ANA

Darıxıram yoxluğunu duyunca,
Ayrılıq nə əzab olurmuş, ana!
Darıxanda danışardıq doyunca,
Tənhalıq nə yaman yorurmuş, ana!

Əsgər oğlun əsgərlikdə darıxır,
Həsrət məni gecələr yaman sıxır,
Əldə silah, gözlər yollara baxır,
Gözlərim yaş ilə dolurmuş, ana!

Həftə sonu görüşümə gələndə,
Kədərli üzümdə sevinc güləndə,
Səni görəcəyəm, bunu biləndə,
Qısa görüş qəlbə toxunmuş, ana.

Qayıdar bu oğlun, qayıdar sənin.
Uca zirvələrdən gələr gur səsin.
Həsrətlə gözləyər ana körpəsin,
Dizin üstə laylam oxunmuş, ana!

Dedin: “oğul, vətən də sənin anan!
Borclu olmalısan ona hər bir an!”
Mənsə əsgərliyi bitirən zaman
Oğul fəxri ilə, yüksəlmiş, ana!

OLA BİLSƏYDİM…

Mən bir tarzən olub çala bilsəydim,
Gecə və gündüzə nəğmə deyərdim.
Ömrümü, günümü qurban verərdim,
Heç vaxt, bu sənətdən doydum, deməzdim.

Mən bir çiçək olub aça bilsəydim,
Zamansız, vaxtsız solmaq istəməzdim.
Sevənlərin əlində sevilərdim,
Sevənlərin əlində sevinərdim.

Mən bir dəniz olub coşa bilsəydim,
Dalğalarla sahili isidərdim.
Sevənləri özümə cəlb edərdim,
Özümə “Sevgi dənizi” deyərdim.

Mən bir aylı gecə ola bilsəydim,
Tənhalığı özümə dost seçərdim.
Dərdimi gecə ilə bölüşərdim,
O gözəl anları xoş keçirərdim.

Mən Yaradan qüvvə ola bilsəydim,
Qara buludu səmadan silərdim.
Səmanın üzünü aça bilərdim,
Həmin anda ürəkdən sevinərdim.

Mən bir cavan ağac ola bilsəydim,
Böyüyüb ətrafa kölgə salardım.
Dostlarımı bura dəvət edərdim,
Sirlərimi mən onlara açardım.

Mən bir bulaq suyu ola bilsəydim,
Dağlardan, dərələrdən tökülərdim.
Bulaq başında qızları görərdim,
Onlara da saf sevgi diləyərdim.

Mən bir quştək göydə uça bilsəydim,
Göyün gözəlliyini seyr edərdim.
Göydən yerə heç enmək istəməzdim,
Allaha yaxın olmaq istəyərdim.

Mən bir qələm olub, yaza bilsəydim,
Cahana “Xoşbəxtlik himni” yazardım,
Sevənlərə “Sevgi himni” yazardım,
Amma heç vaxt ayrılıqdan yazmazdım.

Mən bir yağış olub yağa bilsəydim,
Göydən yerə narın-narın düşərdim.
Həbibi dünyasını bəzəyərdim,
Bu dünyadan ayrılmaq istəməzdim.