em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Xəyalım dolanıb dağlardan keçir,
Ruhum sevgi üçün saf ürək seçir,
İlhamım bahar tək yaşıl don biçir,
Məni sevgi üçün doğubdu anam.

Mən şeir adamı, söz vurğunuyam,
Alovu can alan göz vurğunuyam,
Qəlbimi titrədən naz vurğunuyam,
Məni sevgi üçün doğubdu anam.

Sevgi, məhəbbətdir varım, dövlətim,
Məcnunam, Kərəməm, vardır qeyrətim,
Güldən, çiçəkdəndir sözüm, söhbətim,
Məni sevgi üçün doğubdu anam.

Sevirəm həyatı ürəkdən , candan,
Gözəl yaradıbdı,yurdu yaradan,
Gileyli deyiləm taledən, baxtdan,
Məni sevgi üçün doğubdu anam.

Canımı bu yurda qurban deyirəm,
İgidlər önündə mən baş əyirəm,
Vətəni canımdan çox istəyirəm,
Məni sevgi üçün doğubdu anam.