O kəslər ki ülvi hisslər, duyğularla yaşayır, o kəslərə Böyük Yaradanın özü köməkçi olur. Olum, ölüm həqiqətləri ilə ömür sürən, bütün mənəvi gözəlliklərə tapınan saflıq, xeyirxahlıq hissləri ilə nəfəs alan kəsləri İlahi öz nəzərində saxlayır və eşqin, məhəbbətin qapılarını onun üzünə açmağı əsirgəmir. Coşğun ürəkləri adilikdən, sadəlikdən, tənhalı və guşənişinlikdən çıxarır, onu təəccübə, heyrətə səsləyir, iç dünyasını geniş açmağa ruhlandırır. Mirzəcanın bu günlərdə çapdan çıxmış “Sevgi kitabəsi” şeirlər toplusunu oxuyarkən bu hissləri keçirir, aşıb-daşan düşüncə və duyğularını kiminləsə bölüşməyə ehtiyac duyur, içindəki tilsimli duyğuları ifadə etmək zərurəti yaranır və özünü qələmə sarilmaqdan saxlaya bilmirsən.
Son illərdə müxtəlif mətbu orqanlarında şeirlərini oxuduğum Mirzəcanı məhz bu cür tanımışam. Onun şeir ilahəsinin pıçıltılarını aydınca görür, hiss edir, mənən saflığa, ilahiliyə çağırış duyğularına şərik oluruq. Poeziya aləminə gec, lakin güclü gələn şair Mirzəcan məhz həyatın, insanlığın sirli-sehirli dünyasını ecazkar qələmin predmetinə çevirməyi bacaran incə ruhlu ədəbi bir şəxsiyyətdir. Bu incə, zərif hisslər, mübaliğsiz, hər bir həssas insanın ürəyini tarıma çəkir, xoş, ülvi duyğularla doldurur. Səmimi sözlər, ifadələr zərgər dəqiqliyi ilə şeirə elə hopdurulmuşdur ki, sən ondan zövq almaya bilmirsən.
Əsrimizin bu günlərində müasir ədəbi gənclik kimi Mirzəcan da daha çox dərddən, həsrətdən, ayrılıqdan, göz yaşlarından yazmağa üstünlük verir. Bu, bəlkə də təbiidir. Dərd daha çox yazdırandır. Lakin inam, ümid, gələcəyə optimist baxış duyğuları da önəmlidir.
“Dərdlərimi yaza-yaza,
Yetişdim, çatdım payıza.
Şerimdən boylanan qıza,
Sənə, mənə salam olsun…”
“Mənim ümid yerim, tutacaq yerim,
Qızılağac-axır yatacaq yerim…”
“Odu keçmiş bir ocağam,
Xəzan vurmuş bir yarpağam,
Bəlkə mən də yalquzağam,
Dolanıram tək başına…”
“Əfv etsin çəkdiyim aha,
Yazmasın Allah günaha,
Adam öləndə Allaha,
Yoxsa özünə qayıdır…?”
Həyat eşqi ilə yanaşı ölüm, ayrılıq, təklik, ömrün payızı, qışı, yurd-torpaq həsrəti şairin əksər şeirlərinin ruhunu təşkil edir.
“Axşamçağı”, “Dərd”, “Ömrün payızında ağlayan adam”, “Bir ovuc torpaq”, “Qışın gəlməyinə bir addım qalıb”, “Dünya ilə giley-güzar”, “Dünya”, “Bacıma məktublar”, “Kəbədir evimiz”, habelə Araz silsiləsindən olan şeirlərdə də bir qədər pessimist duyğular hiss olunmaqdadır. Lakin bu bədbin ruhlu şeirlər insanın əl-qolunu bağlamır, gələcəyə inam hissi, yaşamaq-yaratmaq eşqi ilə süslənmiş poeziya nümunələridir.
Çox sevdiyi şair Vaqif Səmədoğlu kimi, Mirzəcanda da qurğuşun ruhlu təfəkkür hakimdir. Ömrə, həyata şübhə ilə baxan, hisslər, duyğular xaosunda itib çaşan “məni” uyğudan ayıldan, pessimizmdən uşaqlaşdıran məhz təfəkkürdür. İnsanı işıqlı ideyalara tərəf çəkib aparan təfəkkur… Italiyan dahisi Dante nahaqdan demirdi ki, “Şübhə mənə heç də bilikdən az həzz vermir”, yaxud “Mərifət nuru şübhədən parlar” (H.Cavid), “Bircə ondan razıyam ki, özümdən narazıyam” (B.Vahabzadə).
Mirzəcanın şeirlərində də hisslə təfəkkürün vəhdəti özünü aydın göstərir:
Dərdim böyüyüb, yer tapmır,
Bir cüt gözümə çəkilir.
Dar gəlir qəlbim dərdimə,
Dəntək üzümdə əkilir.
Ayrılığa dözmür ürək,
İnsafsızdan yoxdur kömək.
Sınıram quru budaqtək,
Gücüm yox, qolum bükülür.
Əbədi mövzu olan eşq, məhəbbət duyğuları böyük klassiklərimizi, o cümlədən Mirzəcanı düşündürən ən ülvi bir hissdir. Varlığına şübhə edilən, lakin daima axtarılan, tapıldıqda isə insanın daşını daş üstə qoymayan sevgi nələrə qadir deyil !..
Şairin poeziyası çeşidliyi, rəngarəngliyi ilə seçilir. Sərbəst və hecanın müxtəlif formaları onu özünə cəlb edir. Onun şeirlər silsiləsi sevgi duyğularının və həyata fəlsəfi baxışının poetik ifadəsidir. Dünyanın, insan qəlbinin ziddiyyətləri, təzadları bu şeirlərin əsas ruhunu təşkil edir. Təbii duyğuların saflığı, nəcibliyi, qəm-qüssə ilə dolu olsa da, insanı həyəcanlandırır və eyni zamanda düşünməyə, yaşayıb-yaratmağa səsləyir. Şair yaxşı dərk edir ki, yaradıcı şəxs özündə həyatdan, təbiətdən ərz etdikləri ilə yeni bir dünya yaradır, idealla gerçəklik arasında ziddiyyətdən xali poetik bir dünya !…
İlahidən şair doğulan hər kəs bu missiyanı öz poeziyasında yaratmağa qadirdir. Mirzəcanın şeirlərində tez-tez rast gəldiyimiz ümidsizlik, həsrət, iztirab, qəm-kədər motivləri, əslində zahiri məzmun daşıyır. Batində isə hiss edirsən ki, bu cür həyat təzadları idrakdan, təfəkkürdən uzaqlaşmaq deyil, həqiqəti anlamağa hesablanan çalarlardır. Yəni dərddən qaçmaq, özündən qaçmaq, iraq düşməkdən başqa bir şey deyil. Bu elementlər sözü, misranı fikirlə, ideya ilə canlandırmağa xidmət edir. Əlbəttə, bütün bunlar ilhamın, əqlin və zəkanın məhsuludur. İlham isə yalnız Allahın seçilmiş insanlarına nəsib olur və onlar üçün işıq saçan şimşək kimidir. Düzdür, sevincdən, xöşbəxtlik anlarından şeir yaranır. Lakin şairi şair edən iztirab və dərddir, həsrət və intizarlardır. Alman dahisi Hötenin dediyi kimi, “Poeziya dərdin anasıdır, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək poema”
Allah, bu necə sevgidi,
Dillənmir, dilimdən axır.
Könlümdə qalmır söz kimi,
Vərəqdən, qələmdən axır.
…Dərviş oldum bu yollarda,
Hara getdik, gəlib hardan,
Dolaşır qanda, damarda,
Qəlbimin telindən axır…
Poetik məna yükü ilə seçilən Mirzəcan poeziyası eyni zamanda zərif sevgi duyğuları ilə də ürəklərə nur səpələyir, işıq saçır. Bəzi beytləri səciyyəvi misal kimi göstərmək olar:
“Mən nakam ölmüşdüm sevgimiz üçün
Qocaldım, deyəsən, ölə bilmirəm.”
“Dünyanı almağa, bəs edər dərdim,
Özümü mən səndən ala bilmirəm.”
“Hər şeir tikilən sevgi qalası,
Yazdım sevgimizdən nişanə qala.” və s.
Bu cür incə, zərif poetik misra və beytlər hər bir oxucu qəlbinə hakim kəsilir.
Əgər bu kiçik nümunələrdə ürək sarsıntıları, həsrət, intizar, qüssə, kədər və s. görürüksə, bunlara müstəqim mənada yanaşmaq düz olmaz. Çünki əslində şair daha çox “ürək ağrısına abunəçidir” (M.Araz). Ölümdən, səadətdən, ayrılıq, həsrətdən yazmaq olar və bu, qaçılmazdır. Bunlar insan həyatının hər günkü təzadlarıdır.
Biri var şeir yazasan, bir də var ki, şeir quraşdırasan. Mirzəcanın ən mühüm yaradıcılıq məziyyəti məhz onun şeir yaratmasıdır. İlk baxışda bəlkə də mücərrəd görünən misraların, beytlərin iç mənasına diqqət yetirmək lazımdır. Böyük S.Vurğun əbəs demirdi ki: “Yaşasın məna gözəlliyi!” Mirzəcanın ənənəçilikdən uzaq olan şeirlərində sözlərin düzümü ilə yanaşı, məna yükünə də xüsusi diqqət verməsi oxucunu düşünməyə, özü özünə hesabat vermək məsuliyyəti aşılayır.
Əsl şair hər ümmandan bir damla götürür və götürür ki, ümman yarada bilsin. Bunsuz şair və yaradıcılıq yoxdur və yəgin ki, ola da bilməz. Bülbül olub gülə eyni nəğməni oxusan da arı kimi şirə çəkmək, “bal qoparmaq” daha vacibdir. Biz bu kimi keyfiyyətləri Mirzəcanın poeziyasında axtarmaq yox, görürük. Zənnimizcə, ən mühümü də budur.
Bir mühüm cəhət də vardır ki, bu, şairin poeziyasında öz lakonik ifadəsini tapır. Məhəbbət və Gözəllik!… Bu qüdsi məfhumlara məna vermək, onların mahiyyətini açmaq hər kəsə nəsib deyil. Sevmək və ya sevilmək gözəl şeydir. Lakin bunları məna çalarları ilə oxucuya çatdırmaq daha əfsəldir:
Sirli, sehirli məhəbbəti tapmaq, onun varlığı ilə yoxluğu arasındakı dilemmanı dərk edə bilmək, insan idrakına sığışmayan bir məfhumdur, “Əsl məhəbbət – ölməzlik cəhdidir”, “Məhəbbət-sevilmək arzusudur, sevənlər-hamısı şairdir”, “Məhəbbət şirin melodiyadır” və s. Lakin bunlar məhəbbət barədə hər şey deyildir. Əsas məsələ budur ki, Mirzəcan istedad sahibi kimi ürəklərə, insan əqlinə nüfuz etməyi xoşlayır, oxucunu da bu barədə düşünməyə sövq edir.
Sadə, gözəl insan və şair Mirzəcan həyatının müdriklik dövrünü yaşayır. Biz onun bundan sonra da gənclik eşqi ilə yazıb-yaradacağına inanır və ondan yeni əsərlər gözləyirik. Özü demişkən: özün yazdın, özün pozdun, Mirzəcən özün-özünə… əziz şair dostumuz Mirzəliyin davamlı və daimi olsun.
Böyük sevgilərlə:
Əmirxan Xəlilov,
filologiya elmləri doktoru, professor,
AYB-nin üzvü.