1977-ci il. Yay fəslinin birinci ayı.
Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.
Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.
Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:
-Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.
Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.
Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.
-Sağ get, salamat qayıt, bala.
Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.
-Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.
Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.
Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.
Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.
Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.
Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı.
Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.
Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.
Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:
-Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.
“Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.
-Adın nədir sənin? – deyə astadan soruşdu.
-Soltanbəy. – Elə mən də astadan cavab verdim.
-Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.
Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.
Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.
On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.
Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.
-Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.
Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.
-Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.
Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.
-Çox olar. Mən bu qədər pulu neyləyəcəm?
-Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.
Daha heç nə demədim, razılaşdım.
O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.
Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:
-Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.
Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.
“Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:
-Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!…
Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:
-Di get! Sənə yaxşı yol
Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.
Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.
Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.
Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.
Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.
Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.
Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.
Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:
-Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.
Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”
– Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.
Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.
Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.
Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:
-Bu gün kimin ad günüdür?
Babken məndən bir az qabağa düşdü.
-Heç kimin!
-Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?
Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.
-Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?
Babken üzümə də baxmadı.
-Yağış yağacaq, Mirzə.
Mən də pəncərədən çölə baxdım.
-Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.
Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.
-Sabah Andranikin günüdür.
Hər şey mənə aydın oldu.
-Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.
Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.
-Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.
Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.
-Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?
Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:
– Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.
– Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?
İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:
– Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.
Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.
– Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?
Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.
– Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?
– Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.
Hirsimdən güldüm.
-Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?
Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:
– Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.
Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.
-Mirzə, səni çox istəyirəm. Sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.
-Bəs, məni axtarmayacaqlar?
-Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.
-Bəs sən?
Babken bu dəfə bizim dilimizdə danışdı.
-Narahat olma, erməni erməniyə heç nə etməz.
Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.
İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.
Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:
-Neçə gündür görünmürsən, Soltan bəy.
Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:
-Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.
Qarik qələbə qazanmış adam kimi güldü.
-Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.
Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.
-Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.
-Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.
Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:
-Mirzəyev, sakitləş. – dedi.
Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:
-Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.
Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:
-Babken, niyə şikayət eləmirsən?
Babken gülümsədi:
-Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.
-İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur.
Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.
-Dediyin murdarlardan hər yerdə var.
Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!…
Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.
Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:
-Dədəm niyə gəlmədi?
Əmim oğlu cavab verdi:
-Evdə səni gözləyir.
Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.
-Dədəm hanı?
Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.
-Həyatdı, əmi oğlu.
Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!…
Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.
Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.
Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.
Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.
-Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.
-Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.
Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.
Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.
Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.