Giriş
Əslində hər bir insanın ömür yolu bir dastandır – ömür dastanı. Bu dastanın təməli insanın dünyaya gəldiyi andan qoyulur. İnsanın haqq dünyasına qovuşması ilə sona çatır. Əslində bu “sona çatır” ifadəsi də şərti xarakter daşıyır. Bu sonluq o insanlara aiddir ki, yaşadığı 60, 70, 80, 90, 100… illik ömründə özündən başqa kimsəni düşünməmiş, kölgəsindən heç kim bəhrələnməmişdir. Nə bir imkansıza əl tutmuş, nə bir yetimin başını sığallamış, nə də ətrafındakılarla xoş ünsiyyətdə olmuşdur. Belə insanlar üçün qonşuluq haqqı, qohumluq haqqı həmişə arxa planda olub. Belə insanlar dar düşüncəli olublar, burunlarından uzağı görə bilməyiblər. Ona görə də belə insanların ömür dastanı dünyalarını dəyişmələri ilə sona çatır. Amma yuxarıda sadaladığım məsələləri özündə əxz edən insanlar isə dünyalarını dəyişmələri ilə yeni bir yaşam qazanırlar. Çünki bu sayaq insanları xoş duyğu ilə, ehtiramla, kövrək və unudulmaz xatirələrlə mütəmadi olaraq xatırlayanların sayı minlərcədir, on minlərcədir. Bu insanların ömür dastanları adicə dastanlardan deyildir, bu dastan əbədiyyət dastanıdır. Xoş o adamların halına ki, elə sağlığında insanların qəlbində öz qranit heykəllərini ucaldırlar. Belə insanların nə yaşamaqdan qorxusu olar, nə də ölümdən. Çünki belə insanların üzərində Allah-təalanın xoş nəzəri həm bu dünyada olur, həm də axirət dünyasında. Tanrı belə insanları hələ sağlığında cənnətlə müjdələyir. Bəzən görürsən ki, deyirlər cənnət də, cəhənnəm də bu dünyadadır. Əslində bu məcazi anlam daşıyır. Bu o deməkdir ki, insan cənnəti də, cəhənnəmi də bu dünyada qazanır. Yəni özü ilə bu dünyadan aparır. Əməlisaleh insanlar, haqqı nahaqın ayağına verməyənlər, kasıb-kusuba, fəqir-füqəraya əl tutanlar, bütün məsələlərdə ədalətli hökm çıxaranlar, Allaha tapınanlar, etdikləri hər bir yaxşılığı Allahın rizası üçün edənlər özləri ilə cənnəti də bu dünyadan axirət dünyasına aparırlar. Bu sadaladıqlarımın əksini özlərinin həyat amalı seçənlər isə həm bu dünyalarına divan tuturlar, həm də o biri dünyalarına. Bir məsələni də unutmaq olmaz ki, insanın əməl dəftərinə yalnız özünün öz əli ilə sağlığında etdiyi yaxşılıqlar, xeyirxah əməllər yazılır. Dünyasını dəyişəndən sonra isə insanın nə özünün savab qazanmaq imkanı olur, nə də digərlərinin etdiyi yaxşılıqlar onun adına yazılır.
Hədis
Rəsuli-əkrəmin sağlığında bir nəfərin atası dünyasını dəyişir. Bu şəxsin böyük bir ərazini əhatə edən xurma bağı var idi. Günlərin bir günü bu şəxs gəlir peyğəmbərin yanına. Deyir ki, bəs mənim atam dünyasını dəyişib, mənim də böyük xurma bağım var, ağacların üstündə də tonlarla meyvə var. İstəyirəm ki, atamın qırxına qədər bu xurmaların hamısını onun məzarının üstündə paylayım. Necə bilirsiniz, bunun atama bir xeyri, savabı varmı? Peyğəmbər qayıdır ki, məsləhət görməzdim, amma yenə də özün bilən yaxşıdır.
40 gündən sonra həmin şəxs yenə də peyğəmbərin yanına gəlir və deyir ki, dediyim kimi də etdim. Bütün xurmaları yığdırıb atamın qəbrinin üstündə paylatdım.
Peyğəmbər bir az fikrə gedir və deyir ki, get ağacların altına, üstünə, anbarlara bax, nə qədər xurma tapsan götür gəl bura.
Həmin şəxs evlərinə gəlir və başlayır deyilən yerlərə baxmağa. Nə ağacların üstündə, nə ağacların altında, nə də anbarda bir dənə də olsun xurma tapa bilmir. Anbardan çıxmaq istəyəndə görür ki, qapının arxasına bir xurma düşüb, üstünə də qarışqalar daraşıb, yarısını da yeyiblər. O, yarısını qarışqaların yediyi xurmanı götürüb peyğəmbərin yanına gəlir. Deyir ki, ya Rəsullullah, hər yeri axtardım, yalnız və yalnız bir dənə bu xurmanı tapdım, onun da yarısını qarışqalar yeyib. Peyğəmbər-xuda həmin şəxsin əlindən xurmanı alır və baş barmağı ilə şəhadət barmağı arasında tutaraq həmin şəxsə göstərir və deyir:
– Əgər sənin atan sağlığında öz əli ilə bu xurmanı kiməsə versəydi, onun savabı sənin payladığın tonlarla xurmanın savabından daha çox olardı. Ona görə də sənin payladığın xurmaların savabı yalnız sənə məxsusdur, atana yox.
Aqillər buyururlar ki, mərhəmətli və səxavətli olmaq, ehtiyacı olana əl uzatmaq, yıxılanın qolundan tutmaq, haqqı və ədaləti özünə bayraq etmək imkana bağlı olan məsələ deyil, yəni bunun üçün sənin külli miqdarda varının, dövlətinin olmasına ehtiyac yoxdur. Bu hiss, bu duyğu sənin könlündə, qəlbində, ürəyində olmalıdır, qanınla damarlarında dolaşmalıdır. Bu sayaq yaşamaq sənin həyat kredona çevrilməlidir. Əgər sən bu hissdən, bu duyğudan uzaqsansa milyonların da olsa oradan bir manat götürüb kiməsə verməyə əlin gəlməyəcək.
Ömrü şöhrətləndirən məqamlar
Birinci məqam insanın haradan gəlib hara getdiyini bilməsidir. Yəni, insan gərək heç kimin tanımadığı balaca bir kənddən çıxıb hamının tanıdığı böyük bir şəhərə rəhbərlik edəndə damarında, qanında, cismində, ruhunda o balaca kəndin havasının, suyunun, çörəyinin, torpağının ətrinin dolaşdığını unutmasın. Ucalığının kökündə o kəndin tozlu-torpaqlı, parlı-palçıqlı yollarının dayandığını yaddan çıxarmasın.
Həkim-loğman Hacı Cəfər həkimin Təvəkgül müəllimlə bağlı yazısında hələ lap balaca olarkən qızlarından birinin Təvəkgül müəllimdən «Sizin kəndin adı niyə Azərbaycanın xəritəsində yoxdur?» deyə soruşduğu məqam mənə ustad şairimiz Məmməd Arazın bir hissəsini sizlərə təqdim etdiyim:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq,
Çaylı, baldırğanlı dağ-dərəsində.
Qartal qıyıltısı dumanı dəlir,
İnsan hikkəsinin sahili yoxdur.
Nə yaxşı mürgülü, lal dərələrin,
Sellərdən qüvvətli sahibi yoxdur.
Bu, oğul səsidir! Götür dəftəri:
Danışmaq da yükdür, susmaq da yükdür!
Böyük dünyamızın kiçik dərdləri
Böyük dərdlərindən daha böyükdür.
Kəndim, – balacasan, çox balacasan!… – məşhur şerini xatırlatdı. Məmməd Arazın doğulduğu Nursu kəndinin adı dünyanın xəritəsində yox idisə də, poeziyası günəşə dönüb bütün dünyanı öz nuruna qərq etdiyi bir şair bəxş etmişdi cahana. Elə bir şair ki, əsrlər ötsə də bu günəşin parlaq şəfəqləri dünyanı öz nuruna qərq etməkdə davam edəcək.
Təvəkgül müəllimin övladlarına – onun ömrünün mənası olan qızlarına üzümü tutub deyirəm: atanızın dünyaya göz açdığı Başkənd kəndi Azərbaycanın xəritəsində qeyd olunmayıbsa da və bu kənddə indi yaşayış yoxdursa da bu kəndin adı atanızın tərcümeyi-halında əbədi ünvan salıb və ötən bu illər ərzində bəlkə də min dəfələrlə müxtəlif mətbu orqanlarda işıqlandırılmaqla Azərbaycanda minlərlə insanın yaddaş tarixində özünə yuva qurub. Bununla isə hər iki mənada fəxr etməyə dəyər.
İkinci məqam insanın vətəninə, millətinə, torpağına, dövlətinə, dövlətçiliyinə bağlı olmasıdır. Bu sevgini ürəyində yaşadanlar həyatda sözün müstəqim mənasındakı sevgidə də uğur qazanırlar. Bu sevgi, bu uğur da insanı hamının sevimlisinə çevirir. Belə sevgi sahibi olan insanlardan biri də Təvəkgül Yaqub oğlu Məmmədovdur.
Təvəkgül müəllimin əmək fəaliyyətinin ən qaynar dövrləri ulu öndər Heydər Əliyevin 34 illik gərgin və keşməkeşli, eyni zamanda vətəni, milləti üçün şərəf salnaməsi olan fəaliyyəti dövrünə təsadüf edir. Bu illər ərzində Heydər Əliyevi özünə həyat idealı seçən Təvəkgül Məmmədov həmişə – istər onun respublikaya rəhbərlik etdiyi ilk dövrlərdə, istərsə Moskvadakı fəaliyyəti dövründə, istərsə də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı, Azərbaycanı düşdüyü bəlalardan xilas etdiyi illərdə ondan bəhrələnməyə çalışmış, tapşırıq və göstərişlərini, tövsiyələrini özünün fəaliyyət istiqaməti kimi qəbul etmişdir. Təsadüfi deyildir ki, Təvəkgül Məmmədovun Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək ali təhsilli kadr kimi daha qaynar həyata atılmasının tarixi də 1969-cu ilə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi ilə təsadüf edir. Məhz elə bunun nəticəsidir ki, Təvəkgül Məmmədov yarım əsrlik əmək fəaliyyəti dövründə harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, insanların ümid və pənah yerinə çevrilmiş, onun adını tutub gələnlər o ünvandan heç vaxt naümid qayıtmamışlar.
Vətəni sevmək, onun hər qarışını müqəddəs bilmək imandandır – deyir Təvəkgül müəllim. Təvəkgül müəllimdə yerliçilik anlayışı yoxdur. Kim vətənini, torpağını sevirsə, prezidentinə, gerbinə, bayrağına, himninə sevgi və rəğbət bəsləyirsə, işində məsuliyyətlidirsə, ətrafındakılarla xoş rəftar qurmağı bacarırsa, o, Təvəkgül müəllim üçün, hansı bölgədən olmasından asılı olmayaraq, ən doğma, ən əziz, ən hörmətli adamdır.
Üçüncü məqam insanın ya göründüyü kimi olması, ya da olduğu kimi görünməsidir. Əslində əsrlərin sınağından keçib gələn bu aforizmin kölgəsində çox mətləblər gizlənir. Bura saxtakarlıqdan uzaq, sadiq, dəqiq, vaxta və sözə bütöv, haqqı, ədaləti özünə bayraq edən, hər hansı bir addımı atmamışdan öncə vicdanının səsinə qulaq asan, hər cür fitnə-fəsaddan, saxtakarlıqdan uzaq olan bir insan obrazının tərifidir bu aforizm. Bu aforizm həm də həyatın yaşama düsturudur.
Əslində, öncə «həytın varolma düsturu» ifadəsini işlətmək istədim. Sonra fikrimi dəyişdim, çünki var olmaq hələ yaşamaq demək deyil. Var olub da bu dediklərimizin hər hansı birini özündə əxz etmədən də həyatda mövcud olmaq mümkündür. Ancaq bu yaşamaq sayılmaz. Bu sadəcə kortəbii və digər canlılardan fərqli olmayan bir ömür sürməkdi. İnsan o zaman böyük olur ki, ən ali məqama yetişəndə belə sadəliyini, səmimiyyətini, təbiiliyini qoruyub saxlaya bilsin. Onda sevgi də, hörmət də, izzət də, ehtiram da, şan-şöhrət də özü gəlib səni tapacaq. Bax bu illər ərzində biz Təvəkgül müəllimi – Təvəkgül Yaqub oğlu Məmmədovu belə gördük – sadəliyində bir ucalıq, ucalığında bir sadəlik gəzdirən böyük vətən oğlu kimi.
Dördüncü məqam tabeliyində olanların ürəklərində sənə qorxudan çox sevgi, hörmət və ehtiram hissi bəsləmələrinə nail olmaqdır. Bu da təbii ki, hər rəhbər işçiyə qismət olmayan bir məqamdır. Tale Təvəkgül Məmmədovun bir də onda üzünə gülüb ki, direktor işlədiyi vaxtlarda da, şəhər icraiyyə komitəsində çalışdığı dönəmlərdə də, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi illərdə də tabeliyində olan bütün işçilərin, eyni zamanda bütün şəhər ictimaiyyətinin hörmətini, sevgi və rəğbətini qazana bilib. Bu sevgi insanların qəlbində bu gün də yaşayır, sabah da yaşayacaq, əminəm ki, hətta gələcək nəsillərin də ürəklərinə ötürüləcək. Çünki bu insanların hər birinin taleyində Təvəkgül Məmmədov tərəfindən bu və ya digər formada bəxş olunmuş sevinc payı var.
Fəaliyyətinin bütün dönəmlərində Təvəkgül müəllim üçün insan amili ön planda olub. Onun fikrincə işçi üçün normal iş şəraiti yaradılmalı, yaxşı maaş almalı, ruhən, mənən, cismən sağlam və problemsiz olmalıdır ki, yaxşı işləyə, öhdəsinə düşən işi problemsiz, vicdan və məsuliyyətlə yerinə yetirə bilsin. Bax, yuxarıda sadaladığımız sevginin mayasında, qayəsində, Təvəkgül müəllimin işçilərə məhz bu yanaşması dayanır.
***
Əslində ömrü şöhrətləndirən məqamların sayını istənilən qədər artırmaq olar. Amma mən buna ehtiyac duymadım. Ancaq onu deməyə ehtiyac duydum ki, daha hansı məqamlardan söhbət açsaydıq orada Təvəkgül müəllimin ünvanına yetərincə xoş söz demək üçün səbəbimiz olacaqdı.
Bir-iki kəlmə də “Həyatın yaşama düsturu” kitabı ilə bağlı demək istəyirəm. Bu kitab Təvəkgül Məmmədovun halal-hümbət haqqıdır. Əslində onunla bağlı yazılanların hamısını bir araya gətirmək mümkün olsaydı, bəlkə də bir neçə kitab ortaya gələrdi. Ancaq mən bunlarla kifayətləndim. Çünki elə bu kitabda yazılanlar yetərlidir ki, hamının tanıdığı, hamının hörmət bəslədiyi, hamının ehtiram göstərdiyi Təvəkgül Yaqub oğlu Məmmədovu dəyərli oxucular da yetərincə tanıya bilsin.
Onu da deməyi özümə borc bilirəm ki, müdrik el ağsaqqalı Təvəkgül Məmmədun ömür yolu bir həyat məktəbidir. Bu məktəbdən öyrəniləsi çox şeylər var.
Üzümü sabahın qurucuları olan gənclərimizə tutub deyirəm: gələcəyinizi xöşbəxt görmək, həyatınızı yaxşı yaşamaq, yüksək mövqe tutmaq, vətənə yararlı vətəndaş, ailəyə xeyirli övlad olmaq, el arasında alnıaçıq, üzüağ və nəhayətdə sözün həqiqi mənasında şərəfli bir ömür yaşamaq istəyirsinizsə bu məktəbdən bəhrələnin.
Rafiq Oday,
Respublikanın Əməkdar jurnalisti