Soltan Abbas 1933-cü il yanvarın 7-də Neftçalanın Ballıcalı kəndində doğulub. Bu il 80 illik yubileyini qeyd edən şair ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni” və digər kitabların müəllifidir. 1974-cü ildən Neftçalada fəaliyyət göstərən “Xəzər nəğmələri” ədəbi birliyinə rəhbərlik edir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Muğanda payız
Saralıb sapsarı qamışqulağı
Ana Muğanımın xəzan çağıdır.
Sağımda –zəminin yaşıl zolağı,
Solumda meşənin üryan çağıdır.
Bu yerin əbədi sakini turac –
Gəzinir, fərəhlə ban çəkir, odur.
Körpə balasını çağırır anac –
əzilmiş sünbüldən dən çəkir, odur.
Balıqçı uşaqlar yığıb tilovu,
Gülüb-danışırlar çay qırağında.
Bir şair bəhanə gətirib ovu,
Gəzir təbiəti söz sorağında.
Hava nə çiskinli, nə də dumandır,
Payız çiçəkləri açıb rəngbərəng.
Insan gözəlliyin pasibanıdır,
Vurur təbiətlə nəbzi həmahəng.
Barmaqlarım görür mənim
Ürəyimdə qızıl qan yox,
Nur çağlayır, nur həmişə.
Cadar-cadar əllərimin
Bənzəri var al Günəşə.
Əllərimdən yağan işıq,
Qaranlığı əridəndir.
Əllərimdə doğan işıq,
Qəlbimdəki şeirdəndir.
Ömrüm, günüm əkinçidir,
Gözlərim bar dərir mənim.
Hər əlimdə beş gözüm var-
Barmaqlarım görür mənim.
Tələsirik
Ömrümüzdən ötür günlər,
Ay başına tələsirik.
Təzə körpə doğulanda
Bir yaşına tələsirik.
Ötüb keçir bahar ayı,
Gözləyirik gəlsin yayı.
Qəlbimizdə payız toyu,
Qarlı qışa tələsirik.
Bəzən çılğın, bəzən kövrək,
Yanıb külə dönür ürək.
Əbədi bir xatirə tək
Baş daşına tələsirik.
Ləlvər dağı
Ocaq daşı qalaq-qalaq,
Dedim axşam burda qalaq.
Əl uzatdım tanış olaq,
“əl vermədi” Ləlvər dağı.
Zirvəsi qar, döşü –güldü,
Qayasının qaşı güldü.
Gül istədim naşı bildi –
Gül vermədi Ləlvər dağı.
Biri ona “Ləlvər” dedi,
Qucağında “ləl var”-dedi.
Mən də ərklə: “ləl ver”- dedim,
Ləl vermədi Ləlvər dağı.