teranexanim

***

Həyat – heçdən, yoxluqdan
Var olmağa gəlməkdi.
Ölüm – həyatda nə varsa
Son anda qədrin bilməkdi.

Ömür – hara getdiyini
Bildiyin yola çıxmaqdı.
Yol – qalaq-qalaq arzuyla
Yazıq ürəyi sıxmaqdı.

Sevgi – qəlbin hasarından
Yaxın bir qəlbə aşmaqdı.
Ad günü – bir addım daha
Ölümə yaxınlaşmaqdı.

İLAHİ SÖZDÜR ŞEİR

İlahi sözdür şeir,
hər anda dilə gəlməz.
İstədiyin hər saat,
hər vaxt doğula bilməz.
Ruhun bətninə düşüb
yetişməlidir şeir.
Qovrulub ürəyində
ya bişməlidir şeir,
ya da kül olmalıdır.
Qələmindən bir damla
mürəkkəb sızmaq üçün
hisslərin, duyğuların
coşub sel olmalıdır.
Ürəyin qanı ilə
yazılmalıdır şeir,
Hər misranın içində
görünməlidir şair.