10730926_708473925888118_1815156677351752954_n

Müasir dövrün tələblərinə uyğun olaraq, daim inkişaf etməkdə olan Dünya ədəbiyyatının bir qolunu təşkil edən Azərbaycan ədəbiyyatı öz spesifik xüsusiyyətləri, bədii-estetik keyfiyyətləri, forma-məzmun, ideya-mövzu, forma-sənətkarlıq baxımından ictimaiyyət nümayəndələri, ədəbiyyatşünas alimlər tərəfindən tədqiqat obyekti olaraq qalmaqdadır.
Ümumiyyətlə, qədim dövrdən ən yeni dövrə-çağdaş dönəmə qədər inkişaf mərhələsini keçən Azərbaycan ədəbiyyatında “ilk”lər söz sənətkarları tərəfindən ədəbiyyatımıza gətirilən yeniliklər kimi qiymətləndirilir. Bu baxımdan, saray ədəbiyyatı kimi xarakterizə olunan XI-XII əsrlər ədəbiyyatı xüsusilə seçilir. İlklərin ilki isə XI əsrdə yaşayıb, əsərlərini fars dilində yazmasına baxmayaraq, humanist ideyalar təbliğ etməklə saraylarda yaşamayan, rübailər ustadı Qətran Təbrizidir. Q.Təbrizi ədəbiyytımızın zənginləşməsi yönümündə misilsiz xidmətləri adı daha çox çəkilən müəlliflərindən biri olaraq xatırlanmaqdadır. Belə ki, Qətran Təbrizi ilk dəfə olaraq ədəbiyyat tariximizdə fars dilində rübai yazmağa müəssər olub. XI əsr üçün bu çox mühüm və əlamətdar hadisə idi.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin təsiri ilə əsər yazmaq, bir növ, dəb halını alır. Nizami Gəncəvinin “Xəmsə”sində
Klassik ədəbiyyatımızda XIII-XVI əsrin də özünəmxsus yeri və çəkisi var. Çünki məhz həmin dövrdə Anadilli fəlsəfi qəzəlin (Seyid Əli İmadəddin Nəsimi) və tuyuq (Qazi Bürhanəddin) janrının bünövrəsi qoyulur. Ana dilində ilk dəfə olaraq, divan ərsəyə gəlir. Hökmdar-şairlər Şah İsmayıl Xətayi, Qazi Bürhanəddin Əhməd, Mirzə Cahanşah Həqiqi kimi görkəmli söz sənətkarları həm də döyüş meydanlarında igidlik göstərməklə, mənsub olduqları soykökə bağlılıqlarını nümayiş etdirirlər.
Ən yeni dövrün I və II mərhələsi də digərlər dövrlər ilə müqayisədə heç də geri qalmır. Əksinə, öz yeniliyi, novatorluğu ilə ədəbiyyatımızın ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunmasında mühüm rol oynayır.
Stalin xofunun və qorxusunun getmədiyi bir dövrdə-XX əsrin 50-ci illərində şair-dramaturq Səməd Vurğun ədəbiyyat tariximizdə ilk dəfə olaraq, “Xalq şairi” fəxri adına layiq görülməklə, yeni bir ənənənin bünövrəsinin əsasını qoymuş olur. Bu hadisə Bu görkəmli söz sənətkarı Səməd Vurğunun anadan olmasının əlli illik yubileyinə və zəngin yaradıcılığına SSRİ rəhbərliyi tərəfindən verilən ən böyük qiymət olur. Sonrakı dövrlərdə də Rəsul Rza, Məmməd Rahim, Süleyman Rüstəm kimi qüdrətli sənətkarları da ədəbiyyatımızın inkişafındakı müstəsna xidmətlərinə, ədəbiyyatımıza gətirdikləri yeniliklərinə görə “Xalq şairi” fəxri adına layiq görürlər.
Çağdaş Azərbaycan ədəbiyaytının inkişaf etməsində Xalq şairlərimizin də əvəzsiz xidmətləri var. Bu baxımdan, ədəbiyyatımızda “ilk”lərə imza atan söz sənətkarlarımız arasında Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Nəriman Həsənzadənin də adını unutmaq olmaz. Belə ki, adıçəkilən şairlərimizin hər biri ədəbiyyat tariximizdə ilkləri ilə tarixə düşüb. Məsələn, uzun müddət Azərbaycan Aşıqlar Birliyinə (2008-2016-cı illər) rəhbərlik edən Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığının mühüm hissəsini Türk-Müsəlman əxlaqı, Türkçülük-Turançılıq ideologiyasının təşkil etdiyini nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Zəlimxan Yaqubun Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunması ədəbiyyatımızın növbəti uğurları kimi xarakterizə olunmalıdır.
Tənhalıq poeziyasının ən gözəl nümunələrini ərsəyə gətirən, geniş oxucu auditoriyasını öz ideyaları ətrafında xıs birləşməyə səsləyən sevimli Xalq şairimiz Vaqif Səmədoğlunun ədəbiyyat sahəsindəki xidmətləri dövlətimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 2014-cü ildə isə “Nəsimi” mükafatına layiq görülməklə, ədəbiyyat tariximizdə Xalq şairləri, ümumiyyətlə, söz sənətkarları arasında ilkə imza atan şair-dramaturq kimi adını tarixə yazmağa müəssər oldu.
Zəngin yaradıcılığı ilə milyonların qəlbini fəth etmiş lirik şeirlər, mənzum dramlar müəllifi, şair-dramaturq Nəriman Həsənzadə 2016-cı ildə Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə görə Cəfər Cabbarlı mükafatına layiq görüldü. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 10 may 2017-ci il tarixli sərəncanımına əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinizə görə “Heydər Əliyev Mükafatı”na layiq görülməklə “ilk”ə imza atdı. Beləliklə, eyni zamanda həm Cəfər Cabbarlı mükafatına, həm də “Heydər Əliyev Mükafatı”na layiq görülən ilk Xalq şairi kimi Ədəbiyyat tariximizdə yeni bir səhifə yazmış oldu.

[b]Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 27 avqust 2018-ci il.