Mən torpağam
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam – qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti –
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz –
ölərəm.
Məhəbbətsiz, nifrətsiz –
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
1963
Torpaq
Torpaq bomboz;
elə bil ki, üzünə
dəmrov düşüb.
Bir yanda çadar-çadar,
bir yanda doxsan yaşlı qoca üzü kimi
bürüşüb.
Bir yanda anasını görmüş uşaq kimi
sevincli, çiçəkli,
bir yanda susuz.
Bir yanda sudan bezar.
Bir yanda qumu qaynar.
Bir yanda örtüyü qar.
Torpaq həm çörək verir bizə,
Həm su.
Həm son mənzilimizə yer verir.
Nəsil-nəsil qəlbimizdə yaşayır
onu itirmək qorxusu.
1965
Soruş
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
İşə susuz barmaqların
kədərini insan bilir.
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim,
Gözlərimi yumub açdım
neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı
seldən soruş!
Yollar uzun, mənzil uzaq.
Sərt daşlara dözmür ayaq.
Dözsün gərək.
Dözsün gərək.
Kim zirvəyə qalxar, deyin,
Yollar boyu hər pilləni
birgünləri, yüzilləri
qəlbimizlə,
beynimizlə
ömrümüzlə
doldurmasaq.
Mən yolçuyam
Od nə çəkdi,
küldən soruş!
hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
Bakı, yanvar, 1964
Darısallıq
Uzun illər sıxdı məni:
gah çəkmələrim –
bəzən uzunu, bəzən eni ilə,
Gah ötüb keçən ilə təəssüfüm.
Gah ümidim, yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı,
Gah alçaq buludların qalın pərdəsi;
Gah bir nadan qələmindən
tökülən yazı.
Gah avtomat qələmin bahalığı.
Gah sözün ucuzluğu.
Gah köynəyimin yaxalığı.
Qırıb çıxmaq istədim
“olar”, olmaz” çərçivəsindən.
Dedilər yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni,
maddələrlə, sözlərlə…
İş otağım
on iki metr yarım.
Altısında
mən,
yazı masam,
həsrətim, ümidim.
Sabir.
Heminquey.
Tavandan süzülən damcıların izi.
Bricid Bordonun
bığsız, pişik üzü.
Falk, Mikayıl,
Tağı,
Bəhlulun nəvəsi.
İlk sırada olmaq
və qalmaq həvəsi.
Altı metr belə.
Altı yarım:
kitablar, kitablar, kitablarım.
Pəncərələr sıxdı məni
uzunsov dördbucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş yarğanını.
Maşınlar sıxdı məni
markalarına münasib.
Sıxdı məni vaqonların
güzgülü kupeləri və
yol hesabatını yoxlayan mühasib.
Məsafələr metrlərlə,
işıq kilovatlarla doldurulub.
Nəğmələr oktava içində
Xəstələrin hərarəti
dərəcələr içində.
İri meyvələr dənələrə,
üzüm-göz yaşı gilələrə dolub.
Şəhərimin yaşıllığı
ölçülüb, biçilib
salınıb rəqəmlərə.
Dağlar darıxıb göyə qalxıb
dərələr çöküb yerə.
Darıxır insan
hüdudlar, ölçülər içində.
Yayda uzun gündüzlər,
qışda uzun gecələr içində.
Deyirəm:
öləndə, atın
ən dərin dəryaya məni;
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı
Yox, yox.
Ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür,
darısqallıq kənarda deyil;
hər meyvənin tumunda,
hər canlının hüceyrəsində,
hər binanın daşında, kərpicindədir.
Görünür,
yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə…
1967