Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Pul ver, öz yasıma nəmər yollayım
Ağ kölgə kimiyəm gör, neçə vaxtdır,
Bəlkə hisslərimə kəmər yollayım?
Neynim, üzüm gəlmir əl açım şərə,
Pul ver, öz yasıma nəmər yollayım.
Mən dünən ölmüşəm, indi bilirlər,
Ruhum ilmə tutub hanamdan betər.
Şəklimin yerindən kitab asıblar,
Şeytan ağı deyir anamdan betər.
Duyğumu bükməyə ağ axtarmayın,
Cana işıq verir cuna da, şükür…
Kimsə nalə çəkir bayatı üstə,
Mən «Segah» sevərdim, buna da şükür…
…Hey səni gözlədim ölü rəngində,
Qapımı döyən qız Yetər imiş ki…
Öldüm, elə bildim canım qurtardı…
Ölmək ölməməkdən betər imiş ki…
Mən sevgiyə inanmıram, əzizim
Şeh düşməyən cığırlara tor atma,
Canı candan aralayır gor, atma…
Əbəs yerə ürəyimə qor atma, –
Mən sevgiyə inanmıram, əzizim.
Söz şərabdı, camı sındır, qələmlə.
İşin yoxdur pas bağlamış tələmlə.
Çox əlləşmə cadu ilə, ələmlə, –
Mən sevgiyə inanmıram, əzizim.
Pul tapmadım şərab içib hallanım,
Çıx get, qəmin nəşəsində ballanım…
Atam deyil, anam deyil allanım, –
Mən sevgiyə inanmıram, əzizim.
Kimi kimə görk eləyib, andırıb?
Həvvanı da, Adəmi də qandırıb…
Məcnunları, Kərəmləri yandırıb, –
Mən sevgiyə inanmıram, əzizim.
Həyat mənə zülm elədi qul qədər,
Canım əldən-ələ düşdü, çul qədər.
Dəyəri yox beş-on manat pul qədər, –
Mən sevgiyə inanmıram, əzizim.
***
…Tək, ruhumdu yaşıdı…
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!
Üstündədi qızlığı…
Əzrayılın ahıdı…
Adəmin yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.
Demə, Hikmət naşısa…
Bəlkə torpaqdı, gildi…
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir.
***
İçimdəki şeytanla nərd atırıq arada, –
Sanıram o, sevincin, qəmin bilir bu işin.
Zəri elə cütləyir, mat qalırsan doğrusu,
Zalım oğlu elə bil çəmin bilir bu işin.
Şeytandı da, onun da öz Allahı, piri var,
Nə vaxt qonağı olsan, şər alasan əlinə…
Qarşısına keçəni mars eləyir dalbadal,
Üzün gəlmir bir daha zər alasan əlinə.
Mən «Allah» deyib girdim onun ilə oyuna
O, məni mat elədi hər oyunda on kərə.
Bundan sonra yəqin ki, ayrı düşən zərləri
Əzrayılla oyunda cütləyərəm son kərə.
«Pənc-yek»-«du-bir» sevdası heç çıxmır ki, başımdan,
Cüt «sə»lərlə elə bil cadu verdi zər mənə…
Çoxu atmaq istədi taleyi «şeşqoşa»tək…
Mən də atdım, ya «cahar», ya «du» verdi zər mənə.
Zərin işığı qalıb barmağımın ucunda,
Tanrı məni tanıyır ya çöl kimi, ya damtək.
İndi sakit durmuşam günahımın önündə,
«Şeş» umanda, bəxtinə cüt «beş» düşən adamtək.
Nərd də bir şans işidi, bəxtim yoxdu, neyləyim,
Bu həyatın zərini tərs götürüm arada?
Düz adamdan nədənsə, xoşu gəlmir Allahın,
Gərək mən də şeytandan dərs götürüm arada.
Dünya
Zəlimxan Yaqubun «Gəl, şəklini çəkim, dünya» şeirinə nəzirə
Yada verdin ləlimi sən,
Ağıllımı, dəlimisən?
Buraxmırsan əlimi sən,
Gəl, nazını çəkim, dünya.
Tutmaq olmur, yaman atsan,
Qınamazlar zaman atsan…
Kimdən kimə amanatsan?
Gəl, nazını çəkim, dünya.
Cadugərsən, falın yoxdu,
Yollar daşlı, nalın yoxdu,
Naz çəkməli halın yoxdu,
Gəl, nazını çəkim, dünya.
Ərə getdin, ər görmədin,
Gəlin oldun, zər görmədin.
Mən boyda dərd-sər görmədin,
Gəl, nazını çəkim, dünya.
Üzük taxdın, qaşı düşdü,
Koma tikdin, daşı düşdü,
Oğlun-qızın naşı düşdü,
Gəl, nazını çəkim, dünya.
Sahilində qayıq gördüm,
Ürkək gördüm, sayıq gördüm,
Səni tez-tez ayıq gördüm,
Gəl, nazını çəkim, dünya.
İman ayrı, din ayrıdı,
Nifrət ayrı, kin ayrıdı,
Hikmət ayrı, cin ayrıdı,
Gəl, nazını çəkim, dünya.