ÖMRÜM
Çәkmәlisәn, çәk yükünü dünyanın,
Şair ömrüm, ozan ömrüm, hac ömrüm.
Ömrü boyu qәm sarıdan gözü tox,
Bu dünyanın sevincinә ac ömrüm.
Kimdi qalan bu dünyada әbәdi,
Mәhәbbәtdi insanlığın mәbәdi.
Qәmli könlüm mәndәn ötrü Kәbәdi,
Öz dәrdiylә dәrdlilәrә tac ömrüm.
Vaxtımızı qovur saat, qovur an,
Vaxt özüdü ömrü göyә sovuran.
Öz içimi öz yağımda qovuran,
Kösöv ömrüm, ocaq ömrüm, sac ömrüm.
Dada çatmır Mәkkә, Mәşhәd, Kәrbәla,
Harda olsa mәni tapır hәr bәla.
Mәndәn ötrü göy bәladı, yer bәla,
Heç almadım bu dünyadan bac, ömrüm.
BƏNZƏTMƏ
Şair dostum Musa Yaquba
Qardaşıma bir bәnzәtmә tapmışam,
Musa Yaqub dağ kәlinә bәnzәyir.
Başı zirvә, döşü yamac, özü dağ,
Şeriyyәtin heykәlinә bәnzәyir.
Qızıl qaya, yaşıl çәmәn, göy meşә,
Qayalarda baş-başadır, döş-döşә.
Kövrәlәndә boynu bükük bәnövşә,
Kükrәyәndә dağ selinә bәnzәyir.
İlham ona, o ilhama anadı,
Tәbiәtdi duyğusunun qanadı.
Nәğmәlәri sığallanmış sonadı,
Hәr misrası bir gәlinә bәnzәyir.
Bir çiçәkdi, tәravәtin dilidi,
Halallıqdı, lәyaqәtin dilidi.
Danışdığı tәbiәtin dilidi,
Süleymanın quş dilinә bәnzәyir.
Acı deyil şan-şöhrәtin, ad-sanın,
Dalğasıdı söz adlanan dәryanın.
Bir gözü tox balasıdı Şirvanın,
Öz yurduna, öz elinә bәnzәyir!
TORPAQ
Bax buna deyәrәm torpağa sevgi,
Sevәndә torpağı belә sevәrlәr.
Güvәnib gövdәyә, bağlanıb kökә,
Ağacı, yarpağı belә sevәrlәr.
Burnunda çiçәyi, gülü qorunar,
Altında mәxmәri, tülü qorunar.
Ətәyi yellәnәr, әli qorunar,
Bar verәn budağı belә sevәrlәr.
İpә dә, sapa da, çöpә dә sevgi,
Bu dağ da, bu daş da, tәpә dә sevgi.
Dalğa da, damla da, lәpә dә sevgi,
Çeşmәni, bulağı belә sevәrlәr.
Halal zәhmәtindәn bar dәrә-dәrә,
Xalqın taleyini tutarlar zәrә.
Yurdunda bir cәnnәt yaradıb hәrә,
Hәr küncü-bucağı belә sevәrlәr.
Yaşıl tarlasında alaq görmәdim,
Qara yollarında yalaq görmәdim.
Nә gördüm bütövdü, calaq görmәdim,
Qurulan növrağı belә sevәrlәr.
Çöllәrә baxıblar, çöllәr varlanıb,
İsti baxışlardan gül xumarlanıb.
Əllәr sığal çәkib, daş tumarlanıb,
Yurd adlı çırağı belә sevәrlәr.
Allahı qanundu, tanrısı qayda,
Gözü yox heç kәsin verdiyi payda.
Dövlәtsiz dövlәtdәn kimә nә fayda,
Sәrhәdi, bayrağı belә sevәrlәr!
SİZİ QINAMIRAM
Bu əsəri mənə Xocalı dərdi,
Şuşa əzabı, Laçın ağrıları yazdırıb.
Sizi qınamıram ay Xocalılar,
Sizin başınızda şimşək oynadı.
Sizin başınızda dumanlar oldu,
Millətin dağ boyda fəlakətinə,
Gözünün ucuyla dönüb baxmayan,
Nazlanıb gözünü yumanlar oldu!
Mən qurban görmüşdüm qoçdan, quzudan,
Mən qurban görmüşdüm qoyun qurbanı.
Bir belə milləti, bir belə xalqı,
Gör kimlər elədi oyun qurbanı.
Ay Laçın! Yaralı canına qurban,
Ay Şuşa! Ağlama boyuna qurbanı!
Namussuz olanın nə vecinədir,
Harda namus gedir, harda ar gedir.
Hələ tapammırıq oyunçuları,
Ortada şıdırğı bir qumar gedir.
Laçın qayıtmasa Laçınlığına,
Şuşa qayıtmasa Şuşalığına,
Min dəfə şübhəm var, tərəddüdüm var
Bugünkü bəylərin bəy olmağına!
Bu gün paşaların paşalığına!
Vaxtında yumasaq günahımızı,
Goru çatlayacaq babalarımın,
Sultan bəy Laçından baş qaldıracaq!
Pənah xan Şuşanın qalası boyda,
Bizim başımıza yağdırmaq üçün
Qaya uçuracaq, daş qaldıracaq!
Yerin ağırlığı, göyün ləngəri,
Sıxıb xıncım-xıncım əzəcək bizi.
Çox əllər tutacaq çox yaxalardan,
Ruhlar addım-addım gəzəcək bizi!
Ruhlar deməyəcək günah kimdədi,
Həkimdə, şairdə, ya həkimdədi.
Ruhlar deyəcək ki, düşünəcək ki,
Dünyanın düz vaxtı bu yer üzündə
Xocalı adlanan qırğın olubsa,
Bir nəsli qırıbsa oğul-uşaqlı,
Qıranlar özünə vurğun olubsa,
Cavanlar yollarda pələsəng olub,
Qocalar çöllərdə yorğun olubsa,
Tək bircə nəfərin bu xalq içində,
İsməti, namusu ləkələnibsə,
Bir Vətən övladı, bir Vətən qızı,
Ağrılar əlində yeddi qat olub,
Düşmən sevincindən yekələnibsə,
Məğrur bir dədəni kimsəsiz görüb,
Bir gədə üstünə kəkələnibsə,
Belə bir Vətənin vətəndaşları,
Yersizdi üstündə yaraq gəzdirə!
Artıqdı başında papaq gəzdirə!
Belə bir torpağın adamlarına,
Yüz dəfə, min dəfə haqlıdı düşmən,
İt kimi yal tökə, yalaq gəzdirə!
Allah! Görünməmiş möcüzə göstər,
Qaldır bir anlığa Xanı məzardan.
Diriynən ölünü üz-üzə göstər,
Qurtarsın yatanın canı məzardan.
İxtiyar vaxtında, qoca yaşında,
Qəlyan damağında, papaq başında,
Qoy görsün Şuşası nə günə düşüb!
Ellər tamaşası nə günə düşüb!
“Qırmızı qoftalı, yaşıl tumanlı,
Şuşanın dağları başı dumanlı”,
Bu ulu mahnını mənim Xan babam,
Oxumaq istəsə oxuya bilməz!
Ancaq qan qoxuyar onun nəfəsi,
Yəqin ki, gül-çiçək qoxuya bilməz!
Oxumaz, qavalı daşlara çırpar!
Oxumaz, başını daşlara çırpar!
Səni and verirəm qadir Allaha,
Oxuma, ay Qədir, oxuma daha!
Cabbardan ayıbdı, Xandan ayıbdı,
Natəvan ağlayıb göz yaşı tökür,
Şəhəri dağılıb, ondan ayıbdı!
SƏN NİYƏ QALDIRDIN
YUXUDAN MƏNİ?
Sәn niyә qaldırdın yuxudan mәni,
Rahatca göylәrdә uçub gedirdim.
Qara buludları, ağ ulduzları
Mәrtәbә-mәrtәbә qucub gedirdim.
Ucalıq eşqinin başqa sehri var,
Orda dәrd yox imiş, әlәm yox imiş.
Yuxuda gördüm ki, qәmsiz, qayğısız,
Uçmaqdan müqәddәs alәm yox imiş.
Arzular qanadı, ümidlәr göyü,
Salar bu dünyaya nәzәr, qayıdar.
Merac gecәsi var şair ömrünün,
Dünyanı başabaş gәzәr, qayıdar.
Sәs-sәs, nәfәs-nәfәs ömrü boyunca,
Kövrәk duyğulara hoparmış insan.
Yüzillik hәyatda görmәdiyini
Bir anlıq yuxuda taparmış insan.
2000, 10 aprel