Otağımızın qapısı döyüldü. – Buyur, gəl,-  dedim.
   Oqtay idi. Həmişəki kimi “Bir atım çayınız olmaz?”- soruşdu.
   Çay qutusundan dəftər varağına bir qədər çay tökdüm, verdim Oqtaya. ”Sağ olun”-deyib çıxdı. Otaq yoldaşlarım Zabitlə  Nahid bir-birinə baxıb güldülər.
      –Ayə, bu Quruçay – Oqtayı öz aramızda belə çağırardıq –lap bizi təngə gətirib. Axşam-sabah, hər gün çaya gəlir.  Adam da utanır, ”yoxdu” deməyə. Biz də tələbəyik, çayı havayı almırıq ki… Zabit deyindi.
   Nahid:
   –Siz  “Hə” deyin,  mən ona çay istəməyi tərgitdirim.
   –Tərgitdirə bilirsən, tərgitdir də.  – Mən gülümsündüm.
   Səhəri gün Nahid bir qutu bahalı Seylon çayı aldı. Qutunu boşaltdı boş bir qaba və gülə-gülə:
   –Bu qutuda Oqtay üçün çay tədarük edəcəyik.
   Həmin gündən etibarən hər dəfə çayniki təmizləyəndə  işlənmiş çayı yığaraq başladıq qurutmağa. Nəhayət, çayın hamısı içilib qurtaranda boş qutu da doldu. Nahid çay qutisunun ağzını səliqə ilə yapışdırdı:
   –Bu, Oqtayın çayıdır. Nə vaxt gəlsə, verin ona.
   …Sabahkı dərslərimizi hazırlayıb yatağımıza yenicə girmişdik ki, Oqtayın səsini eşitdik:
   –Mənə bir atım quru çay verin.
   –Şkafı aç, yuxarı gözdəki çayı götür-Nahid dilləndi.
   –Hamısını?
   –Hə, hamısını. Bizim var.
   –Sağ olun, əla. Qonağım gəlib. Lap yaxşı oldu, sizin sağlığınıza bala-bala içərik.
   Gülməkdən özümüzü güclə saxlamışdıq.
   Oqtay çıxdı. Bir daha onu qonşulardan quru çay istəyən görmədik.