Elşad TALEHOĞLU
Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik illərində qələmə alıb.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında nəşr olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində elmi məqalələri dərc olunub.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkldaşı seçilmişdir.
Gənc yazar Elşad Talehoğlu öncəki şeirlərində dövri mətbuat səhifələrində “Elşad Qarabaği” təxəllüsü ilə çıxış etmişdir.Şeirləri müntəzəm olaraq dövri mətbuat səhifələrində dərc olunur.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələri saxlamaqdadır.Gənc yazar Elşad Qarabaği şeirlər, məqalələr müəllifidir.
QUZANLI
Qışın zülmətindən yaza girəndə,
Bağ-bağçası bol olandı QUZANLI.
XAÇIN çayı şaqqa-şuruq axanda,
Çeşmələri göl olandı QUZANLI.
Nazənləri bir baxarsa, yaralar,
Ürəkləri ağılından aralar.
Üzlər dönsə, həmən üzlər saralar,
Gözəllərin qəlb alandı QUZANLI
ELŞADAM, çox gördüm qaranı, ağı,
Dolaşdım dünyanı, dolaşdım dağı.
Nə qədər gəzsəm də, bağçanı, bağı,
Səndən başqa bil yalandı QUZANLI.
AY GÖZƏL!
Sən yaxşısan, mən yaxşının quluyam,
TANRIM sənə sevinc versin, ay gözəl!
Sən sadəsən, mən sadənin quluyam,
TANRIM sənə sevinc versin, ay gözəl!
Bənzəyirsən dağ döşündə güllərə,
Yaraşıqsan çəmənlərə, çöllərə.
Düşməyəsən qanmaz, naşı əllərə,
Ya mənim ol, ya heç kəsin, ay gözəl!
ELŞAD deyir çiçək sənə, gül sənə,
Sevməsən də, sevəcəyəm bil yenə.
Sevinc sənə, qəmlər gəlsin qoy mənə,
Hər bir zaman üzün gülsün, ay gözəl!