ANARA

Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu daqlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!

DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar…
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə…
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.

HƏBİBƏYƏ

Gənclik şəklimə baxdın
– Nə gözəldin, nə incəydin, – dedin.
Fikrə daldın. Gözlərin doldu.
– Niyə ağlayırsan, – dedim.
Şükür Allaha, ölməmişəm ki…
Dinmədin. Gözlərinin inci yaşı
Damla-damla töküldü
yanağından…
Anlayırdım, sən
gözəlliyin, incəliyin,
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümünə ağlayırdın…

13 aprel, 1963

DÜŞÜNCƏLƏR

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan, təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.

BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.