Bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Bu məqam hər şey və Azərbaycanın taleyi demək idi. Artıq Gəncədə qardaş qanı tökülmüş və cəmiyyət demək olar ki, vətəndaş müharibəsinə sürüklənmişdi. O vaxtkı iqtidarın və siyasi yönətimin böyük səhvləri səbəbindən 4 iyundan bşlayaraq ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri də cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Hər hansı qeyri-düzgün qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. İnsanlarımızın azadlıq arzusu və istəkləri yarı yoldaca qırılıb qala bilərdi. Bir sıra daxili və xarici düşmən qüvvələrin dağıdıcı nəzərləri Azərbaycana dikilmişdi. Yeni yaranmış gərğin siyasi şəraitdə həmin qüvvələr Cənub Qafqaz regionundakı maraqlarını perspektivi böyük olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün artıq münbit ictimai-siyasi zəmin də hazırlanmışdı. Ancaq xalq bu təhlükələri vaxtında duyaraq çətin situasiyadan, ağır imtahandan maneələri yararaq alnı açıq çıxdı. Millət öz düşüncəsi, ağlı ilə hərəkət istiqamətini – xaosdan sabitliyə aparan yolu seçdi. Uzun illər Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmiş, bununla yanaşı, özü də dünya şöhrəti qazanmış böyük siyasətçi Heydər Əliyevə üz tutdu… Bu, mürəkkəb, təhlükəli proseslərdən görünən ən optimal çıxış variantı, alternativsiz seçim idi. Və sonrakı hadisələr də göstərdi ki, xalqın bu seçimdə qətiyyətliliyi, iradəsi, yenidən öz unudulmaz rəhbərinə sədaqət nümayiş etdirməsi, onun müdrikliyinə tapınması ümumilikdə Azərbaycan dövlətçiliyinin xilası kimi həyati məna kəsb edən bir missiynı şərtləndirmişdir.
1993-cü ilin 15 iyununa qədərki hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasını, dövlət idərəçiliyində boşluğun hökm sürdüyünü sübut edirdi. Yuxarı rəhbərlik eşalonunda tez-tez dəyişən səriştəsiz kadrların başı kürsü davasına qarışdığından dövlətin müdafiəsi və idarə olunması məsələsi tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə sosial-siyasi dayaqları sarsılmışdı. Orduda kök salmış korrupsiya, dövlət əmlakının dağıdılması iqtisadiyyata ciddi zərbələr vururdu.
Taprixi 15 iyundan sonra respublikanın ictimai-siyasi həyatında bir canlanma, dövələtçilikdə böyük quruculuğun əsasları müəyyənləşməyə başladı və bu proses sonrakı illər ərzində davamlı surətdə bir-birini əvəzləyən uğurlarla müşayiət olundu. Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla həyati dönüşə başlamağın mümkünlüyünü yəqinləşdirərək bu işdə böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xətində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın reablitasiyasına yönəldildi. Böyük Qurtuluşdan dərhal sonra xalqın lideri daxili vəziyyətin stabilləşməsinin qayğısına qaldı. Vətəndaşların rahat gün-güzəranına qənim kəsilmiş, yenicə təşəkkül tapan milli dövlətçiliyin möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan qanunsuz silahlı dəstələr zərərləşdirildi, ictimai asayiş bərpa olundu. Şübhəsiz, bütün bunlar gərgin zəhmətlər bahasına başa gəldi. Sonralar da qanunla hesablaşmaq istəməyən iddiası özündən böyük olan bu qüvvələr iki dəfə – 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etdilər. Lakin yenə də Heydər Əliyevin və xalqın birləşmiş böyük iradəsi hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə ciddi-cəhdlə səy göstərənlərin yaratdığı təhlükələrə üstün gəldi. Bununla da cəmiyyətimizin həyatı yenidən təbii axara düşdü. 1995-ci ildən isə cəbhə xətində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Müharibədən hər evə, ailəyə yerikləyən göz yaşı, qan izi kəsildi. Millət fasiləsiz hüzndən ayrılıb gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha kerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü salınmışdı.
Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu qurculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələri görünməyə, dünyanın qabaqcıl strukturları ilə əlaqələr qurulmağa start verildi.
Ölkənin inkişafı, dünya birliyində özü barədə formalaşdırdığı sülhsevər, demokratik imic, bir sözlə, bütün tarixi nailiyyətlərimiz öz mənbəyini Milli Qurtuluş günü kimi tarixə düşən Heydər Əliyevin ali hakimiyyətə qayıdışı hadisəsindən götürmüşdür. İndi xalqın taleyində şərəfli yer tutan həmin tarixdən 24 illik müddət ötür. Azərbaycan qabaqcıl Avropa dövlətləri cərgəsində özünə layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və xalqın həmrəyliyi kontekstində ölkəmizin inkişaf edən dünyanın harmoniyası ilə, demokratik dəyərlərə uyğun olaraq yaşaması ideologiyasının möhkəm əsaslarını yaratmışdır. İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda gedən reablitasiya işləri elə uğurla və sistematik şəkildə aparılmışdır (və davam edir!) ki, xalq bütün istiqamətlərdə potensialını bütövlükdə ortaya qoymaq imkanı qazana bilmişdir. Həm də bu proseslərin təkcə normal axarda getməsi təmin olunmaqla bitməmiş, dövlət eyni zamanda, kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata keçirilməsini himayə etməyə də özündə güc tapmışdır.
Azərbaycanda Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyn inkişafı və möhkəmlənməsi ideyalarının özəyini təşkil edən demokratiya, ədalət və humanizm prinsipləri keçid dövründən normal qismən az itkilərlə ötüşməyin, vətəndaş cəmiyyəti yaradılmasını ümumi quruculuğun tərkib hissəsinə çevrməyin bir növ səbəbkarı olmuşdur. Böyük öndərimiz insan hüquq və azadlıqlarının təminatının Azərbaycanda demokratik, hüquqi dövlət quruluşunun əsas strateji amillərindən biri hesab etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir. Bu amil isə dünyanın həlledici siyasi dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə yanaşı xüsusilə mühüm rol oynamışdır.
Ümumilikdə tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırırdı. Qurtuluş geniş anlamda, xarkterinə görə, bütövlükdə xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı (gələcəyi) ilə bağlı problemləri özündə ehtiva edirdi.
Qurtuluş gününün Azərbaycan cəmiyyətinə verdiyi töhfələr indi zaman keçdikcə daha dərindən dərk olunur. Ən böyük nailiyyətlərdən biri odur ki, Heydər Əliyevin Qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur «Əsrin müqaviləsi» kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin energi ehtiyatlarının işlənilməsi ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. Belə bir siyasətin sayəsində iqtisadiyyatımızın daha yüksək formada təkamülünü həyata keçirmək nəticə etibarilə Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter almasına güclü təsir göstərdi. İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən amillərdən olan ilk Konstitusiya qəbul edildi. Və daxili, eyni zamanda, xarici arenada çəmiyyətin həyatında həqiqi azadlıq ab-havasının görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.
Cəmiyyətin və dövlətçiliyin vəziyyətinin ayrı-ayrı məqamlarına nəzər yetirərkən aydınca görünür ki, ötən 11 illik quruculuq mərhələsində Azərbaycanın keçdiyi təcrübə məhz ümummilli liderin ideyalarına söykənən effektiv xarici siyasət, müharibənin dayandırılması, sülhə nail olunması, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurulmasıyönümündə davamlı siyasətin yürydylməsi prosesi üzərində qazanılmışdır…
Milli öndər Heydər Əliyev dövlətin və xalqın müasir vəziyyətinin mürəkkəbliyini vaxtında qiymətləndirərək quruculuq, xilaskarlıq missiyasına belə bir məsuliyyətlə, milli təssübkeşlik hissi ilə başlamışdı: «Azərbaycan Resçpublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaradılmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kimin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fkrimcə, Azərbaycan Respublikası onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək».
Əslində ümummilli liderinbelə bir milli ideologiyaya bağlı strateji əhəmiyyətlii siyasi xətt götürməsi həqiqətdə sonrakı illərdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın suverenliyinə və inkişafına dönməz xarakter verdi. Və məhz bu ideologiya yenləşmiş Azərbaycanı dövlətçilik ənənələri, milli xüsusiyyətləri və bütün tarixi nailiyyətləri ilə birgə dünyada siyasəti, iqtisadiyyatı sərbəst olan ölkə kimi tanıtdı, qoruyub saxlanmasını təmin etdi. Və bu gün bizim ölkədə milliyətindən, dini və siyasi baxışlarından asılı olmayaraq, bütün vətəndaşlar Heydər Əliyevin formalaşdırdığı, bəlalardan qurtardığı, siyasəti də, iqtisadiyyatı da sərbəst olan müasir Azərbaycanın demokratiyasından, uğurlarından, təbii ehtiyatlarından kifayət qədər normal səviyyədə faydalana bilirlər.
Mənbə: http://www.ataturk.az