Beşikdən qəbrə qədər
ağlayıram, gülürəm,
Ömrümü ömürlərə
paylayıram, bölürəm.
Min illərdi doğulur,
min illərdi ölürəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Dünya nədir, həyat nə,
ötüb keçən an nədi,
Axşam nədi, sabah nə,
cahan nədi, can nədi.
Damarı qarışdıran
ağ qan, qara qan nədi,
Loğman kimi öyrənib,
təbib tək seçən mənəm.

Qarışır torpaqlara
ahı, tüstüsü, külü,
Puç olan arzuların
bir də açılmaz gülü.
Bir bədəndi, bir kəfən
torpaqda yatan ölü,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Gəlir qəbir qazanlar,
qəbir yeri qazılır,
Kim olmuşam dünyada
baş daşına yazılır.
Yağış döyür, qar vurur,
yazılanlar pozulur,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Gah toyda, gah yasdadı,
qəmli keçir, şən keçir,
Ayaz, şaxta, boz bulud
keçir, ömürdən keçir.
Ömür yanır, qurtarır,
közdən, kömürdən keçir,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Zəhəri şərbət kimi
qaldırıb içən mənəm,
Əkən, səpən, göyərdən,
zəmini biçən mənəm.
Körpü salan, yol çəkən,
körpüdən keçən mənəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.