Qızıl barmaqlılar
“Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir

“Çoxuşaqlı ailə”nin üzvləri…

Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq göstərilib. “Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki, fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtə sənətkar kimi tanınırlar. “Azərbaycanı dünyaya tanıdaq” layihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Quba və s.) səfərlər edib, orada sərgilər keçirmişik. Belə layihələrin təşkili barmaqları qızıl hesab edilən bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir”.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2020-ci ili “Könüllülər ili “elan etməsi ilə əlaqədar reallaşdırılan layihələrdən biri də fiziki məhdudiyyətli uşaqlarla təlimlərin keçirilməsidir. 2 ay davam edəcək təlimlərdə 20 uşağa toxuma sənətinin incəlikləri öyrədiləcək ki, bu da onlara həm maddi, həm də mənəvi dəstək deməkdir.
Ümumiyyətlə, fiziki məhdudiyyətli uşaq və gənclərin “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyində bir araya gəlməsi yalnız sosial məsələ deyil. Bu, ilk növbədə həmin kateqoriyalı uşaqların həyata inteqrasiyası, onlara mənəvi dəstək məqsədi daşıyır. Qısa zaman ərzində 40-dək belə uşağın toplanması və nümunəvi əl işləri yaratmalarına səbəb, ilk növbədə Zəhra Xələfova, burada əziyyəti daha çox olan Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev kimi sevimli müəllimlərdir. Adlarını qeyd etdiyimiz həmin müəllimlər hər bir uşaqla fərdi qaydada məşğul olmaqla, onlara həm sənət və peşələrin sirrini öyrədir, həm də sevdirirlər.
Rahim Rzayevin buradakı xidmətləri, həmçinin əl işləri haqqında isə xüsusi qeyd edilməyə layiqdir.

Şamxalın “Möcüzə”si…

Azadə Məmmədova “Bacarıqlı əllər” ailəsinin üzvlərini təqdim edərkən Xələfli Samxal Şahid oğlundan başladı: “1998-ci ildə Bakıda anadan olub. Autizm sindromu və nitq inkişafı geriliyi var. Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbdə inkuliziv təhsil alıb. “Saglam Gələcəyə Yardım” İctimai Birliyi, “Birgə və Sağlam”, Bakı Uşaq Teatrı, A.Şaiq adına Kukla Teatrı, “Bacarıqlı Əllər Dünyası”, Tofiq İsmayılov adına Uşaq Qalereyası və s. yerlərdə müxtəlif dərnəklərdə təlimlər keçib. Stolüstü tennis və yüngül atletika üzrə bir çox yarışlarda iştirak edərək qalib olub. “Birgə və Sağlam”da autizmli gənclərin calışdığı “Kasalata” kafe-atelyedə peşə, ənənəvi incəsənət vasitəsilə İnkuliziv Təhsil Layihəsində keramika və foto təlimləri də alır. “Möcüzə” rəqs qrupunun üzvü olan Şamxal həm də özəl əl qabiliyyətinə malikdir – rəsmləri adamı heyran qoyur…”
Milliyyətcə Məhsəti türkü olan Umarova Astımaral Əziz qızının 15 yaşı var. O da fiziki məhdudiyyətli uşaq-gənclərdən biridir. Yalnız əl işləri ilə fərqlənmir, həm də gözəl rəqs edir. Tikmə, toxuma və muncuqlarla işləməyi sevir. “Bacarıqlı Əllər” dərnəyinin ən məsuliyyətli, həm də çalışqanlarındandır.
Nigar Süleymanzadənin də 15 yaşı var. Eşitməsi qüsurlu olan Nigar həm də nitq məhdudiyyətlidir. O da çox gözəl rəqs edir. Toxumaları və ümumiyyətlə, əl işləri onda əla alınır, müəllimi razılıq edir. Deyir ki, ilk başlayanda çətinlikləri az olmamışdı. Lakin indi onun əl işləri fərqlənir. Nigarın piserlərlə işləmək və rəsm çəkmək qabiliyyəti də var.

Əngəl törətməyən əngəllik

Mustafa Abdullayevin rəsmlərinə gəlincə, onlar nümunəviliyi ilə seçilir. Erkən yaşlarından atadan yetim qalan Mustafa anasının tək övladıdır. İnkişfın ləngiməsi diaqonuzu qoyulub, çox çalışqandır. Burada öyrəndiyi sənəti ilə fəxr edir. Məsələ burasındadır ki, fiziki məhdudiyyətli olması onun qabiliyyət və bacarıqlarına heç cür əngəl törətmir. Anası şəkər xəstəliyindən əziyyət cəkir. İşlədiyi rəsmlərini bu birliyin xətti ilə satıb anasının gözünü əməliyyat etdirib…
Hüseynova Bəsti Ramil qızı 2007-ci ilin yanvar ayında Bakıda 2 saylı dogum evində dünyaya gəlib. 2 yaşına qədər hər şey normal olsa da, sonradan geriləmə baş verib. Həkimlərin rəyinə görə, autizm sindromludur. 11 saylı xususi təmayüllü məktəbin nəzdində ev təhsili alır. Anası UAF təşkilatının rəhbərliyinə belə uşaqlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir və əlavə edir ki, Bəstinin gözəl əl qabiliyyəti var. “Bacarıqlı Əllər Dünyası”nın sədri Azadə Məmmədova və buradakı dərnəyin müəllimlərindən Zəhra Xələfova ilə Zenfira Həbibullayevanın qayğıları sayəsində layihəyə cəlb edildikdən sonra parça üzərində naxış işləməyi öryənib. Bu naxışlar onun ən çox sevdiyi işə çevrilib. Atrıq Bəsti tikiş maşını da işlədir, tort bəzəyir. O, ümumiyyətlə, “Bacarıqlı Əllər”ə qoşulduqdan sonra əməlli-başlı inkişaf yolu keçib, həyata baxışları tamamilə dəyişib. Bu, onun fəallığında, ona tapşırılan işlərin öhdəsindən bacarıq və həvəslə gəlməsində də özünün təsdiqini tapıb. Qoçaqlığına isə söz ola bilməz.

Rəngbərəng darı muncuqlarından yaradılan pələng

Mayılzadə Fatimə də təşkilatın təlimlərindən yararlanır. Gözəl əl qabiliyyətlidir: muncuqtoxuma işlərini bacarır, dəzgahda palaz, milçə ilə papaq, şərf və s. toxuyur. Suvenir, saç sancağı düzəltməyi bacarır. Rəssamlıq Akademiyasının təşkil etdiyi rəsm əsərləri müsabiqələrində dəfələrlə I, II və III yerlərin qalibi olub.
Onun 19 yaşlı qardaşı Fuad serebral, ağır tetrafarezli iflicdən əziyyət çəkir. Fatimə sərgilərdə satdığı əl işlərindən əldə etdiyi qazancı ilə qardaşının müalicəsinə köməklik göstərir. Onun özgə bir dərdi də atasının gözdən əlilliyidir. Beş nəfərlik ailəni gözdən əlil Rasim Mayılov çəkdiyi rəsmlərini satmaqla dolandırır. Bu birliyin təşkil etdiyi sərgilərdə əsərləri daha çox satılan sənətkarlardan sayılır.
Fatimənin anası Rəxşəndə Şiriyevanın işsiz olsa da, yüksək qiymət verilən əl işləri var – muncuqdan qəndqabı, səbət toxuyur. Toxuma işlərinə daha çox üstünlük verir. Məsələn, ipdən papaq, şərf toxuyur, suvenirlər, rəngbərəng darı muncuqlarından parça üzərində şəkil yaradır, saç sancağı, çələng, qapı üstündən asmaq üçün süsü düzəldə bilir.
Cabarova Gulnar da Bakda dünyaya göz açıb. Xəstəliyi də elə gözlə bağlıdır: gözdibi miopiya astiqmatizm-klobomadır. Hazırda Bakı Dövlət Pedaqoji Kollecinin II kurs tələbəsidir. Bir çox sərgilərə qatılaraq setifikat da alıb. “Bacarıqlı Əllər”in təlimlərində davamlı iştirak edən Gülnar burada bir cox əl işləri öyrənib.
Bacarıqları və istedadlı olmaları ilə seçilən bu “çoxuşaqlı ailə”nin hər bir üzvü həm də səmimidirlər. Ən əsası isə bir-birlərinə məhəbbətli davranışları ilə çoxlarına nümunədirlər…

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”