Zabil Pərviz 1952-ci ildə Neftçalada anadan olub. 1974-cü ildə ADPU-nun filologiya fakultəsini bitirib. 1 şeir kitabı çap olunub. “Ulutürk dünyası” qəzetinin təsisçi və baş redaktorudur.

Payız lövhələri

Gün batır… saralıb solur şəfəqlər,
Səma yarı qızıl, yarı gümüşdür.
Axşam şəfəqiylə yanan üfüqlər,
Sanki xəzan vurmuş bağa dönmüşdür.

Dağların başında bulud dağları,
Yayır gözlərindən gümüş məhəbbət.
Yuyur yarpaq-yarpaq qızıl bağları,
Payıza boyanır ana təbiət.

Gör necə ayrılır öz baharından,
Baharın özünü bəzəyən çinar
Əriyib tökülür hey damla-damla,
Qızıl piyaləyə bənzəyən çinar.

Sanki təbiətin qəlbinə girmiş,
Bir qızıl hörüklü gözəldir payız.
Soyuq nəfəsilə yaşıl bağları
Saraldır, qızardır, közərdir payız.

Son bahar vəfasız qızlara bənzər,
Söz verər, qönçəni gülə döndərər.
Qəfildən tufana çevrilib əsər,
Məhəbbət umanı külə döndərər.