Misra-misra duyğular söz olsun,salam olsun,
Dilindən dildaşına Dəmir Qapı Dərbəndin.
Əbədi sarsılmayan bir könül körpüsü var,
Soydaşdan soydaşına Dəmir Qapı Dərbəndin.
Yolun düşsə görərsən məhəbbəti mehri var,
Təmkinində daş səbri, Qoca Qafqaz təhri var.
Qonaq olsan bilərsən dadının nə sehri var,
Pulovuna, aşına Dəmir Qapı Dərbəndin.
Qəzanın qədərindən taleyi bəla tapdı,
Tanrı qəzəbə dolub bəxtinı qara yapdı.
Qopmadı bircə çınqı – Nuhun tufanı qopdu,
Qaldı dünya başına Dəmir Qapı Dərbəndin.
Adı bəlli bir yolun – zamanın baş kitabı,
Həqiqətə varmazsan, oxusan çaş kitabı.
Qalasının divarı tarixin daş kitabı,
Başını qoy daşına Dəmir Qapı Dərbəndin.
Yağıya sinə gərib: – həddini bil, – söyləyir,
Adlını addan salıb, dizi üstə əyləyir.
Zaman səcdəyə gəlir, tarix təzim eyləyir,
Yaddaşına, yaşına Dəmir Qapı Dərbəndin.
Qorxusu yox zamanın bəd əsən küləyindən,
Sevgisi kitab-kitab soraqdı diləyindən.
Əbədi od daşıyan qəlbindən, ürəyindən,
Yolu var qardaşına, Dəmir Qapı Dərbəndin.
Ağrılar zaman – zaman dərdi közə gətirər,
Dağlardan yol eyləyər, bir gün düzə gətirər.
Xələflinin qələmi açar, sözə gətirər,
Sirrini sirdaşına Dəmir Qapı Dərbəndin.