OLSAM…

Sən ulu torpaqsan, mən də ki, insan.
Ölsəm, məni qoynuna alarmısan?
Sevənlər göz yaşı töksə dərdimdən,
Məzarımı əlinlə sıxarmısan?

Mən qəlbinə yaxın bir şair olsam,
Yazdığım şeiri oxuyarmısan?
Gözlərində göz yaşı olub dolsam,
Gözündən göz yaşı axıdarmısan?

Otağında sənə baxan şəkiltək
Gecələr sənə baxsam baxarmısan?
Bir il qədər uzun olan həsrəttək,
Arada darıxsan axtararmısan?

Aynaya baxanda əksin olsam mən,
Ənbər ləbinlə məni öpərmisən?
Fırçamla gözəl bir rəsmini çəksəm,
Onu dahi əsərtək sevərmisən?

Bir dost kimi sənə bir sirr söyləsəm,
O sirri qəlbində gizləyərmisən?
Bədahətən sənə şeir söyləsəm,
Sonacan oturub dinləyərmisən?

Qəlb evimdən incik, küsülü getsən,
Geri dönüb qapımı açarmısan?
Qaranlıq gecənin çırağısan sən,
Hərdən işıq saç desəm, saçarmısan?

Günəş olub şüamı sənə saçsam,
Sən şüalarımla qızınarmısan?
Həbibiyəm, yağıştək yerə yağsam,
Sən yağışlarımla islanarmısan?

MƏHƏBBƏT

Bu qoca dünyada biztək insana
Ömür verib yaşadandır məhəbbət.
Bu qoca dünyada qıza, oğlana
Əmrin verib aldadandır, məhəbbət.

Can, can deyib çağıran o dillərin,
Şux qaməti qucaqlayan əllərin,
Ətir saçan gözəl-göyçək güllərin,
Təsirindən yaranandır, məhəbbət.

Bəzən sevindirib, bəzən ağladan,
Ürək qapısını üzə bağlayan,
Sevənləri xəyallara daldıran,
Ağılı başdan alandır, məhəbbət.