Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

NƏ VAR Kİ
/”Vətənimdir” – silsiləsindən/

Şuşa kimi qalam gedib əlimdən,
Ayrı düşüb od- ocağım külümdən.
Cıdır düzüm heç düşməzkən dilimdən,
Hər meydanda at çapmağa, nə var ki?

Göz yaşımdır Xan qızının bulağı,
Daha yoxdur Üzeyirtək donağı.
Haqq səsidir Natəvanın qınağı,
Yad ellərdə baş qatmağa, nə var ki?

Qalamızdan düşmən bizə ox atır,
Neçə ildir baş aldadır, baş qatır.
Bizimkilər alver edir, bez satır,
Məclislərdə söz atmağa, nə var ki?

Hər girov yurd qəlbimizdə bir yara,
Dolanırıq baş aşağı, üz qara.
Ad qoymuşuq kafe, dükan , bazara,
Bu bazarda ar satmağa, nə var ki?

Yol gözləyir ülu məskən, ulu yurd,
Zəfər marşı çalsın şanlı qopuz, ud.
Dövran,- olsun hər igidim, bir Boz Qurd.
Yağı başın qopartmağa, nə var ki?…

DEPUTATXANA
/”Gerçəklərimiz” – silsiləsindən/

Heç baxan olmadı ötmüş yaşıma,
Uydular cibimə əyin, başıma.
Sonda şahlıq quşu qondu başıma
Önümə bir kimsə qatmazkən dana,
Oldu məqam yerim – deputatxana.

Abirı ,isməti, arı atacam,
Ələyib kəpəyin una qatacam.
Beş il al kürsümdə , mışıl yatacam,
Quracam eyş- işrət, busat, tantana,
Şanlı məram yerim- deputatxana.

Düzəldib saç- başı, birçək, kəkili,
Oldum qos- qocaman millət vəkili.
Fəqət, mandatım tək, sifət ikili,
Nəyə baş sındırım, qıyım mən cana?
Nahar həm şam yerim- deputatxana.

Həsəd aparırlar ehtişamıma,
Yeməmə, içməmə, damaq tamıma.
Günə- güzərana, lüks yaşamıma
Nə olsun ağ saça yaxmışam həna,
Tək dərdim , fikirim- deputatxana.

Hərdən qulağıma dəyir səs- səda,
Oyadıb haqların salıblar yada.
Qorxuram millət qıza, sala qan- qada,
Artıq çərx fırlanır Dövrandan yana,
Devrilər qəlb pirim- deputatxana.