MƏNİM FƏLSƏFƏM

Düyünlü sözlərdən heç gəlməz xoşum,
Aydın həqiqətdir mənim fəlsəfəm.
Vətənə, millətə, qardaş ellərə
Dərin məhəbbətdir mənim fəlsəfəm.

Dumanlı arzular, xam xəyal deyil,
Şan-şöhrət uğrunda qalmaqal deyil;
Fitnə-əsad deyil, puç amal deyil,
Haqdır, ədalətdir mənim fəlsəfəm.

Mən çox bəlalara gərmişəm sinə,
Haqqı yazmamışam heç vaxt tərsinə.
Ulu babaların yaxşı irsinə
Əbədi hörmətdir mənim fəlsəfəm.

Mənasız ədavət nəyimə gərək,
Dar gündə mal-dövlət nəyimə gərək,
Acizlik, ətalət nəyimə gərək,
Hünərdir, cürətdir mənim fəlsəfəm.

Xalqımın şöhrəti tutub cahanı,
Odur dilimdəki mahnımın canı.
Məslək düşməniylə döyüş zamanı
Yalnız rəşadətdir mənim fəlsəfəm.

Gərək son verilsin hər fəlakətə,
İnsanam, düşmənəm zülmə, vəhşətə;
Azadlıq aşiqi bəşəriyyətə
Can-başla xidmətdir mənim fəlsəfəm.

Zəhmətsiz bir ömrün nə mənası var?
İnsana zəfərsiz yaraşmaz vüqar.
Qardaşa, yoldaşa, dosta etibar,
Düşmənə nifrətdir mənim fəlsəfəm!

ANA ÇÖRƏYİ

Bu bağın başqa gözəllikləri var,
Boylanıb incə çiçəklər, otlar.
Oxşayır bir daha şair gözümü,
Burda sərbəst sanıram mən özümü.
Günəşimdən yenə qüvvət alıram,
Nə verirsə bu təbiət, alıram.
Neçə aydır ki, şəhərdən uzağam,
Su, hava, meyvə cəhətdənsə toxam.
Deyirəm mahnı yaşıl meynələrə,
Üzümü bəlkə bu yay bollu verə!
Yaşamaz, olmasa insanda inam,
Hələ sağdır qoca, ağbirçək anam.
Əlləşir eşq ilə mətbəxdə yenə…
Qocalar gəlməsələr bağ yerinə
Bir çox işlərdə biz aciz qalarıq,
Nə deyim, dadlı yeməksiz qalarıq.
Ana! Hər yerdə yetirsən köməyə,
Bələdəm sən bişirən hər xörəyə.
Yenə düşmüş başıma isti çörək,
Sözümü sən yerə, gəl, salma görək.
Ana can! Təndirə doldur odunu
Seyr edək təndirinin gur odunu.
Çək, tez ol kibriti, yansın təndir,
Bir qızıl rəngə boyansın təndir.
Göyə qalxsın bacamızdan tüstü,
Yığılaq dövrənə axşamüstü.
Qulaq as gör sənin ilkin nə deyir:
Sən məhəbbətlə yoğurduqca xəmir
Bu işindən, ana, ləzzət alırıq,
0 arıq əllərə heyran qalırıq!
Kəs, totuq kündələri, düz tabağa,
Canımız qoy sənə olsun sadağa.
Sənə zəhmətsə də, tez kündəni yay,
Yay, naxış vur, ana can, təndirə yap.
Yox, yanıldım, mənə bir an qulaq as,
Bəzə ancaq onu xaşxaşla bir az.
Bənzəsin bir qədər ulduzlu göyə,
Hər görən söyləsin əhsən çörəyə!
Görürəm kündələrin bolluğunu,
Gey qalın əlcəyini, qolluğunu.
Qoyma od qarsalasın əllərini,
Bağla yaylıqla dümağ tellrini.
Qoy bizim həsrətimiz tez bitsin,
Nə olar, bir neçəsi küt getsin.
Yenə canlansın uşaqlıq çağımız,
Gəzsin əllərdə qızıl qazmağımız.
Elə bil körpə uşaqdır oğlun,
Fərəhindən uçacaqdır oğlun!
Ana can! Kibriti çək, umsunaram,
Təndirin yanmasa, bil, mən yanaram.
Çarə tap bəslədiyim arzulara,
Çörəyin yaxşı bişəndən sonra
Bürüyüb əsgiya bir şorbalığı
Onu basdır külə, təndirdə bişir.
Oğlunun xalqa əyandır qılığı.
Salaram yoxsa uşaqlartək həşir.
Yeyərik şorbalıq üstündən üzüm,
Sənə qurban olum ancaq mən özüm.
Sənə zəhmətsə də tez kündəni yay,
Yay, naxış vur, ana can, təndirə yap.
Gəlir ondan ana torpaq ətri,
İncə güllər bitirən bağ ətri.
Ətri gəldikcə bizim burnumuza
Daha çox bağlanırıq yurdumuza.
Onu öpdükcə gözüm, həm dodağım
Bərk durur, yerdən üzülmür ayağım.
Sən keçərkən. ana, təndir başına,
Baxıram qartək ağarmış saçına,
Anıram qəmli keçən gəncliyini.
Görmədik onda sənin dincliyini.
İndi sən barlı ağacsan, başı dik,
İftixar et, ana can, biz səninik!
Sən çətinliklərə göstərmədin üz,
Anasız olmasın heç bir günümüz.
Ana! Süfrəntək açıqdır ürəyin,
Hər zaman bolluca olsun çörəyin!
Ana can! Təndirə doldur odunu,
Seyr edək təndirinin gur odunu!

ANA VƏ POÇTALYON

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Sorurdu: – “Balam hanı?” – Har cəbhədən gələndən
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!
El bilir, uşaqlıqdan o naxələf olmayıb.
Ürəyimə damıb ki, oğlum tələf olmayıb…
Səbəb nədir ki, yazmır anaya bircə kağız,
Oğul, oğul, – deməkdən qabar oldu dil, ağız!
Qəlbindəki ilk yara tazaydı, bu ilkiydi;
Onu bu hala salan nobarıydı, ilkiydi.
Qalxırdı yatağından dan yeri söküləndə…
Hər qapı açılanda, hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə.
Sevinirdi: – “Oğlumdan bəlkə məktub var!” – deyə.
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Tanımayan tapılmaz məhlədə poçtalyonu,
Hamı istərdi onu, hamı sevərdi onu.
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramda çantası dolu gəldiyi zaman.
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,
İndi kağız almayan ana gələrək dilə,
Söylədi poçtalyona bir neçə acı kəlmə:
“Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”
Poçtalyon söz demedi, dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu…
Ananın gözlərində sual gördü bir yığın,
Başını yerə dikib dayandı xeyli dalğın.
Sinəsini ötürüb sonra küçəyə çıxdı,
Fikirlər, düşüncələr həssas qəlbini sıxdı.
Deyirdi öz-özünə: – ananın haqqı vardır,
Geniş dünya oğulsuz onun qəlbinə dardır…

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.

Günlər keçdi… poçtalyon bu həyətə girmədi,
Ana, gözüylə onu çox aradı, görmədi.

Bütün həyətdəkilər öyrənmişdilər ona,
Hamı dedi: “görəsən nə oldu poçtalyona?!”
Bu qoca poçtalyon da anaya bir dərd oldu;
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.
Heç olmasa poçtalyon bu həyətə gələndə,
Məktub alan qonşular sevinəndə, güləndə,
Oğlunu xatırlayıb sevinirdi ana da –
Sevincindən hamının pay düşürdü ona da.
Ana düşündü: “Bəlkə qəlbini qırdım onun,
Kim bilir nə gəlibdir başına poçtalyonun…
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,
Kim bilir, bəlkə o da mənimlə bir dərddədir…
Xəstədir, baxan yoxdur bəlk də poçtalyona,
Evlərini bilsəydim, bir baş çəkərdim ona.
Bundan artıq nə gələr, nə gələr ki, əlimdən?!
Kaş ki o sözlər mənim çıxmayaydı dilimdən!
Məktub gətirməsə də, qoy gəlsin, görək onu,
Sevir bir ana kimi bu dərdli ürək, onu…”
Dərdli ananın artdı indi birə on dərdi,
Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi…
Bir gün küçə qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə, heyrətlə.
Gördülər ki, poçtalyon əlində məktub gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir.
Aldılar bir qırpımda poçtalyonu dövrəyə,
– Məktub kimədir? Söylə, niyə dinmirsən, niyə?
Zilləyib gözlərini ananın gözlərinə,
Poçtalyon qanad taxdı öz şirin sözlərinə:
– Bundan neçə gün əvvəl məndən küsən, inciyən,
“Məktub olmasa, bir də bu evə gəlmə! – deyən
Mərhəmətli, möhtərəm anayadır bu kağız!..
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”
Ana, gözləri yaşlı, ətir saçdı dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən…

SÜLEYMANAM, DƏYİŞMƏRƏM

Könül necə sevinməsin, bahar gəlib, bahar gəlib,
Gəzib diyar-diyar gəlib.
Gəlib əlində lalələr,
Şəfəq dolu piyalələr.
Gəlib ətir səpə-səpə,
Vətənimin torpağını öpə-öpə
Vəcdə gəlsin mavi Xəzər,
Səhər-səhər
Dalğalansın yurdumun al bayraqları,
Mahnılarla qönçələnsin gözəllərin dodaqları.
Bahar gəlib mahnımıza, şerimizə,
Kim öyünməz, olsa bizim yerimizə?!
Vətənimin bahar dilli bir kolxozçu Leylasını,
Qan ləkəli,
Təhlükəli
Sarayların qoşun-qoşun Leylasına dəyişmərəm!
Yeni sovet şerimizin bir bəndini, mənasını
Xaricdəki adı böyük,
Zəmanənin üstünə yük
Milyon-milyon kitabların mənasına dəyişmərəm
Xəzərimdə zəfər çalmış birneftçinin gülüşünü
Böhtan atan,
Yalan satan
Dodaqların gülüşünə dəyişmərəm.
Bizim gözəl dünyamıza bir körpənin gəlişini
Açıq deyim,
Çox sevdiyim
İlk baharın gəlişinə dəyişmərəm!
Öz evimdir vətənimin hər bucağı,
Könülaçan bahar çağı
İlhamıma qanad verən,
Həyatıma həyat verən
Sevgilimin camalını günə, aya dəyişmərəm!
Bahar adlı dünyamızı yüz dünyaya dəyişmərəm!
Bir dost kimi gəzir yenə bahar doğma diyarımı.
Bu varımı dünyadakı bütün vara dəyişmərəm!
Xoşbəxt ana vətənimdə candan gülən baharımı,
Yad ellərdə qan ağlayan min bahara dəyişmərəm!
Bilir vətən, bilir anam, dəyişmərəm,
Dəyişmərəm, Süleymanam, dəyişmərəm!

MƏNSİZ

Bir gün bu dünyadan köçəcəyəm mən,
Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Hicran şərbətini içəcəyəm mən,
İnsanlar həyata baxacaq mənsiz.

Həyat uzanacaq uzun yollarda,
Gəzəcək dünyanı qış da, bahar da.
Yağış da, dolu da, quşbaşı qar da
Göydən yer üzünə yağacaq mənsiz.

Ziyansız əsəcək yellər, küləklər,
Torpaqdan qalxacaq güllər, çiçəklər.
Lalətək güləcək qəmsiz ürəklər,
Gur çaylar, bulaqlar axacaq mənsiz.

Fərqi olmayacaq kəndin, şəhərin,
Ömrü xoş keçəcək bütün bəşərin.
Şanlı zəfərlərin, böyük günlərin
İgidlər əlini sıxacaq mənsiz.

Bəxtini bəxtimdə görəcək aləm,
Silinib gedəcək lüğətdən ələm.
Vətən torpağını, əlində qələm,
Şairlər seyrana çıxacaq mənsiz.

Məm gözəl dünyadan köçmürəm nakam,
Gözümün işığı o təkcə balam
– Ellər gözəlindən alaraq ilham.
Barmağına üzük taxacaq mənsiz.

Ağ günlər sürəcək bu doğma ellər,
Sevib-seviləcək azad könüllər.
Gənclərin qəlbini nazlı gözəllər
Yenə eşq oduna yaxacaq mənsiz.