ANAMIN GƏLİN QIZI

Bilmirəm ki, tabutun
şamdır, yoxsa arçandır.
Sənin son səfərindir;
bizim səfər haçandır?!
Səninlə biz,
bir arçan əkmişdik
məhləmizdə;
yasəmən çiçəkləyib,
qızılgüllər açanda.
Mən bilmirəm tabutun
o arçandan çəkilib,
sarı kəhrəbadandır,
ya mərcandan çəkilib.
Bəlkə qan yaş gözümdür
onu mərcan tək görən,
anamın gəlin qızı!

Anamın gəlin qızı.
yadındamı, bir şeyin
adını bilməyəndə,
idey-idey deyərdin
Tülkü toplan küçüyün
tutub qulaqlarından,
qırmızı papışları
“Al gey!
Di gey!”- deyərdin
Toplan mırıldanardı,
mən gülərdim sözünə.
Yumruqlarını sürtüb
qəşəng, qonur gözünə,
sən ağlayardın onda.

İndi mən ağlayıram
Gedər-gəlməz yolunda.

Mən bilmirəm, tabutun
qovaqdır, ya arçandır.
Ölüm hamı üçün var.
Ancaq vaxtı haçandır,
Bir bilən yoxdur bunu,
Hamı bilsə də onun
qaçılmaz olduğunu.
Xatirimdə canlanır;
illərin o tayında,
əlimdə bir balaca,
ovxarlı
dəhrə vardı.
Bir vuranda
Sanki bir qu tüküdür
onunla
Ortasından kəsəndə
bir dirəyi.
(Unutmuşdum hər şeyi
səni, çayı, çörəyi).
Birdən
dəhrəni vurdum,
üzüldü baş barmağım.
Çal xoruz uddu onu.
Sənin:
“Xoruz dadaşın
barmağını apardı”
deyib,
əvvəl qorxduğun,
sonra gülüb getdiyin;
qayğısız, uğun-uğun

indi düşür yadıma.
Xatirələrin səsi
naşı, xaric xal kimi
qarışır fəryadıma,
gəlib uzaq yolların
səfərindən yorulub.
Ancaq
bu xatirələr
elə bil,
dünən olub.
Anamın gəlin qızı!

Anamın gəlin qızı,
o ağrıya bənzəmir
indi duyduğum ağrı
Sinəmdəki bu ürək
tabutundan ağırdır.
Gözüm, dilim,
dodağım
uzaq-uzaq o gündə
yaralanmış barmağım,
inləyir bağır-bağır.

Mənə yaxın gəlməyə
qorxurdun
qanı görüb.
O qanlı barmaq hara,
bu sakit ölüm hara!
Tabutun kölgə salıb,
indi qəmli yollara.

Dəhşət dolu gözünlə
baxırdın qardaşına.
Nə baxışın,
nə üzün,
nə həlqələnmiş gözün,
yaraşırdı yaşına.
Tabutunun taxtası
o gün yarı böldüyüm
dirəkdən çəkilibsə,
sağ əlimi biləkdən
niyə qələm etmədim.
Ya dirəyi doğrayıb
o zaman
tikə-tikə,
talaşaları yığıb
çay üstünə getmədim!
Atmadım
doğradığım parçaları
Arvana.
İndi qalmışam belə
göynəyib yana-yana
Bilirəm ki, tabutçun
taxta azlığı deyil,
Nədənsə tabutunun
hər parçası,
gözümdə
o dirəkdən çəkilmiş
taxtalardır elə bil,
Anamın gəlin qızı!

Anamın, gəlin qızı!
Tabutun nə yüngüldür,
Matəmin nə ağırdır.
Çiynimdəki cənazən
sanki bir qu tüküdür
Qəlbimdəki yoxluğun
məni yaman ağrıdır.

Saçların qapqaraydı.
Qaşların qapqaraydı
Baxışın ipək kimi
hanı kiçik, sevimli
qara, göyçək əllərin,
gəlib indi
qəlbimin
yarasını saraydı.
Hanı dodaqlarında,
novruzçiçəyi kimi –
qəfildən doğan gülüş
Tabutun nə ağırdır
Elə bil ki, dünyanın
bütün dərdi, matəmi
dönüb bir qurğuşuna
tabutuna bükülüb,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
On ildən artıq olur
bu şeri başladığım
Yazıb-yazıb pozuram
heç qurtara bilmirəm.
Yanıqlı xatirələr
hey gəlir axın-axın.
Hara qaçım onlardan
hara, hara bilmirəm!
Ünvanını bilsəydim
düz yanında gələrdim
Sən getdiyin yollardan
kim geri qayıdıb, kim!
Bircə anlıq inansam
o dünyaya,
cənnətə,

səni orda axtarar
orda soraqlayardım,
Bilsəydim ki, göz yaşı
məni yetirər sənə,
gecə-gündüz yorulmaz,
illərlə ağlayardım.
Cənnət yaxşı adamlar
günahsızlarınsa,
sən inanıram ki,
orda,
yəqin ki, cənnətdəsən.
Bir bilsəydim hardasan,
gələrdim qaça-qaça.
Yolum ölümdən belə
keçər olsa, gələrdim.
Yol boyu
gecə-gündüz
yeyib-içdiyim ancaq
zəhər olsa gələrdim,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
Sən beşikdə yatırdın,
gəldi qara bir xəbər.
Mirzə İbrahim öldü!
Bakıda dəfn etdilər.
Yüngülcə bir azarmış,
deyirdilər, azarı.
Qərib məzarlığında,
qərib qaldı məzarı.
(İndi nə o qəbristan,
nə qəbirdən var nişan.
Başdaşı itkin olub,

torpağı pər-pərişan)
Sən ananın qurumuş
döşünü sora-sora qaldın,
Süddən doymadın
Yaşın tamam deyildi,
evimizdə güzgüdən
asıldı qara pərdə
Nə biləydin ki, getdi,
insan getdi dünyadan
Necə şərik olaydın
çağırılmamış bu dərdə.
Sən bilmirdin ki, getdi,
İnsan getdi dünyadan –
Bizə yetim adını
verib, yox olan atan,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
Bir il gedə bilmədin
Buzovna bağlarına.
Ümidli, intizarlı
bir səbəb vardı buna.
Biz getdik.
Ay keçmədi.
aydın ilıq bir səhər,
şəhərdən gəldi ora
yeni, sevincli xəbər.
Elə lap darvazadan
səs gəldi:
Oğlan!
Oğlan!
Sağlıq!
Muştuluq, filan!

Hələ sevincimizin
göz yaşı qurumamış,
həmin gün,
axşam çağı,
yağdı güclü bir yağış.
Qara bulud kölgəsi
bir anda örtdü bağı.
Darvazanı döydülər
Qəlbimizi döydülər.
Qara bir ilan kimi
atıldı üstümüzə,
bir xəbər,
Anamın gəlin qızı!

Otaq.
Masa.
Masanın üstündə
bir cənazə
hansı həyat lövhəsi,
hansı sənət əsəri
var ki…
bir an içində
çökə ağır dağ kimi,
insanı birdən əzə.
Cənazə-sapsarı mum.
Mən bir yanda qurudum
Bir yanda,
bir yanda da…
Əgər allah var isə,
Külli ixtiyar isə,
gərək
bu mənzərəni görüb
qan ağlayaydı.
Əzraili yetmiş il
belə cinayət üçün –
əli, qolu zəncirli
dustaqda saxlayaydı
Əgər allah var isə,
külli ixtiyar isə,
ağsaçlı bir ananın
qarşısında diz çöküb,
gərək üzr istəyəydi,
“Yoxdur,
yoxdur xəbərim
Bu, şeytani-ləinin
əməlidir” deyəydi.

Lakin…
nə allah vardı,
nə onun mərhəməti.
Bir tabut!
Bir cənazə!
Bir də ki…
yoxluğunun
amansız həqiqəti.
Bir də…
pərişan saçlı,
tabutun dörd yanını
dizin-dizin sürünən,
gah hərəkətsiz duran,
göz yaşları quruyan,
mahir bir sənətkarın
qara daşdan yonduğu
qəm heykəli:
ümidsiz,
yaralı bir ana var,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
Son mənzilinə gedir,
yeriyir yavaş-yavaş
bir ağır qəm qatarı.
Gəlin, ötürək onu,
dünyanın insanları!
Gəlin, Kübra, Sara və Surə
sən də, sən də gəl, Nigar!
Qaldıraq cənazəni
başımızdan hündürə!
Yox!
Tabutu aparsın
tanışlar və yaxınlar.
Onların qollarında
hələ bir az qüvvət var.
Gəlin, bacılar, gəlin!
Sən də, sən də gəl, Nigar!
Sürünək dizin-dizin.
Yolları hamar olsun
incikli Turəmizin.
Neçə-neçə il keçib
o gündən
və bu gündən.
Ürək yüngülləşməyib
bu itkinin yükündən.
Toy da, bayram da olur,
şənlik də, ad günü də.
Ancaq ki, ürəyimdə
damğa yanığı kimi
qalıb,
sənsiz ananın,
“Verin mənim balamı!”.
deyən fəryad günü də,
Anamın gəlin qızı!

Anamın gəlin qızı,
kağızda, ürəyində
neçə layihən vardı
Ölüm gəldi,
bir anda,
yığdı,
bükdü,
apardı.
“Bakıda küçələr var
nə ensizdir” deyirdin
Yeni evlər var, çoxu
cüt əkizdir deyirdin.
Ağac az,
gül, çiçək az,
bağça-bağ,
yaşıllıq az.
Sonra inamlı, qəti
deyirdin:
“Belə qalmaz!”
Mən!
Layihəm!
Demirdin.
Sevməyirdin
“mən”, “mən”i
Biz yaxşı anlayırdıq
ürəyindən keçəni.
Deyirdin: “Evlər olsun –
pəncərələri geniş.
Bir otaq da qalmasın
bir bucaq da qalmasın
gün işığı düşməmiş.
Yeri var,
qiyməti var,

zövqün də,
biliyin də
Kölgəliklər çox olsun
dəniz çimərliyində
Yüz ölçüb, bir biçək biz
hər ağacın yerini
Əlvan rənglər, biçimlər
çağırsın bir-birini”,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
Nə qədər arzun vardı,
işin, ümidin vardı,
Ölüm gəldi,
bir anda,
yığdı,
sökdü,
apardı.
Doğrudur,
mən bilirəm,
qurtarmamışdır həyat.
Bu təsəlli
qəlbimi ovundurmayır, heyhat.
Bilirəm tək deyildin,
bir ordu nəfəriydin,
Ancaq kim deyərdi ki,
belə bahar çağında,
bu yaşda, bu həvəsdə
belə tez səfəriydin,
Anamın gəlin qızı!

Bu gün qurur, yaradır
neçə sənətdaşların

Ancaq sənin əlinə
biliyinə, əqlinə
ehtiyacı var yenə
neçə küçəsizliyin,
neçə binasızlığın,
neçə hamarlanmamış,
saray, məktəb, düşərgə,
ev olmamış daşların,
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
Qəzetlər
matəmində
“Vaxtsız öldü”
yazdılar.
İnsanlar arasında
bu qəribə adət var.
Təbiətin hökmüdür
bilmirəm, ya taleyin,
insan nə vaxtı ölsə
vaxtsız ölmürmü, deyin?
Anamın gəlin qızı!

Anamın gəlin qızı!
deyərdin: “Sən şer yaz,
Mən layihələr çəkim”.
İndi sənsizliyinin
dərdini necə çəkim?
Niyə pozdun
o böyük, o yaxşı andımızı,
Anamın gəlin qızı!

Zuğulba, 1959-1970

75-95 ÜÇNƏN

Yeddi beş-doqquz beş
üçnən,
hərləci çəkdim.
Qulağımı, əlimi yandırdı dəstək.
…ağır xəstədir.
… çox ağır xəstə!

Pillələr –
sürətli qatar altından
yüyürüb keçən
dirəklər kimi
keçdi ayaqlarımın altından.
Asfalt sanki eskalatora döndü,
arxaya qaça-qaça
Yenə pillələr –

Dişli çarx,
uzun-uzun yolla
qaldırdı üçüncüyə məni.
Otaq!
Yataqda mum heykəl.
Yolu kəsilmiş nəfəsin
xırıltı səsi.
Bir yanı açılmış
pəncərə pərdəsi.
Ayaqlarımda
qurğuşun!
Sinəmdə qurğuşun!
Dilimdə qurğuşun!
Qəlbimdə ümidin cənazəsi,
arzu qurumuşu.
Doktorların yerə dikilmiş
baxışları
bağırır bir-bir:
möcüzə gərəkdir, möcüzə!
Yoxsa nə əlac,
nə işıq ucu var.
Möcüzə!
Ümid –
bir-yüzə.

Otaq!
Dörd yanımda
basım presləri.
Gözlərimdə dünyanın
qara rəngi.
Bu qaranlıqdan
keçmişə bir ağrı,
göynək pəncərəsi açılır.

***

Burda şahmat oynayardıq!
Burda yeni əsərlərini oxuyardıq.
Burda gülüşlərin
tökülərdi süfrəyə,
tikanlı güllər kimi.

***

-Allo!
-Allo!
-Kimi?
Yoxdur!
Yoxdur!
Yoxdur!
Qocalmış Eminin səsi!
Qulaqlarımda gup-gup,
döyünür qan damarı.
Bir xəzri əsəydi,
bir pəncərə sınaydı barı!
Qarşımda açılır səhifələr:
enişli-yoxuşlu ömrün
sevincli-kədərli fəsilləri.
Mirzə Cəlilin, Ələkbər Sabirin
amansız söz nəsilləri!
Varaq-varaq söz metalı
qəfəsələrdə durur
döyüşə hazır,
bölük-bölük əsgər kimi
Sandığa basılmış,
atəşə hazır güllələr kimi
Bir aləm içindəyəm,
hər yanım Sabit gülüşü!

Sabit yanğısı!
Sabit ifşası!
Sabit lirikası!
Sabit sədaqəti!
Sabit sənətinin klassikası!
Ortada mum heykəl!
Daş sükut!
Sabit yoxluğunun
ağır yası!
Çoxmu sürər
bu ayrılıq dərdi
bu göynək, bu kədər,
qardaşım Sabit?
Həmsevinc, həmdərd, dost, əlvida!
Əlvida!
Görüşənə qədər!