Fincanımın ətir saçan buxarı,
vücudumdan ağrı alar damlalar,
görünmədən qalxar üzü yuxarı,
çeşmədılər,ümmandılar damlalar,
Şəbnəm gələr-budaqlarda bar olar,
Ay işığı soyudanda qar olar,
dağda-düzdə çiskin,duman,buludlar;
saçlar üstə qırov olar damlalar,
Yerdən-göyə,göydən-yerə köçü var,
həm-mehtərdi,həm-bağbandı,həm cuvar,
hər damlada bir ildırım gücü var;
dama-dama daş dağıdar damlalar,
Çılıklənər dəli sellər qaçanda,
mərcan gördüm hökümdarlar tacında,
ağlayanın kirpiyinin ucunda,
çalışanda–qaşdan damar damlalar,
Zərif-zərif yer isladar,gül əkər,
pəncərəmi,kaman bilib, tel çəkər,
bənizimə çırpsa berə küləklər-
əllərimlə sığallanar damlalar,
Dəmkeş olar aşbazların aşında,
peşman edər tutsa “Elçi daşında”,
Vahid ƏZİZ,ocaqların başında
buxarlanıb göyə dönər damlalar…