Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai–yaradıcı təşkilatdır.
O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.
AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, KİV-in, azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 iyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.