İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “İstanbul-Azərbaycan Mədəniyyət Evi” dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, konfransda İctimai Birliyin sədr müavini Cavid İsmayıl AXC-nin tarixindən, Türkiyə-Azərbaycan arasındakı əbədi dostluq əlaqələrindən, birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihələrdən söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova AXC-nin müstəsna nailiyyətlərindən danışıb. O, məhz Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib.
Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən F.Əhmədova müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.
Vurğulanıb ki, Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar atıb, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara bu hüququ verib.
“Cümhuriyyətimiz dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur”, – deyə alim vurğulayıb.
Konfransda çıxış edən “İstanbul-Azərbaycan Mədəniyyət Evi”nin sədri Hikmət Elp Qafqaz İslam Ordusunun yaradılması haqqında məlumat verib.
Bildirilib ki, Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürüb. O, Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil edib, Azərbaycanın milli hərbi hissələrini birləşdirib. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlib, Azərbaycan hökumətinin və xalqının dəstəyi ilə onun komandanlığı altına olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçiblər.
Natiqlər bildirib ki, bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən isə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam və 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi oldu. Sözsüz ki, bu, çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.
Çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdikləri layihələrdən söhbət açıblar.
Mənbə: https://azertag.az