Ürəyim yenicə nəğmə deyirdi,
qəlbim daşınırdı arana,dağa,
heç sənin səsini yeridi indi?-
nə olur,qaraltma qanımı,qarğa!
Fərq etməz–yavaş öl,ya birdən-birə,
qatma “qar-qarını” qayğı-fikirə,
sevinər axdıqca Xan Araz–Kürə,
səncə,bu– “Hicranın sonumu”-qarğa?
Bülbültək çəkərəm bəlamı dildən,
həmən tanıdılar səsimi zildən,
bülbül hardan bilsin–“Qəfəs düzəldən”
səni salmalıymış,onumu,qarğa?!
Kim ki,əyilmədi yelə,küləyə,
sındırıb anlatdı vaxt döyə-döyə,
ovçular gülləyə tutmasın deyə,
sənlə bir budağa qonummu,qarğa?!
Eh,qarğa,dünyada hələ nələr var?;
hətda sizlrdə də rəngə baxılar!
hər yerdən qovular “Ala qarğalar”,
nə simsar,nədə ki,qohumdu,qarğa!
Ağlım kəsən günnən saçı dənliyəm,
qaçqınlı,köçgünlü,didərginliyəm,
çoxdandır qılıncım düşmür əlimnən–
savaşda itirdim qınını,qarğa.
Bacarsam–qoymazdım itən çox ola,
nə gərək Qürbətdə bitən çox ola?
qorxurdum–arxamca gedən çox ola,
yoxsa qurtarardım canımı,qarğa.
Dayan,qara geymiş,səssizcə otur!
yerdə dilənçisən,ağacda quldur,
hər dəfə səsindən bəd xəbər tutur,
yetər ağlatdığın anamı,qarğa!
Yadıma bu düşdü şeiri yazanda;
köçəri deyilsən,pıs oxusan da,
bircə istəyim var–mən olmayanda,
qonub başdaşıma oxuma,qarğa…