“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Səndən nə qaldı ki…

Sonra gözəl-göyçək ayrılıq gəldi,
Sonra gözəl-göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.
Səndən nə qaldı ki, eh… Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.
Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən…
… Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən…

* * *

Olmur!
Gözlərimdən düşüb gedənlər
Bir də ürəyimin başına gəlmir.
Hər şeyə həvəssiz,
Maraqsız belə
Yaşamaq mənim də
Xoşuma gəlmir.
Bir qəbir soyuğu gəzir canımda,
Öyrəşirəm ən ağır,
Ən yalquzaq dərdə də.
İçimdə sürüdüyüm
Tənhalıqdan bilirəm,
Bilirəm, ayrılıq var
Gələn bölümlərdə də.
Kiməm bu yer üzündə,
Kiməm, kiminəm, Allah?
Sən heç mənim olmadın,
Mən ki səninəm, Allah.
Yıxılmış ağacam,
Uçulmuş evəm.
Məni insan elə
Yenidən sevəm…

İçimi çəkirəm darıxanda

Ayrılığın bir üzünü
Köçürdüm gözlərimə,
Bir üzü səndə qaldı.
Gecəli, gündüzlü məhəbbətimin
Gündüzü səndə qaldı.

Gözlərim qum saatıdı,
Boşalır, təzədən dolur.
Sən guya hamıdan yaxşı…
Yaxşılıq beləmi olur?

İçimi çəkirəm darıxanda
Siqaret kimi.
Nimdaş həsrətin
Dolanır yanaqlarımda küçə-küçə.
Mən indi gecə növbəsində
Yorğun, yuxusuz.
Üstəlik də
Ay batacaq deyirlər bu gecə.