İYİRMİ BEŞ İL
Ömür yoldaşıma
Elə bil dünəndir Sabir bağında
Çıxdın qabağıma ağ çiçək kimi.
Elə bil dünəndir, ağ paltarında
Qondun evimizə kəpənək kimi.
Nə tez başa gəldi iyirmi beş il?
Balalar yetişir, qocalırıq biz.
Nələri itirdik – qayıdan deyil,
Görəsən, nə imiş bəs qazancımız?
Sönməmiş könlümün odu, həvəsi,
Balalar səslənir: “Bəsindir dayan!”
Oğlumuz toy umur, bizim toy səsi
Hələ getməmişkən qulağımızdan.
Bu necə dünyadır? Yolu bir qarış,
Ayıra bilmirsən çoxunu azdan…
Həzzindən, zövqündən hələ doymamış
Çəkirlər süfrəni qabağımızdan.
Bu necə dünyadır anlamıram mən,
Nə gəliş bəllidir, nə gediş bizə.
Xəbərimiz olmur gəlişimizdən,
İnana bilmirik getməyimizə.
Vurduq bir zindana iyirmi beş il,
Ötdü günlərimiz ağlı-qaralı.
Sənin duyğuların – bir nəğməli göl,
Mənim duyğularım min macəralı…
Sən nə dalğalandın, nə çalxalandın,
Haldan-hala düşdüm mən hər dəm, gülüm,
Sən məni bir dəfə sevib dayandın,
Mən səni hər rəngdə sevirəm, gülüm.
Daş atdım,
Əlimdən çıxdı bir xata.
Bulana-bulana yenə duruldun.
Könlümdən keçəni duymadınsa da,
Ömrümə, günümə havadar oldun.
Düşdü yuvamıza, düşdü qan-qada,
Başımız üstündə ildırım çaxdı.
Səsimiz, nəğməmiz bir olmasa da,
Suyumuz, selimiz bir arxdan axdı.
Ata ocağının qələmdən çıxan
Çörəyi mənəmsə, ürəyi sənsən.
Başmda çal-çarpaz ildırım çaxan
İsti yuvamızın dirəyi sənsən.
Mənim xəyallarım uçdu havada
Sən məni göylərdən endirən oldun.
Bizim qurduğumuz isti yuvada
Fəhlə mən oldumsa, usta sən oldun.
Elə ki, bəxtimin gözü yumuldu,
Yoluma nur saçan çilçıraq oldun.
Mənim nəşələrim özümün oldu,
Ancaq dərdlərimə sən ortaq oldun.
Başıma dolanan dərd-sərimin
Odunu qəlbindən keçirən oldun.
Səndən gileylənən şeirlərimin,
Sahibi mən oldum, qulu sən oldun.
Yanıb yaxılanda şeirim üçün mən,
Sən elə bildin ki, gizli qəmim var.
Ayrıla bilmədin öz aləmindən
Bilmədin, mənim də öz aləmim var.
Gülüm, aynasıdır üzüm, üzünün,
Məni əldən saldı axtarışlarım.
Üzünə əks etdi mənim günbəgün,
Üzümdə açılan sərt qırışlarım.
Fikrim dərə keçdi, təpələr aşdı,
Ardımca bir addım gəlmədin ancaq.
Sən məni dindirdin,
Dilim danışdı,
Şerimi dindirə bilmədin ancaq.
Ötdüyün mahnını bir yol çaşmadın
Mən çaşdım…
Dərədən boylandım dağa.
Öz könül mahnını sən çalışmadın,
Mənim iniltimə uyuşdurmağa…
Elə bil dünəndir, Sabir bağında
Çıxdın qabağıma ağ çiçək kimi.
Elə bil dünəndir, ağ paltarında
Qondun evimizə kəpənək kimi.
Aradan nə keçdi? İyirmi beş ildə
Qara saçımızda ağardı illər!
Təkcə istəyimiz qaldı könüldə,
Qalan nə vardısa, apardı illər.
İndi xəyal yorğun, könül şikəstə…
Gəncliyi dadmamış qocalırıq biz.
Övlad qayğısında, bir murad üstdə
Birləşir uyuşmaz nəğmələrimiz.
Eyni yük altında neçə yoxuşu,
Arzumuz, qəsdimiz birgə aşıbdır.
Özgə budaqların iki yad quşu
İndi bir budaqda doğmalaşıbdır.
Budağın eşqinə darda, çətində
Nəfəsin könlümə qol-qanad vermiş.
Zaman ötüşdükcə
Məhəbbətin də
İlk rəngi, ilk dadı dəyişilərmiş.
Demə qocalmısan, gülüm, doğrusu
Mənimçün bir az da sonalaşmısan.
Balamın anası, nə sirrdir bu?
İndi mənimçün də analaşmısan.
Dekabr, 1974
İNSAN – GÖYDƏ AY KİMİDİR
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan – göydə Ay kimidir,
Görünməyən tərəfi var.
İyun, 1978
GƏLİR
Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.
Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
Sentyabr 1961
ƏSARƏT-AZADLIQ
Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qibləsiz qıldıq.
İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.
Azadlıq rəhmdən, insafdan da biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız, rəhmsiz,
Qəddar talançısı özümüz olduq.
Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah xofundan.
İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək…
17 avqust, 1996.