Qısqanıram…
Məndən uzaqdasan, yoxsan yanımda,
Qarışıb yenə də fikrim, xəyalım.
Qorxu gözlərimdə, təlaş canımda,
Qəlbim rahat olmur, dərk etmir ağlım.
Qısqanclıq ruhumu bürüyüb bütün,
Əsən küləyə də qısqanıram mən.
Əlinə, üzünə toxunur hər gün,
Mənimsə xəbərim heç yoxdur səndən.
Ay səni seyr edir gecə səmadan,
Günəşsə oyadır səni hər səhər.
Üzünə toxunub yanaqlarından
Süzülən damla da olub bəxtəvər.
Qısqanclıq oduna alışır ürək,
Sevən qısqanc olar, şərhə nə gərək!
Susursan…
Susursan…dinmirsən yenə bu axşam,
Baxışın zillənib eyni nöqtəyə.
Qəmini, sevinci hər vaxt duymuşam,
Bələdəm qəlbindən keçən istəyə.
Suallar verirəm, cavab almıram,
Dilə gətirmirsən heç bir sözünü.
Səni səndən də çox mən anlayıram,
Gəl, yana çevirmə nəmli gözünü.
Onsuz baxışların dinir, danışır,
Qəlbindən keçəni eyləyir izhar.
Xəyalın dənizlər, dağlar dolaşır,
Amma ki, yenə də verməyir qərar.
Elə lal sükutun cavabdır mənə,
Çün ruhum doğmadır, yaxındır sənə.