəl, unudaq hər şeyi, sanki arada bu yeddi il olmamış kimi münasibətlərimizi yenidən, qaldığı yerdən davam etdirək.
İllər sonra sevdiyim insanın gözlərinə baxdım. Sevgi ilə dolu gözlərinin səmimiliyinə inanmaq istəsəm də, yaşadıqlarım mənə dərs olmuşdu. Bir daha peşmançılıq hissi keçirməmək üçün bir daha insanların səmimiyyətinə inanmayacağıma and içmişdim.
İstehza ilə güldüm:
─Qaldığı yerdən? Mənə boş ümidlər verib xoşbəxt gələcəyi vəd etdiyin, yoxsa sonuncu görüşdə bütün həqiqətləri etiraf etdiyin yerdən?
─Bir-birimizin əlini buraxmayacağımız, ömrümüzün sonuna qədər bərabər olmağa and içdiyimiz yerdən. Mən sənə verdiyim vədi unutmadım. Səni hələ də sevirəm. Bilirəm ki, sən də məni sevirsən. Bir-birimizi incitməyin mənası yoxdur.
─Bu mümkün deyil!
Əlimdən tutdu, ovcunda sıxdı:
─Niyə, axı, başımın bəlası? Öz əlimizdə deyilmi? Xoşbəxt olmağa gecikmişik, illərin ayrılığından sonra yenidən səadətimizə qovuşmaq haqqımızdır.
Raufun səsindəki səmimiyyətə illər əvvəl olduğu kimi inanmaq istədim yenidən. İllərlə eşitmək istədiyim sözləri həsrətinə dözə bilmədiyim insanın dilindən eşidirdim. Ayağa qalxmaq, boynuna sarılmaq, səsim yetəcək qədər hündürdən onu sevdiyimi söyləmək istəyirdim. Bir anlıq xəyal belə qurmuşdum ki…
Telefon zəngi. Raufa zəng gəlirdi. Masanın üstündəki telefonun ekranına görüşdüyüm həmin qızla boynunu qucaqlayan özü kimi gözəl balaca bir qız uşağının rəsmi və “Günəşim” adı çıxdı. Diqqətlə üzünə baxır, zəngə cavab verib-verməyəcəyini bilmək istəyirdim.
Rauf üzr istəyib masadan qalxmadan, nəzərlərini üzümdən ayırmadan, gözlərimin içinə baxıb gülümsəyərək zəngə cavab verdi:
─Ay caan!… Bir az işlərim var, yubanacam, məni gözləməyin… İşlərimi yoluna qoyub gələcəm… Yox, canım, narahat olma, hər şey yaxşıdır… Nə? Nə deyir? Dəstəyi ver ona görüm… Mələyim mənim! Caaaan! Dilinə qurban!.. Nə alım? Yaxşı, gözəl qızım, gələndə alacam.
Heç vaxt onu belə xoşbəxt görməmişdim. Qızcığazın ətrafa yayılan səsi üzündəki bütün ciddiliyi, gərginliyi aradan qaldırdı, parlayan gözlərində sevinc əks olundu. Hətta səsi belə dəyişdi.
Bir daha özümü alçalmış, təhqir olunmuş hiss edirdim. Bir az əvvəl mənə sevgisini etiraf edən insan mənimlə üzbəüz oturub qarşı tərəflə necə bu qədər sərbəst və rahat danışa, xoşluq edə bilirdi?! Həyasızlığın son həddi idi! Raufun gözlərimin içinə baxaraq utanmadan, çəkinmədən söylədiyi yalanları daha artıq dinləmək istəməyib ayağa qalxdım. Bura gəlib oturduğuma, onu dinlədiyimə, az qala səmimiyyətinə inanıb həyata yenidən başlamaq üçün hər ikimizə şans vermək istəyimə peşman oldum yenidən. Nə yaxşı ki bu zəng vaxtında gəldi! Gözlərim açıldı. Allahıma qurban olum, həmişə zamanında məni agah edir.
Təhqir olunmuş hisslərim yenidən tüğyan etdi. “Başımın bəlası” adlandırdığı qızın xoşbəxt olmağa haqqı yox idi. Bu haqq “Günəşim”kimi adını qeyd etdiyi həmin qadının, xoşbəxt həyat yoldaşı və xoşbəxt ananın haqqı idi, mənim yox! Bir qadının səadətini, bir mələküzlü körpənin ata sevgisini oğurlaya bilməzdim!
Hisslərimə, göz yaşlarıma hakim olmalı idim. Çantamı əlimə alıb bir neçə addım atmışdım ki, qarşıma keçdi. Çantamı əlimdən alıb oturacağın üstünə atdı. Qolumdan yapışıb geri çəkdi məni. Başını tərpətməklə narazı olduğunu və mənə keçib oturmağı işarə etdi. Qolumu buraxmadan tələsik söhbəti bitirməyə çalışdı:
─Yaxşı, canım, dovşan da alacam, barni də… Ananı incitmə, sözünə qulaq as! Get yat! Yat ki tez böyüyəsən… Mən də öpdüm, mələyim.
Çiyinlərimdən tutub:
─Hara gedirsən?
Var gücümlə əlini itələyib:
─Getməli olduğum yerə,–deyə cavab verdim.
Rauf gözlərimin içinə baxaraq səsini yüksəltdi:
─Heç yerə getmirsən! Keç, otur! Söhbətimiz bitməyib hələ!
Mənə təzyiq göstərən, masaya oturtmağa məcbur edən insana nifrət edirdim artıq. Təəssüf hissi ilə başımı buladım:
─Görürəm, heç dəyişilməmisən! Elə həmin Raufsan! Əksinə, daha üzlü, daha həyasız olmusan! Sən necə insansan?!
Əsəbi halda bir qədər də səsini yüksəltdi:
─Afət! Bəlkə susub mənə də danışmağa imkan verəsən!
Hər kəsi unudub qeyri-ixtiyari mən də səsimi yüksəltdim:
─Nə deyəcəksən? Deyiləcək söz qaldı ki?!
Biləyimdən tutub məni saxlamağa çalışırdı:
─Bəlkə sənin mənə deyəcək heç bir sözün yoxdur, amma mənim sənə deyiləcək çox sözüm var…
─Yox! Sənin söz deməyə belə haqqın yoxdur! Narahat olma, mən hər şeyi çox gözəl anladım. Axşam-axşam bu sevgi etirafları ilə nə əldə etməyi düşünürdün? Məni nə hesab edirsən?! Yanlış tanımısan məni! Sənin düşündüyün biri deyiləm! Ayıb olsun sənə!
Əsəbi halda əlinin içini alnına vurdu:
─İlahi! Bir anın içində sən nələr-nələr düşündün! Səncə, mən sənin barəndə elə düşünə bilərəm? Söhbət mənim sevdiyim qızdan gedir e. Görürəm, sən də məni yanlış tanımısan!
─Nə qədər utanmaz, şərəfsiz birisən sən! Heyf, çox heyf! Necə vardın, elə də qalmısan! İnsanlara, qadınlara dəyər verməyi heç vaxt öyrənmədin!
Rauf bir az da əsəbləşdi:
─Cəfəngiyyat danışma! Sözlərinə, ifadələrinə diqqət et! Təhqirlərini xanımlığına və sənə olan sevgimə keçirəm bu dəfə. Amma… unutma, səbrimin də bir həddi var!
─Sən daha betərlərinə layiqsən!
Daha da hiddətləndi:
─Afət!!!
─Nə yaxşı ki bu zəng gəldi! Öz gözlərimlə görüb, öz qulaqlarımla eşitdim hər şeyi! Mən bir yana, səni sevən, inanan qadına hörmət etmirsən, heç olmasa, o gülüzlü körpəndən utan!
Çöhrəsindəki gərgin ifadə birdən yox oldu. Həmişə olduğu kimi sevgi dolu baxışları ilə gözlərimin içinə baxaraq gülümsədi. Gözlədiyimin əksinə olaraq, sözlərim onda tamamilə fərqli duyğular oyatmışdı. Son kəlmələrimlə ona təsir edəcəyimi, bəlkə içindəki vicdan hissini oyadacağımı düşünsəm də, sözlərim təsirsiz qalmışdı. Gülə -gülə soruşdu:
─Öz gözlərinlə, öz qulaqlarınla nəyi görüb, nəyi eşitdin, maraqlıdır…
Üzündəki təbəssümü daha da məni qıcıqlandırır, hövsələdən çıxarırdı. Əsəblərimə hakim deyildim:
─Öz əməllərindən xəcalət çəkmək əvəzinə, hələ bir gülürsən də?!
Çiyinlərimi qucaqlayıb saçlarıma toxundu. Səsində yumşaqlıq hiss olundu:
─Həmişəki kimi yanlış düşüncələr, yanlış qərarlar! Yanlış nəticələr çıxarmağa tələsirsən ömür boyu. –Səsini bir qədər yüksəltsə də, indi bu səsdə mülayimlik, nəvaziş, bir az da məzəmmət duyulurdu, –Sən nə vaxt səbrli olmağı, qarşı tərəfi dinləməyi öyrənəcəksən?!
Əsəbimdən, həyəcandan bütün bədənim əsirdi:
─Toxunma mənə , əclaf!
Əlim havada qaldı. Rauf biləyimdən sıxıb başını yellədi:
─Bir daha buna cəsarət etmə! Xanımlığına hörmət edib keçirəm.
─Yoxsa, nə?
─Heç vaxt heç bir qadına əl qaldırmamışam, sevdiyim insana qarşı heç etmərəm! Amma… heç kəs məni kobud olmağa da vadar etməsin.
Qarşımdakı zabitin əsəbləşib hövsələdən çıxdığını gördükcə, bilərəkdən-bilməyərəkdən onu daha da qıcıqlandırdım öz sözlərimlə:
─Səndən hər şey gözləmək olar!
─Dogru dedin!–deyib qəfil belimi qucaqlayıb məni özünə sıxdı, gözləmədiyim halda dodaqlarımdan öpdü.
Nə qədər dartınsam da, xeyri yox idi. Güclü qollarından xilas ola bilmirdim. Qəzəbli pələng kimi onu parçalamağa hazır idim:
─Sənə nifrət edirəm!
Kefini pozmadan:
─Dəli kimi sevirsən! –deyib gülümsədi. –Dəyişməmisən! Həmin Afətsən! Dilin zəhər kimi acı olmasa sən əqrəb olmazsan ki! Başımın bəlası, etiraf et ki, hələ də məni sevirsən!
Gəldiyimə peşman etmişdi məni. Əlindən xilas ola bilməyəcəyimi anlayırdım:
─Dəlisən sən!
─Aha, dərdindən dəliyəm. Əminəm ki, bu öpüşdən sonra daha heç vaxt məni unuda bilməyəcəksən!
Nə vaxtsa ona vurduğum, yoxsa bu gün vurmaq istədiyim şillənin əvəzini belə çıxmaq istəmişdi, görünür. Əsəb və qəhər məni boğurdu:
─Allah bəlanı versin!
Gülə -gülə:
─Allah bəlamı verib…Qarşıma səni çıxarıb,–dedi, –Günahlarımın cəzasısan! Həm bu dünyada, həm o biri dünyada səninlə bərabər əməllərimin cəzasını çəkməyə hazıram.
Təslim olmaq istəməyən pələng kimi ona müqavimət göstərir, açıq-aşkar çıxıb getmək istədiyimi nümayiş etdirirdim. Yenidən üzünün ifadəsi sərtləşdi. Qolumdan tutub məni masa arxasına oturmağa məcbur etdi:
─Otur!
Etiraf edim ki, üzündən oxunan ciddi və sərt ifadəni gördükcə qəlbimin dərinliklərində ondan artıq çəkinməyə başlayırdım. Daha heç nə deyə bilmədim. Qarşısında xanım olduğunu unutmuşdu, deyəsən. Sanki öz əsgəri ilə rəftar edirdi. Zabitlərin hamısı kobud olurmuş, doğru deyirlər.
Masa arxasına keçib mənimlə üzbəüz oturdu. Şəhadət barmağını qaldırdı:
─Cəmi bircə dəqiqə!Bircə dəqiqə səbrli ol və dinlə! Sonra istəsən gedərsən, səni saxlamayacam.
İradəsinə təslim oldum. Üzümdən nəzərlərini çəkmədən barmağını masanın üstündəki telefonun ekranına toxundurdu. Ekranda yenə həmin şəkil və ad göründü. Telefonun səsini açdı.
İncə bir qadın səsi eşidildi:
─Alo…
─Bayaq əlim toxundu, istəmədən çıxış verdi. Səninlə də sağollaşa bilmədim.
─Eybi yox, canım. Narahat olma.
─Leyla yatdı?
─Rauf dayım mənə dovşan alacaq deyə-deyə qucağımda mürgülədi. Elə indi çarpayısına qoydum. Danışmaq istəyirsən?
─Yox, canım, oyatma, qoy yatsın… Mən əvəzdən mələyimi öp.
─Baş üstə.
─Şəms, yoldaşın yaxındadırsa, zəhmət olmasa, telefonu ona ver…
─Gözlə… Canım, Raufdur, sənə sözü var, gör nə deyir.
Telefondan kişi səsi eşidildi.
─Alo.
─Axşamın xeyir, Ziya… Necəsən, qardaş?
─Şükür. Bir az var işdən gəlmişəm.
─Tapşırdığını almışam, maşındadır.
─Çox sağ ol, Rauf! Neynirsən? Haradasan indi? Dur, gəl bizə. Şəms də, Leyla da bütün günü yolunu gözləyib.
─Yox, qardaş, indi gələ bilmərəm. Bir az işlərim var, yubanacam. Evə gedəndə yolüstü sizə dəyib verərəm.
─Şəmsə gələcəcəyini demisən, o da sənin üçün aşa, şirniyyata qədər hazırlayıb. Gəlməsən, bax, inciyəcək.
─Şəmsin hazırladığı plovdan, şirniyyatdan imtina etməzdim, amma tək deyiləm… Üzrlü bilsin.
─Hm… Şəms deyir tanışını da götürüb gəlsin.
─İnşallah, gələn dəfə.
─Yaxşı, qardaş. Allah işlərini avand etsin. Nə? Nə vəziyyət? Şəms soruşur ki, vəziyyət necədir?
Rauf üzümə baxıb gülümsədi:
─Gələrəm, söhbət edərik.
─Yaxşı.
─Oldu, qardaş. Sağol.
Araya sükut çökdü. Susurdum. Nə deyəcəyimi bilmirdim. Nə qədər çox düşünürdümsə, bir o qədər fikirlərim qarışırdı. Heç bir söz demədən gözlərimin içinə baxaraq soyumuş qəhvədən bir neçə qurtum içdi.
─Niyə susdun? Tələsik nəticələr çıxarmağına səbəb öz gözlərinlə görüb, qulaqlarınla eşitməyin deyildimi? Bəs indi, gözlərin, qulaqların çıxardığın yanlış nəticələri necə təkzib edəcək?
─…
Araya çökmüş sükutu yenə də özü pozdu:
─Mən evli deyiləm. Heç vaxt da evli olmadım. Yeddi ildir ki, subay zabit həyatı yaşamağa davam edirəm.
Nəzərlərim masanın üstündəki telefonun ekranında ilişib qalmışdı. Öz-özümə:
─“Bəlkə yanılıram, bəlkə bu başqa qızdır, o deyil,”–düşünürdüm. Gözəlliyinə həsəd duyduğum, Raufa qısqandığım qızın üzünü hələ də xatırlayırdım. O idi, özü idi. Telefonun ekranında da, anasının mənə göstərdiyi şəkildə də eyni qız idi –universitetin bufetində mənimlə üzbəüz oturub söhbət edən həmin qız…
Rauf sanki fikirlərimi oxuyurdu:
─Bilirəm nə düşünürsən, –deyib telefonu əlinə aldı. Günəş adlandırdığı həmin qızın yoldaşı və qızı ilə olan başqa bir şəklini ekran boyu böyüdüb mənə uzatdı, –Özüdür. Şəmsdir. Mənim uğruna canımı belə verməyə hazır olduğum həmin qızdır. Uşaqlıqdan hamı onu əzizləyib “Günəş” çağırır. Bu isə onun həyat yoldaşı Ziyadır. Bu da onların qızı –mənim beş yaşlı mələyim Leyla…
Raufun səmimiliyin qarşısında deməyə söz tapmırdım.
─Bu illər ərzində düşünməyə, baş verənləri dəfələrlə təhlil etməyə o qədər zamanım olub ki… Əslində sənin hisslərini də gözəl anlayıram. Sən doğru hesab etdiyini etdin. Özünə hörmət edən hər bir vicdanlı qız məhz sənin kimi hərəkət edərdi… Amma… Sən, axı, məni az-çox tanıyırdın! Qəlbin səni sevdiyimi, sənə yalan demədiyimi hiss etməli idi! Səmimiyyətimə inanmalı idin. Məni dinləyə bilərdin! Dinləmək istəmədin…
─Bir insanı tanımaq üçün bəzən bir ömür belə yetməz!
Rauf sözlərimlə razılaşmadı:
─Doğru deyil! İnsanları tanımağı bacarmayanların uydurmasıdır! Mən sənə inandığım qədər, mənə inana, güvənə bilərdin. Ayrılmağımızın səbəbkarı sən oldun! Tərsliyin, inadkarlığın oldu. Mənə güvənməməyin oldu.
─Mən biləndə ki…
─Hər şeydən xəbərim var. Anamla görüşdüyünüzdən, aranızdakı söhbətdən xəbərim olmamışdı. Mənə hər şeyi Şəms danışdı. Sonra da anam etiraf etdi.
Yenidən araya sükut çökdü.
Dalğın görünürdü. Arabir üzümə gülümsəyir, sonra yenə fikrə gedirdi. Raufun diqqəti məndə, mənim isə diqqətim pəncərədən üzüaşağı süzülən yağış damcılarında idi.
─Sən çıxıb getdikdən sonra səni unutmağa çalışdım. Qarşıma çıxan hər kəsdə səni görürdüm. Anladım ki, səndən başqa heç kəsdə öz xoşbəxtliyimi tapa bilməyəcəm. Bəlkə bir gün qarşıma yenidən çıxarsan deyə, dəfələrlə dəniz kənarına endim. Səni görmək ümidi ilə səhər-axşam İçəri şəhərdə tək-tənha nə qədər gəzib dolandım. Öz istəyimlə təyinatımı alıb Bakıdan getdim. Geri qayıtdığım gün yenə də ayaqlarım məni çəkib dəniz kənarına gətirdi. Səni görmək ümidi ilə gəzib dolaşırdım. İçimdə bir səs səni görəcəyimi söyləyirdi mənə. Hissiyyatım məni yanıltmadı. Qarşıma çıxdın o gün. Yenicə ayaq açan körpənin əlindən tutub gəzdirirdin. Aralıdan xeyli sizi izlədim. Ailə qurduğunu, xoşbəxt bir ana olduğunu düşünüb, daha həyatında mənə yer olmadığını anlayınca üzgün halda oradan uzaqlaşdım.
─Bacımın oğludur, –sakitcə bildirdim.
Gülümsədi:
─Mən də sənin kimi yanlış nəticə çıxarmağa tələsdim.
Özlüyümdə:
─Bəs necə oldu ki, evli olmadığımı öyrəndin?–düşünüb ona sual vermək istəyirdim ki, məni qabaqladı:
─Başqa bir yerə təyinat almaq fikrində idim. Hətta ərizəmi belə yazmışdım, təkcə nazirliyə aparmaq qalırdı. Şəms zəng edib həyacanla təcili görüşmək istədiyini bildirəndə ağlımdan min fikir keçdi, Leylaya nəsə olduğunu düşündüm, tələsik özümü onlara necə çatdırdığımı belə xatırlamıram. Qapıdan içəri girən kimi Şəms elə Ziyanın yanında boynuma sarılıb, üzümdən öpdü. Sevincək “Afət ailəli deyil. Həyatında heç kəs yoxdur. Tanış birindən barəsində hər şeyi dəqiq öyrənmişəm. Bu dəfə də şansını əlindən qaçırsan, daha bəxtinə küs!” dedi. –Güldü. –Şəms mənim mələyimdir! Günəşimdir! Onun qədər məni anlayan, mənə dəstək olan ikinci bir insan yoxdur! O qızın etdiyini bəlkə heç kəs etməzdi ki, o, etdi. O, olmasaydı, bu gün səninlə belə üzbəüz otura bilməyəcəkdik. Başqa biri olsa, qəlbində mənə qarşı kin saxlardı.
─…
Qısa bir zaman ərzində Rauf fikrindən, ürəyindən keçənlərin hamısını bölüşmək istəyirdi sanki:
─Şəhərdə olmadığım həmin ərəfədə anamgilin onlara elçi getdiyinə, razılığım olmadan barmağına üzük taxdıqlarına görə qızın qarşısında özümü günahkar bilirdim. Vicdan əzabı çəkirdim. Bir qız üçün nişanın pozulmasının nə qədər ağır olduğunu, nə kimi söz-söhbətlərə səbəb ola biləcəyini bildiyim üçün, canımdan çox sevdiyim insanı üzmək istəmirdim. Elin qınağından çəkindiyim üçün, ailələrimizin yaxın olduğu üçün deyil, onun dillərə düşməsini istəmədiyim üçün heç cür söz aça, sənə olan hisslərimi etiraf edə bilmirdim. Bir də nəzərə al ki, onun atası nəinki atamın ən yaxın dostudur, həm də mənim üçün ata əvəzidir. Mənim hətta deməyə belə cəsarət etmədiyimi, Şəms etdi. Bu söhbətin nə qədər çətin və ağır olduğunu təsəvvür et. Bilirsən, o nə etdi? Öz hisslərimi, başqa birisini sevdiyimi etiraf edəndə, məni çox sakit və anlayışla qarşıladı. “Heç bir qız səni mənim əlimdən ala, məni sənin ürəyindən çıxara bilməz onsuzda!”, –deyib boynuma sarıldı. Gözləri dolmuşdu. Heç vaxt ürəyini sındırmaq istəmədiyim qızın gözündəki yaşı görüncə özüm də kövrəlmişdim. “Sən sevginə sahib çıx! Narahat olma, mən atamla danışıb hər şeyi yoluna qoyaram. Heç kəs də bu nişanın sən tərəfdən pozulduğunu bilməz. Qoy bu bizim sirrimiz olsun” –deyib məndən söz aldı ki, sevdiyim qızı yarıyolda buraxmayacam, xoşbəxt edəcəm.
Nə gizlədim, Raufu dinlədikcə, Şəms barəsində necə gözəl sözlər dediyini eşitdikcə, ona nə qədər dəyər verdiyini gördükcə, ona acığım tuturdu. Qısqanırdım… Qız öz sözlərində haqlı idi. Hətta mənə olan sevgisi belə onu Raufun qəlbindən çıxara bilməmişdi. Düşündükcə anlayırdım və özümə etiraf edirdim ki, mən heç vaxt Şəmsin fədakarlığını edə bilməzdim. Onun kimi olmağı bacarmazdım. Yəqin elə bu fərqimizə görə də, Rauf onu həmişə özünə ən yaxın biləcəkdi. Heç bir kəs, hətta mən belə Şəmsin yerini tuta bilməzdim Raufun qəlbində.
Rauf gözlərini məndən çəkmirdi. Əlimi ovcunda sıxıb dodaqlarına yaxınlaşdırdı:
─Demişdim axı, bütün yollar Romaya apardığı kimi, hara getsən, əlimdən hara qaçsan da, onsuz da gec, ya tez bir gün səni mütləq nikah masasına oturdacam. –İllər əvvəl cibində gizlətdiyi həmin üzük qabını açıb masanın üstünə qoydu, –Təklifim hələ də qüvvədədir. Qarşında oturmuş bu zabitlə bütün həyatını hərbi nizamnaməyə uyğun yaşamağa razısan? Düşünmək, fikrindən vaz keçmək üçün xeyli vaxtın olub. Nə deyirsən?
Hava sakitləşmişdi. Bayaqkı havaya bənzəmirdi heç. Narın yağan yağış da sanki bu axşam başqa idi. Dənizdən əsən xəfif yel də təlatümlər qopartmaq fikrində deyildi. Lakin noyabr soyuğu hələ də canımı üşüdürdü. Bu sakit və soyuq payız axşamının sonuncu olmayacağına, qarşıda neçə belə payız aylarını yola salıb, neçə yazı, baharı qarşılayacağımıza isə əmin idim.
EPİLOQ
Dəniz… Təlatümlü, hərdən də çox sakit, mehriban dəniz… Gözəlliyindən zövq almaq, qoxusunu içinə çəkmək, bəzən də mənim kimi birilərinin öz qəlbindəkiləri bölüşmək üçün getdiyi tək ünvan… Özündə nə əmanətlər, nə sirlər saxladı bu günə qədər. Müdrik bir qocaya bənzədirəm onu. Hər kəsi dinlər, heç kəsə sirrini verməz. Pıçıldayan ləpələri, şahə qalxan dalğaları ilə bəzən səninlə söhbət etmək istər. Onun biz insanlara deyiləcək o qədər sözləri var ki! Sadəcə onu dinləməyi bacarmaq lazımdır. Diqqətli olsan, nə demək istədiyini, şübhəsiz ki, anlaya bilərsən. Nələr görmədi, nələrə şahid olmadı o. Dünyanın, zamanın gərdişləri gözü qabağında olub keçdi.
Dəniz… Sevgisinə qovuşa bilməyən aşiqə də bənzədirəm onu. Üfiq xəttində sanki qovuşduqlarını zənn etsən də, heç vaxt qovuşmazlar. Bəlkə də, elə buna görə bütün aşiqlər ona pənah aparır. Axı, o da tənhadır. Gündüzlər necə olsa, vaxtı keçir. Bəzən birilərini müşahidə edir, birilərini dinləyir, başqa birisinə pıçıldayaraq nəsə demək istəyir, arada da yaşlı insanlar kimi bir neçə saniyəliyə mürgü də vura bilir. Gecələr isə, insanların əl-ayağı dənizkənarından yığışdıqdan sonra heç vaxt qovuşa bilməyəcəyi Səmanı səslər, gah öz sevgisindən söz salar, gah da yorğun –yorğun şikayətlənər.
Fəsildən asılı olmayaraq, hər gün dəniz kənarında gəzişmək adət halını aldığından yolumu mütləq burdan salardım. Seyrinə dalar, səsini dinlərdim. İçimə çəkdiyim ətri, qoxusu ruhuma təravət, təzəlik bəxş edərdi.
─Dəniz! –deyə həyəcanla çığırdım.
Dəniz kimi mavi gözləri, günəş kimi qızılı saçları olan, hər dəfə əlimdən dartınıb qaçan bu dəcəl və şıltaq qız mənim Dənizimdir. Tanışlığımıza səbəb, sevgimizə şahid olan dənizimizin şərəfinə onu belə adlandırmışıq. Axı, bir ömür sevəcəyim insanla görüşməyimə səbəb o idi. Sevgimizin, yaşadığımız acıların şahidi olduğu kimi, xoş günlərimizin də şahidi edə bilmişdik onu.
Bir zamanlar tənhalığımı bölüşdüyüm, sirlərimə ortaq etdiyim dənizdən öz əmanətlərimi geri almışdım. İllərlə arxasıyca göz yaşı axıtdığım həmin zabit bir daha heç vaxt əlimi buraxmayacağına əmin olduğum həyat yoldaşım idi artıq. Xoşbəxt ailəmiz, dəniz kimi mavi gözlü Dəniz qızımız vardı. Bir neçə aydan sonra doğulacaq körpəmizə də ad seçmişdim. Raufa hələ deməsəm də, doğulacaq qızımın adını xoşbəxtliyimizə səbəbkar olan Günəşimizin şərəfinə Şəms qoymağı düşünürdüm.
Bəli, bəli, bir zamanlar gözəlliyinə həsəd apardığım, Raufa qısqandığım həmin qız, indi mənim –ömründə heç bir rəfiqəsi olmayan Afətin ən yaxın rəfiqəsi idi. Bütün sirlərimi onunla bölüşür, hər işdə onunla məsləhətləşirdim. Raufun məndən daha çox dəyər verib, qəlbində ona xüsusi yer ayırdığını düşünüb, sevgisini məndən oğurlayacağını zənn etdiyim qız, indi qəlbimdə özünə elə yer etmişdi ki, Rauf özü də mehribançılığımızı qısqanmağa başlamışdı.
Rauf haqqında bilmədiyim çox həqiqətləri Şəms mənə danışdı. Anası ilə görüşməyimizi də, ölkəni tərk edəcəyimi də Raufa Şəms xəbər veribmiş. Arxamca aeroporta gəlib məni dayandırmaq, yarı yoldan qaytarmaq üçün hərbi hissəni iznsiz tərk edən zabitin məsuliyyətə cəlb olunmasına onun qədər həyəcan keçirən, üzülən, göz yaşı axıdan ikinci insan olmamışdı bəlkə. Raufu məsuliyyətə cəlb edilməkdən, az qala həbsxanaya düşməkdən xilas edən də elə Şəmsin atası olmuşdu.
Raufla ailəsi arasında uzun illər davam edən gərgin, incik münasibətlərə də son qoya bilmişdim. Atası məni doğma qızı kimi sevir, övladlarından ayırmırdı. Anasına gəldikdə isə, evdə onun qədər qayğıma qalan, nazımı çəkən yox idi. Onun timsalında bir ana qazanmışdım özümə. Valideynlərimin yoxluğunu heç vaxt hiss etdirməzdilər mənə. Rauf işdən gec gələndə, ya da aramızda kiçik söz-söhbət olanda oğlunu tənbeh edər, həmişə də mənim tərəfimi saxlardı. Məni hər zaman himayə edən, qoruyan nənəmi də Dənizimin nənəsində tapa bilmişdim.
Anam demişkən, təyyarədə bir tayını itirdiyimi zənn etdiyim həmin sırğaları anamdan, nənəmdən bir xatirə kimi saxlayıram, qulağımdan çıxarmıram. Sən demə, qapı ağzında vidalaşarkən, sırğa qulağımdan açılıb anamın çiyninə saldığı şalına ilişibmiş. Təhsil aldığım müddət ərzində anam hər dəfə mənim üçün darıxanda onu ovcuna alar, sanki məni əzizləyirmiş kimi əzizlərdi. Mənim üçün son dərəcə dəyərli olan bu sırğaları mən də on səkkiz yaşı tamam olanda qızım Dənizə hədiyyə edəcəm.
─Ana! Bax! –Qızım əlində tutduğu zanbaqla qarşıma qaçdı.–Gör, nə gözəldir!
─Hə, canım, gözəldir. Sənin kimi gözəldir, –deyib qızımın mənə uzatdığı çəhrayı zanbağı əlindən alıb üzündən öpdüm.
─Atamın əlində yenə zanbaq var, –deyə qızım yenidən əlimdən dartınıb bir qədər aralıda dayanmış atasına tərəf qaçdı.
Rauf boynuna sarılan qızımızı qucağına alıb mənə yaxınlaşdı. Əlindəki zanbaq dəstəsini mənə uzadıb çiyinlərimi qucaqladı. Ata-balanın üzümə toxunan isti nəfəsi, əllərinin hərarəti, yanaqlarımdakı öpüşləri bir qadının, bir ananın xoşbəxtliyinin ifadə olunmayacaq sözsüz kəlmələri idi.
Hə, bir də sevgimizin şahidinə, elçisinə çevrilən bu zanbaqlar…
SON
İLAHƏ İMANOVA
BAKI, 30 aprel -27 may, 2017 –ci il