YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR
Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın həyatına, mənəvi aləminə müəyyən mənada bələd olan yazıçıların qələmə aldıqları xatirələrdir. Bu xatirələr ədibin həyat və yaradıcılığı ilə bağlı ən xırda detalın da öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ötən əsrin ikinci onilliyindən mətbuata gəlmiş və yaradıcılığının bir qolunu da “Molla Nəsrəddin”lə bağlamış yazıçı-publisist Məmmədəli Nasirin (1899-1983) tədqiq etdiyim əsərləri sırasında onun ustadı M.Cəlilə həsr etdiyi xatirələrinə nəzər yetirmək də bu baxımdan maraq doğurur. Özünün də yazdığı kimi, “aradan 55 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Mirzə Cəlillə ilk görüşünü çox yaxşı xatırlayan” M.Nasir ustadı, müəllimi sandığı o insanla görüşlərini, münasibətlərini, jurnalla əməkdaşlığını böyük fəxarətlə qələmə alıb. Xatirələr “Ədəbiyyat və incəsənət” (20 avqust, 1966), “Vışka” (25 aprel, 1967) və “Azərbaycan müəllimi” (4 iyun, 1967) qəzetlərində dərc olunub. Bu məqalələrdə M.Nasirin “Molla Nəsrəddin”ə gəlişi, məcmuə ilə ədəbi əlaqəsinin yaranması, M.Cəlilin xalqın ictimai şüurunun formalaşmasına böyük təsiri olan “Molla Nəsrəddin” jurnalının tarixi əhəmiyyətindən bəhs olunub. Eləcə də M.Nasirin jurnalla tanışlığı, ilk yazısının məcmuədə dərc olunması, onunla görüşlərinin ictimai-ədəbi əhəmiyyəti və bu görüşlərdən aldığı zəngin təəssüratları, M.Cəlilin gənc həmkarlarına jurnalın dəst-xəttinə və amalına uyğun mövzularda qısa və mənalı yazmağı tövsiyə etməsi, onları mollanəsrəddinçi kimi yetişdirməsi məsələləri xatırlanır. Bütün bunlar xatirələrdə bəzən qısa, bəzən də bir qədər geniş şəkildə təsvir olunur. “Mənim gözümü “Molla Nəsrəddin” açdı”, – deyən M.Nasir ilk xatirəsində yeniyetmə çağlarından yaradıcılıq yolunu müəyyənləşdirən bu jurnalın fəaliyyət tarixinin müəyyən dövrünə nəzər salıb. Ən əsası da ədiblə hər görüşündə M.Cəlilin mənəvi aləmindən, yaradıcılıq təcrübəsindən əxz etdiyi dəyərləri onun xatirəsinə böyük ehtiramla qələmə alıb. Maraqlı məqamlar və faktlarla zəngin olan bu dərin məzmunlu yazıda bir baxışla böyük zaman kəsiyində yaşanılan əhvalatlar, xarakterik hadisələr təsvir olunur.
M.Nasirin “Molla Nəsrəddin”lə tanışlığının da maraqlı bir tarixçəsi olub. Müəllif xatirəsinə də elə bu tarixi günlə başlayır. “1912-ci ilin payız fəsli idi. Havalar soyumuşdu. Atam bağımızdan biçib gətirdiyi axırıncı otu (tapılı – Ş.N.) bir tərəfə töküb yuyunmaq üçün hazırlaşırdı ki, darvazamız döyüldü. Cəld qaçıb qapını açdım…” Gələn kim imiş? Məlum olur ki, İrəvanda “Molla Nəsrəddin”ə abunə toplayan Bağır Rzayev adlı bir nəfər şəhərin hörmətli haçılarından olan Hacı Məmməd kişinin qapısına da bu məqsədlə gəlibmiş. O, sözünə belə başlayıb: “Hacı, neçə ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxmağa başlamışdır. Ancaq oxucusu azdır. Bu, məcmuənin bağlanmasına səbəb ola bilər. Biz ona hər cəhətdən kömək göstərməliyik. Gəlişimdən məqsəd sizi həmin məcmuəyə müştəri yazmaqdır”…
Hacı Məmməd kişi “dinsiz-imansız” bir jurnala müştəri yazılmaq istəməsə də qapısına gələni əliboş qaytarmayıb, kişiyə bir qızıl onluq verir və tapşırır ki, onu “yetənə yetib, yetməyənə daş atan” bir məcmuəyə müştəri yazmasın. Kənarda oturub, bütün bu söhbətləri dinləyən Məmmədəli bir həftədən sonra poçtdan qəzet və məktubları götürəndə onların arasında şəkilli bir jurnal da görür. Həmin gündən o, atasından gizlin bu jurnalı oxumağa başlayır. Jurnal oğlanın mənəvi aləminə, ictimai şüuruna elə güclü təsir edir ki, həmin vaxtlar Bakıda çıxan “İqbal”, “Sədayi-həqq” qəzetlərində İrəvandan xəbərlərlə çıxış edən Məmmədəli “Molla Nəsrəddin” kimi mötəbər jurnala da yazmağa həvəslənir. Ilk yazısının mövzusunu qonşuları Mir Qafar ağa adlı bir mövhumatçının evində keçirilən dini söhbətlərdən alır. Beləliklə, öz müşahidələri əsasında qələmə aldığı məqaləsini də götürüb yeznəsi, “Molla Nəsrəddin”in İrəvan müxbirlərindən olan Əli Məhzunla Tiflisə gedir. Müəllif yazır: “Ertəsi gün Tiflisdə olduq. Yeznəm məni birbaş “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından olan dostu Əliqulu Nəcəfovun (Qəmküsarın) evinə apardı. Sabahısı gün “Molla Nəsrəddin” idarəsinə getdik. Mirzə ilə redaksiyada görüşdük. O, stol arxasında oturub nə isə yazırdı. Bizimlə səmimi salamlaşdıqdan sonra Əli Məhzuna işarə edərək soruşdu:
– Bu cavan oğlan kimdir?
– Bu, balaca mollanəsrəddinçidir. Yazısı var, jurnala gətirib.
Fürsətdən istifadə edib “Əlhəm qiraətxanəsi” başlıqlı yazını cibimdən çıxarıb stolun üstünə qoydum. Mirzə məktubu nəzərdən keçirə-keçirə məndən soruşdu:
– Nə barədə yazmısan?
Utana-utana yazının məzmununu danışdım. C.Məmmədquluzadə diqqətlə mənə qulaq asır, yeri gəldikcə bəzi suallar verirdi. İdarədən çıxanda Mirzə mənə mehribanlıqla əl verib dedi:
– Bizimlə əlaqə saxla, yazılarını gözləyəcəyəm… ”
1913-cü ilin sonlarında təqdim etdiyi həmin yazı “Molla Nəsrəddin”in 29 yanvar, 1914-cü il tarixli 3-cü sayında dərc olunur. İlk yazısı üstə mövhumat xəncərinin ləzzətini dadan M.Nasir jurnalın məsləkinə daha böyük inamla bağlanır. 1915-ci ildən “Dirilik”, “Tuti”, “Açıq söz”, sonralarsa “Yeni fikir” kimi qəzet və jurnallarda çıxışlar etdiyindən, həm də bir müddət “Molla Nəsrəddin”in fəaliyyətini dayandırması üzündən neçə il ədiblə görüşə bilmir. Nəhayət, 1925-ci- ildə M.Cəlillə Borjomidə qarşılaşan müəllif həmin günü belə xatırlamışdı: “Mənim böyük satiriklə ikinci görüşüm 1925-ci ildə Borjomda oldu. O, stansiyanın qarşısında dayanıb gedən-gələn qatarları qarşılayırdı. Mənə belə gəldi ki, Mirzə stansiyaya hansısa tanışını və ya qohumunu qarşılamağa gəlib. Ona yaxınlaşıb salamlaşdım. Diqqətlə baxandan sonra tanıdı və “necə də böyümüsən”, deyib məni bərk-bərk qucaqladı. Hal-əhvaldan sonra məni sorğu-suala tutdu. Aydın oldu ki, Mirzə növbəti məzuniyyətini Borjomda keçirir və stansiyada görünməyini belə izah etdi:
– Adam sanatoriyada darıxır. Hərdən stansiyaya gəlirəm, gedib-gələnlərə baxıram ki, bəlkə tanışlarla rastlaşdım.
Bundan sonra Mirzə bir şüşə süd aldı və biz birlikdə bufetə daxil olduq. O gün bizim söhbətimiz uzun çəkdi”.
1927-ci ildə M.Nasir Bakıda “Kommunist” qəzetində işə dəvət olunandan sonra ədiblə sıxı görüşləri öz axarına düşür. M.Nasir xatırlayır ki, o zaman Azərbaycan dilində olan bütün qəzetlər, o cümlədən “Molla Nəsrəddin” jurnalı da yeni əlifba ilə çıxmağa başlamışdı. Bunun da qəzetlərin və “Molla Nəsrəddin” məcmuəsinin tirajına mənfi təsiri oldu. Mirzə Cəlil bu barədə söhbət açaraq dedi:
– “Molla Nəsrəddin” yeni əlifbaya ürəkdən tərəfdardır. Lakin yeni əlifba ilə savadlı az olduğu üçün jurnalımızın oxucuları xeyli azalmışdır.
Mən bu sözlərin cavabında ədibə dedim ki, bu günlərdə Nuxa şəhərinə ezamiyyətə gedəcəyəm, söz verirəm ki, orada “Molla Nəsrəddin” üçün yeni abunəçilər yığım. Mən vədimə əməl etdim. Nuxa ipək zavodlarını gəzib, altı aylıq olmaq şərtilə məcmuəyə 360 abunəçi cəlb etdim. 900 manat pul alıb Bakıya gətirdim. Mirzə Cəlil bu puldan bir qədərini rəssama və yerdə qalanını da mətbəəyə verib köhnə borclardan qurtardı”. Bundan sonra yazıçı xatırlayır ki, Nuxada olarkən şəhərin sanitariya cəhətdən pis saxlanması barədə bir yazı yazıb “Molla Nəsrəddin” jurnalına vermişdim. Yazı bir aydan artıq redaksiyada qaldı. Bir gün bunu Mirzə Cəlilə xatırladanda dedi: “Yadımdadır, ancaq yazın çox uzundur. Uzun yazını oxumurlar. Qısa və məzmunlu yazmağa çalış! Əgər yazsaydın ki, Nuxaya getmişdim, küçələrdə it-pişik ölüsü görüb bir salavat çevirdim, onda hamı biləcəkdi ki, kommunxoz pis işləyir. Daha buna təfsilat nə lazımdır…”
M.Nasir xatirəsinin başqa bir yerində jurnalda katib işlədiyi fakta da aydınlıq gətirərək yazır ki, “yayın isti günlərindən biri idi. “Kommunist” qəzeti redaksiyasında oturmuşdum. Mirzə içəri girdi. Salam-kalamdan sonra sözə bu müqəddimə ilə başladı:
– Məmmədəli, çox istidir. Bu yayı hara gedəcəksən? Mənim fikrim Borjoma getməkdir. Mən hər il Borjoma gedirəm.
Sonra əsl məsələyə keçərək dedi:
– Əli Nəzmi yoldaş sabahdan məzuniyyətə gedir. Onun yerini bəlkə sən idarə edəsən? Ancaq katibə verməyə pulumuz yoxdur. Yazı-zad yazıb zəhmət haqqını qonorardan çıxararsan.
Mən razı olub səhəri işə başladım”.
Maraqlıdır ki, bir il sonra müəllif bu mövzuya yenidən qayıdır. “Vışka” qəzetində dərc etdirdiyi “Böyük satirik haqqında xatirələr” məqaləsində yaddaşını çözərək ədiblə yaradıcılıq əlaqələrinə, xatirələrinə bir başqa istiqamətdən işıq salır. Burada o, C.Məmmədquluzadənin bəzən qələm yoldaşları tərəfindən haqsız ittihamına, jurnalın ünvanına səslənən qınağa və bunu doğuran səbəblərə aydınlıq gətirir. “Kommunist” qəzeti redaksiyasının klubunda “Molla Nəsrəddin”in 25 illik fəaliyyətilə bağlı keçirilən tədbirdə iştirak edən M.Nasir yazır: “Məruzədən sonra müzakirələr başlandı. Çıxış edənlərin arasında tanınmış yazıçı Salman Mümtaz da var idi. O, jurnalı kəskin tənqid etdi: “Bu 25 ildə jurnalın çox böyük xidmətləri olub. Xalq onu məhəbbətlə oxuyub. Nədənsə axır vaxtlar jurnal əvvəlki maraqla oxunmur. Yazılar maraqlı deyil, karikaturalar məzmunsuzdu”. Bu sözlər Mirzəni bərk qıcıqlandırdı. Hamıda belə bir fikir yarandı ki, Mirzə yekun sözündə natiqin cavabını necə lazımdı verəcək. M. Cəlil çıxışında Salman Mümtazın ünvanına xeyli təriflər söylədi və onun jurnalla uzun illər və yaxından əməkdaşlığını qeyd etdi. Çıxışının sonunda o dedi: Bununla yanaşı deməliyəm ki, yoldaş Salman Mümtazın karikaturası bizim jurnalda meydana çıxanda mən Bakıda olmamışam”.
Müəllif qeyd edir ki, Mirzənin dedikləri zalda bir canlanma yaradır. Hər kəs də özlüyündə aydınlaşdırmaq istəyirdi ki, söhbət hansı karikaturadan gedir və o nə vaxt çap olunub. Nəhayət, aydın olur ki, Salman Mümtaz böyük şairlərdən Nizami, Firdovsi Sədi, Füzulini Azərbaycan dilinə çox zəif tərcümə edib, bundan əlavə onlardan bəzisinin əsərlərini özününkü kimi vermişdi. Karikaturada şairlər etiraz əlaməti olaraq əllərini qəbirdən çıxarıb, S. Mümtazın yaxasından yapışmışdılar.
Elə həmin ilin 4 iyin tarixində M.Nasir “Azərbaycan müəllimi” qəzetində başqa bir xatirəsi ilə çıxış edir. Burda müəllif ən çox onunla əməkdaşlığından, jurnalda gedəcək materialları hazırlamaqda Mirzəyə etdiyi köməklikdən, “Saray xala” adlı felyetonunun yazılma tarixindən bəhs edir.
Xatirədə oxuyuruq: “Bir gün Mirzə redaksiyada oturub müxbir yazılarını gözdən keçirir, jurnalda gedəsi məktubları seçib-hazırlamaq üçün mənə verirdi. Elə bu vaxt qoca bir qadın çiynində xurcun içəri girdi. Mirzə tez yerindən qalxıb, Saray xala adlı bu qadını qarşıladı, yanında oturtdu. Qadın xurcundan xeyli əzik-üzük kağız çıxardıb Mirzəyə verdi və dedi:
– Səmədağa Ağamalıoğlunun yanından gəlirəm. Bu kağızları ona göstərdim. Məsləhət gördü ki, “Molla Nəsrəddin”ə aparım.
Kağızlardan və Saray xalanın sözlərindən aydın oldu ki, onun oğlu barəsində bir kənd soveti sədrinin katibi haqsızlıq etmişdir. Saray xala qəza mərkəzinə şikayət etmiş, lakin onun şikayətlərinə lazımi əhəmiyyət verən olmamışdır.
Mirzə bu barədə jurnala yazmağı mənə tapşırdı. Tapşırığı yerinə yetirdim. “Saray xala” sərlövhəli məqaləni Mirzə Cəlilə təqdim etdim. O, məqaləyə bu sözləri əlavə etdi: “Əgər sağlıq olsa, işdən başımız ayılsa, Saray xalanın yeddi ildən bəri yığıb saxladığı kağızları bircə-bircə vərəqləyib, oradakı “gözəl” rezolyusiyalarla “Molla Nəsrəddin”in oxucularını tanış edərik”.
Həmin yazı “Qarınqulu bəy” imzası ilə “Molla Nəsrəddin”in 1928-ci ildə çıxan birinci nömrəsində çap edildi. Ümumiyyətlə, mənim istər inqilabdan əvvəl, istərsə sonra “Molla Nəsrəddin” jurnalında “Qarınqulu”, “Qarınqulu bəy”, “Anaş qurbağa”, “Fil-fil” imzaları ilə çoxlu yazım dərc olunmuşdur”.
M.Nasirin “Saray xala” felyetonunda təsvir olunmuş məmur biganəliyi, süründürməçiliyi kimi hallarla bu gün də rastlaşdığımızdan mövzunun aktuallığını nəzərə alıb, onu oxuculara təqdim edirik.
“SARAY XALA”
Keçənlərdə şəhərlilər kəndlilərin xatirini çox istəyirdi. Ona görə də kəndlilər şəhərə gələndə şəhərlilər onları ələ salıb, oynadıb gülürdülər.
Belə işlərə Tiflisdə Şeytan bazarında, İrəvanda Məscid çarsusunda, Gəncədə Üstü örtülü bazarda, Bakıda Quba meydanında və qeyri şəhərlərdə bu kimi bazar və meydançalarda tez-tez rast gəlmək olurdu.
Bir gün İrəvanda Məscid çarsusunda bərk bir gurultu vardı. Dedim nə xəbərdir? Dedilər: Bazara bir xam kəndli gəlib. Uşağı azarlı olduğu üçün Hacı Qafar əmidən nabat almaq istəyir. Hacı Qafar əmi də kəndlini ələ salmaq üçün deyir:
“Həkim kəblə Məmmədəlinin yanına get, deginən nabat versin. Əgər dükanda olan nabatdan versə, alma. Deginən onu istəmirəm. Evdə olan nabatdan ver”.
Kəndli gedib, Hacı Qafar əmi öyrədən kimi deyir. Söz buradadır ki, kəblə Məhəmmədəlinin arvadının adı Nabat olduğu üçün o saat qanır ki, bunu biclər öyrədib. O da başlayır kəndlini sarımağa. O biri qonşular da buna qoşulub, bazarda böyük bir hay-küy düşüb.
Hərçənd o vaxtdan uzun müddət keçir. Adam elə bilir ki, yaddan çıxıb gedib. Ancaq indi bizim bəzi qəzalarımızda insan cürbəcür işlərə rast gələndə öz-özünə deyir:
– Ey dili-qafil, yenə də hacı qafarlar və yenə də həkim kərbalayi məmmədəlilər və yenə də xam kəndlilər və onları incidənlər vardır.
Əgər qulaq assanız, Quba qəzasından sizə bir balaca hekayə nağıl edəcəyəm. Hekayə bu qərar ilədir:
20-ci ildə Saray xala adlı bir ləzgi qadının oğlu yerli qaçaqlar tərəfindən qətl olunur. Məqtulun arvadı gözəl olub və azdan-çoxdan varı olduğu üçün kənd şura sədri katibinin buna gözü düşür. Axırda elə olur ki, cürbəcür şəhadətnamələr vasitəslə məqtulun anası evdən bayıra atılır, arvadı da kənd şurası katibi alır. Bu katibin ikinci arvadı olur. Saray xala öz haqqını almaq üçün qəza mərkəzinə gəlib şikayətə başlayır. Ancaq nədənsə Saray xalanın verdiyi ərizələr hər yanda boşa çıxır. Axırda Saray xala qəzanın bəzi işçiləri üçün bir əyləncə və təfrih aləti olur. Bu, əlinə kağız yazıb verir, o, idarəyə göndərilir. O idarə də verib, bu idarəyə göndərir. Saray xala yeddi il içərisində idarədən-idarəyə verilən kağızları toplayıb, böyük bir xurcunla idarələrin dərdinə çarə etməsi üçün dünən Bakıya gəlmişdi. Mən onun kağızlarına baxdım. O kağızların içində çox gözəl rezalyusiyalar və şeirlər də vardır ki, onlar ilə “Molla Nəsrəddin” oxucularını tanış etmək istərdim.
Məsələn, bir nəfər Saray xalanın kağızına bu rezalyusiya qoymuşdur: “Həsən! Saray xalanın şərrin mənim başımdan rədd et!”
İkinci rezalyusiya: “Dərda ki, razi-pünhan xahəd şod aşikara” . (Əvvəl-axır bu sirr aşkar olacaqdır–Ş.N. )
Üçüncü rezalyusiya: “Gəl-gəl eylə mənim dərdimə çarə, Saray, nə imiş, söylə nə çarə”.
Dördüncü rezalyusiya: “Saray xala, haray xala, tufan xala, məzlum xala, bizi bu cənab xala təngə gətirib”…
Bu rezalyusiyaların hamısında böyük qəza idarə müdirlərinin imzası və möhürü də vardır.
Əgər sağlıq olsa, işdən başımız açılsa, Saray xalanın yeddi ildən bəri saxladığı kağızları bircə-bircə vərəqləyib, o gözəl rezalusiya və onların müəllifləri ilə oxucularımızı tanış edərik.
Müxlisiniz: Qarınqulu bəy
“Molla Nəsrəddin”, 1928, №1, 6 yanvar”.