QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir. Qəzəl ərəb mənşəli sözdür. ”Qadına məhəbbət” mənasını bildirir. Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur. Müxtəlif bəhrlərdə yazılır. Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrlərində olur. Beytlərin sayı 5-10 olur (daha çox 7 beyt).

Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir: aa. Sonrakı beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra birinci beytin hər iki misrası ilə qafiyələnir: ba,ca, ça,da…

Qəzəlin ilk beyti “mətlə beyt” adlanır. “Günəşin doğulduğu yer” mənasını bildirir. Bu da qəzəlin ilk beyti olduğunu göstərir.

Azərbaycan Ədəbiyyatı tarixində ana dilində yazılmış ilk qəzəlin müəllifi Şeyx İzzəddin Həsənoğludur. Ədəbiyyatımızda qəzəlin ən gözəl nümunələrini Seyid Əli İmadəddin Nəsimi, Şah İsmayı Xətayi, Məhəmməd Füzuli və başqaları yaradıb.

QƏSİDƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Klassik ədəbiyyatın ən geniş yayılımış şeir janrlarından biri də qəsidədir. Qəsidə də ərəb mənşəli sözdür. Yaxın şərq ədəbiyyatında daha çox istifadə olunan şeir janrlarından biridir. Dəbdəbəli, təntənəli üslubu ilə seçilir. Qafiyə quruluşu qəzəldə olduğu kimidir. aa,ba, ca, ça, da, Qəsidədə beytlərin sayı 15-200 arası olur.Daha çox saray ədəbiyyatında işlənib.

Qəsidənin məzmununa görə əsasən aşağıdakı növləri var:

1.Tövhid 2. Minacat 3. Nət 4. Mədhiyyə 5. Fəxriyə 6. Həcv 7. Mərsiyə

Tövhid-Allahın birliyinin tərənnümü

Minacat-Allaha yalvarış

Nət-Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafanın (səllallahu əleyhi və alihi və səlləm) tərifi haqqında

Mədhiyyə-hökmdarın tərifi haqqında

Fəxriyə-Şairin özünün şairlik qüdrətindən bəhs edilir.

Həcv-Tənqidi məzmun daşıyır. Qoşma, müxəmməs və məsnəvi formalarında olur. Dövrün eyib və qüsurları tənqid olunur.

Mərsiyə-Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü.

QİTƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də qitədir. Qitə ərəb mənşəli alınma sözdür. ”Parça”, “hissə” mənasını bildirir. Qitə öz qafiyə quruluşuna görə qəzələ və ya qəsidəyə oxşadığı üçün belə adlanır. Ancaq qəzəldən və qəsidədən fərqli olaraq, ilk beyti qafiyəlnmir: ab. Sonrakı beytlərdə isə ikinci misra birinci beytin ikinci misrası ilə həmqafiyə olur: cb, çb, db və s.

Qitə həcmcə kiçik olur. Daha çox 2-10 beytdən ibarət olur. Qitə, əsasən, ictimai-siyasi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır. Qitənin son beytində müəllif öz adını göstərmir.

MƏSNƏVİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də Məsnəvidir. Məsnəvi ərəb mənşəli sözdür. “İkilik” mənasını bildirir. Ancaq hər ikilik məsnəvi adlana bilməz. Məsnəvi olması üçün misralar bir-biri ilə qafiyələnməli və bir fikri ifadə etməlidir. Məsnəvi öz qafiyə quruluşuna görə həm qəzəldən, həm qəsidədən, həm də qitədən tamamilə fərqlənir.

Məsnəvinin hər iki misrası öz aralarında qafiyələnir: aa, bb, cc…

Məsnəvidə beytlərin sayı çox olur. Məsnəvinin belə qafiyələnməsi şairrə imkan ayardır ki, öz fikrini daha qabarıq şəkildə bildirsin.

Məsnəvi formasında həm şeir şəkli, həm də şeir janrı var. Ədəbiyyatımızda bir çox sənətkarlar məsnəvi yazıblar. Məsələn, Ə.Xəqani “Töhfətül-İraqeyn”, Ş.İ.Xətayi “Dəhnamə” və s.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü