Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə
“Kitabxana – koronavirusa YOX deyir!”
layihəsində iştirakı davam edir
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam edir.
Kitabxana karantin rejimində işini uğurla davam etdirərək, oxuculara virtual xidmət göstərməkdədir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis növbəti “Nənə, nağıl de mənə…” adlı nağılını kitabxanaya virtual formada təqdim etdi. Nağılın qəhrəmanı Məsmə nənənin – “O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək” – sözləri ilə yazar “Biz birlikdə güclüyük!”, “#Evdəqal” çağrışını bir daha dəstəklədi.
Əziz uşaqlar, “Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!” – deyən yazar, tezliklə bəşəriyyətə kabus olan bu virusun məğlub olacağını, insanlığın qələbə çalacağını bildirir.
Nağılı rəngli şəkillərlə də oxuya bilərsiniz:
Gülarə Munis
AYB-nin və AJB-nin üzvü,
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu
Nənə, nağıl de mənə…
Biri var idi, biri yox idi.Məsmə adlı bir nənə var idi.Məsmə nənənin Azər və Turan adlı iki nəvəsi var idi. O, hər gün axşam nəvələrinə maraqlı nağıllar danışar, nəvələri da onu dinləyərdi.
Bir gün Məsmə nənə yenə nağıl danışmağa başlayanda Turan dedi:
– Ay nənə, elə nağıl danış ki, orada əjdaha, div olmasın.
Bunu eşidən Azər isə dedi:
– Nə danışırsan? Onda nağıl maraqlı olmaz ki… Qoy əjdaha, div olan nağıl danışsın. Sən qızsan, qorxursan get yat!
Turan incik halda cavab verdi:
– Mən onlardan qorxmuram! – Sonra əlavə etdi. – Nənə, ola bilər ki, o əjdaha və divlər bizim yaşadığımız zamana da gəlib çıxsınlar?
Məsmə nənə Turanın başını sığallayıb dedi:
– Əslində hər zamanın öz divi, əjdahası olur. Bizim də zamanda div, əjdaha var, amma biz onları görmürük. Onlar öz pis əməllərini gizlincə edir. İnsanları qorxuya, vahiməyə salır. Onlara zülm edir.
Turan maraqla soruşdu:
– Ay nənə, düzdür ki, əjdahanın başında tac olur?
Məsmə nənə gülümsəyərək cavab verdi:
– Düzdür. Amma bəzən başında tac olan daha qorxulu şeylər də olur.
Azər tez qışqırdı:
– Mən bilirəm, bizim dövrdə olan əjdahanın adı nədir, o koronavirusdur. Onun da başında tac var, o da insanlara düşmənçilik edir, adamlara əzab-əziyyət verir. Nənə, onda demək pis xəstəliklər divlər kimidir? Onda da adamlar evdən çölə çıxmır, hamı öz evində qalır.Ay nənə, nağıllarda qəhrəmanlar o divlərə, əjdahalara qalib gəlib, onları öldürür, insanları xilas edir, bəs bu xəstəliklərə kim qalib gələcək? Onları kim məhv edəcək?
Məsmə nənə mehribanlıqla cavab verdi:
– O xəstəliklərə insanlar hamı birlikdə qalib gələcək, insanlar evdə qalmaqla ona üstün gələcək. O xəstəlik gəzəcək, axtaracaq, küçələrdə yoluxmağa adam tapmayacaq. Hirsindən, qəzəbindən özü məhv olub gedəcək. Axı insanlar əlbir olanda, bütün divlərə, əjdahalara qalib gələ bilirlər.
Beləcə bu günkü nağılımız da sona çatdı. Göy guruldadı, ildırım çaxdı, güclü yağış yağdı. Yağış havada olan bütün xəstəlikləri yuyub apardı!
Nənə, nağıl de mənə,
Mən qulaq asım sənə.
Danış yağışdan, qardan,
Almalar gəlir hardan?
Göyün donu sökülsün,
Ordan alma tökülsün!