Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və basqılara məruz qalmışdır. Bütün bunlara baxmayaraq ölməmiş, unudulmamış, əksinə, zaman-zaman öz varlığını hifz etmiş, xalqın yaddaşında, ictimai şüurunda, həyat tərzində zərifliyini, mükəmməlliyini qorumuş, saflaşaraq, durularaq inkişaf etmişdir.
Ana dili mövzusu zənnimizcə həmişə aktual olan bir mövzudur. Çünki ölkənin milli atributlarından biri kimi, dilimiz milli kimliyimizi, varlığımızı, mənsubluğumuzu yaşadan ən böyük gücdür, qüvvədir.
Tarixə nəzər salanda Azərbaycan dilinin böyük bir inkişaf yolu keçdiyinin şahidi oluruq. Ötən əsrin əvvəlləri, 40-50-ci və sonrakı illərdə dilimizdə ərəb-fars qarışığı, rus sözləri çoxluq təşkil edir, bunlar da dilin öz milliliyini, xalqa mənsubluğunu itirmək təhlükəsi yaradırdı. Bu mənada Azərbaycan dilinin bir çox qatqılardan təmizlənməsi və saflaşmasında ilk növbədə maarifpərvər ziyalıların və onların yaratdıqları mətbuatın böyük rolu olmuşdur. XIX əsrin sonları və XX əsrin əvvəllərində milli mətbuatımızın atası sayılan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin (1875-1877) və Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” satirik jurnalının (1906-1931) dilimizin formalaşması və inkişafında xidmətləri misilsiz olmuşdur. Böyük Azərbaycan şairləri – Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, H.B.Zərdabi, M.F.Axundov, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, B.Vahabzadə, M.Şəhriyar, S.Rüstəm, X.R.Ulutürk… yaratdıqları ədəbi-bədii əsərlərində dilimizin şirinliyi, şəhdi-şirəsi ilə xalq ruhunun, varlığımızın yaşadılmasında böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan dilinin ölkənin dövlət dili olaraq Konstitusiyamızda təsbit olunması, böyük inkişafa qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dilimizlə bağlı gördüyü işlər Azərbaycanda rəhbər olduğu ilk vaxtlardan başlamış və bütün fəaliyyəti dövründə davam etdirilmişdir. Bu istiqamətdə onun qəbul etdiyi fərman və sərəncamlardan irəli gələn müddəalar həyatımıza uğurla tətbiq olunmuşdur. Və bunun bariz nümunəsi olaraq, ümummilli liderin dilimiz, ədəbiyyatımızla bağlı atdığı addımlar ana dilimizin inkişafına, məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşmasına öz təsirini göstərdi. 2001-ci ildə Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman xalqın taleyində xüsusi tarixi əhəmiyyətə malik oldu. Bu da diqqətəlayiqdir ki, Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən hər il avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu məqamda ulu öndərin doğma dilimizə böyük sevgisinin ifadəsi kimi, yaddaşımıza həkk olmuş bir fikrini xatırlamaq da öz zəruriliyini doğurur: “Dilimiz çox zəngin və ahəngdardır, dərin köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Böyük inamla qeyd edirik ki, ulu öndərin bütün sahələrdə, eləcə də dilimiz, ədəbiyyatımızla bağlı apardığı ideoloji mübarizə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla, həssaslıqla davam etdirilir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər ölkəmizdə latın qrafikalı ədəbiyyat bazasının zənginləşməsində böyük əhəmiyyət kəsb etdi. Ölkə başçısının 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı da ölkənin, xalqın mənafeyinə, dilimizin, mədəniyyətimizin tərəqqisinə, gələcəyimiz olan balalarımızın yetişib tərbiyə olunmasına hesablanmışdır.
Bu sahədə yaranan böyük baza artıq bizə imkan verir ki, varlığımızın, milli mənsubiyyətimizin atributlarından biri kimi, Azərbaycan dilinin saflığı, təmizliyi uğrunda mübarizəmizi həmişə davam etdirək. Dilimizin inkişafı, onun yad ünsürlərdən təmizlənməsi, əslində bütün xalqın, ələlxüsus da ziyalıların, ədəbiyyat, mətbuat işçilərinin vəzifəsidir.
Təəssüflə qeyd edək ki, bu gün adını çəkdiyimiz sahələrdə bu məsələyə o qədər də ciddi yanaşılmır, dilimiz xaricdən alınma sözlər, kobud ifadələrlə korlanır. Bu da onun şirinliyinə, gözəlliyinə xələl gətirir. Zənnimizcə, bu sahədə çalışan hər bir ziyalı – radio-televiziya, qəzet-jurnal əməkdaşları dilimizin təmizliyini, saflığını qorumalıdır. Əks təqdirdə, ana dilimizə ağırlıq gətirən əcnəbi ifadələrin yaratdığı anlaşılmazlıq xalqın zövqünü korlayar, onun gözdən-dildən düşməsinə gətirib çıxarar. Bu, yolverilməzdir!
Mövzu ilə əlaqədar böyük ürək ağrısı ilə xatırlayırıq ki, Arazın o tayında yaşayan soydaşlarımızın bu gün də xalqın milli-mənəvi sərvətindən istifadə edə bilməməsi, ana dilində məktəblərin, mətbuatın olmaması bütün dövrlərdə yaradıcı insanları, ədibləri, şairləri sarsıtmış, bu mövzuda onlarla əsərlərin meydana gəlməsini zəruri etmişdir. Kimi dilə qadağa qoyanları cəllad adlandırmış, kimi ən gözəl əsərini öz ana dilində qələmə aldığından onun şirinliyinə, doğmalığına məhəbbətini ifadə etmiş, kimi də çətinliklərdən, ona qarşı olan basqılardan üzüağ çıxdığına görə doğma dilimizə minnətdarlıq hissini bildirmişdir. Bununla da söz xiridarları öz əsərlərində azərbaycançılıq ideyasına söykənərək varlığımızın milli sərvəti olan dilimizin qorunmasına çalışmışlar. Bu yerdə unudulmaz Xalq şair Süleyman Rüstəmin məşhur bir şeirini xatırlamamaq olmur:

Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyardan gətirdiyimiz bu bir bənd şeir isə dilimizin şirinliyi, ürəyəyatan ahəngi, rəngarəngliyi ilə gözlərimiz qarşısında əsrarəngiz bir mənzərə yaradır:

Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.

Bir Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Bunlar quru, həm də şüar xarakterində olmayıb, əməli işimizdə, yaradıcılığımızda onun öyrədici, maarifləndirici xüsusiyyətində, məna, məzmun və ideyasında ifadə olunur. Əslində bu, xalqımıza, onun dilinə, mədəniyyətinə xidmətdir. Bu səbəbdən də bütün fəaliyyətimiz boyu bu yolda varıq.

Şəfəq NASİR,
“Respublika”.