
Yenə köhnə qayıq, yenə tənha mən,
Fırtına həsrətə avar çəkirəm…
Köhnə xatirələr açır yelkəni,
Bulud yaddaşımda göylər tərpənir.
Yoxluğun dünyamda qasırğa, tufan,
Nuhun gəmisiylə savaşda zaman.
Sahildə dayanan balıqqulağı,
Yenə döyəcləyir qumun ayağın…
Tanrının əlində Musa əsası
Suda tükənməkdə balıq nəfəsim…
Sahildə boğulur gözyaşım hədər,
Tutub saçlarımı atıram lövbər.
Yenə köhnə qayıq, yenə tənha mən,
Asıb dor ağacın sahillərimdən
Qalmışam həsrətin göyərtəsində…
* * *
Hər gün bir tel qopur
ruhumun
sevgi simlərindən…
Yavaş-yavaş
Xaric səslənirik
Oxuduğumuz eşq nəğməsində.
Do notu
barmaqlarım arasında susqun,
Re- ni üzgün görürəm.
Bir həsrət çaları var
Mi səsində…
Fa- notu yolun ortasında
peşman və üzgün,
Sol səsi
Sol açarından küskün,
Lya- oktavada
ayrılığa gedən yolun sonu,
Si- bu sevgidəki ən yanıqlı
nöqtə,
Peşmanlıq
Və yalnış həyatımdakı
Son beyt,
Məqtə…
Budur,
bizim musiqimiz səslənir,
Bir günahsız sevgi
ömrün son akkordlarında
bəstələnir,
Gözlərimdəki kədərdə
Dəfn olur…
Maestro,
Götür bu şeiri
İfa et, əlvida əvəzi
Mavi gözlü göy adama,
bulud əlçimlərində…
Bir cavab yazın