MƏN DƏ QARABAĞLIYAM
Azəriyəm, alqış olsun dilimə.
İslam adlı, imanıma, dinimə.
Qurban olum vətənimə, elimə.
Yurdum Lerik dağ başında, dağlıyam.
Lənkərandı, Masallıdı, Ləkidi.
Bu Bakıdı, bu Gəncədi, Şəkidi.
Bu vətəndi, torpağımın təkidi.
Vətənimə, torpağıma bağlıyam.
İmişli, Beyləqan,Quba, Qusarda.
Salyanda, Şirvanda, Ağsu, Ucarda.
Hər yer vətənimdi doğma diyarda.
Mən də Naxçıvanlı, Qaradağlıyam.
Şüşa həsrətimdi, sirdaşım olub.
Qubadlı, Laçınım, göz yaşım olub.
Xocalı qanımda yaddaşım olub.
Ağdamlıyam, mən də Qarabağlıyam.
11.11.2015.
NƏ OLAR
Bu dünya malına tamah etməsək.
Görəsən nə olar, nə olar axı?
Şeytanın getdiyi yolu getməsək.
Görəsən nə olar, nə olar axı?
Allaha sığınıb imanə gəlsək.
Coşqun dəniz kimi ummanə gəlsək.
Gözəl arzularla gümanə gəlsək.
Görəsən nə olar, nə olar axı?
Dosta kələk gəlib, ayaq çəkməsək.
Dosta dayaq olub, dayaq çəkməsək.
Paxıllıq toxumun yerə əkməsək.
Görəsən nə olar, nə olar axı?
Hər gün namaz qılsaq,sayla bölməsək.
Vətəni dənizlə, çayla bölməsək.
O taylı bu taylı, tayla bölməsək.
Görəsən nə olar, nə olar axı?
Vurulmasaq hər gözəlin qaşına.
Hörmət etsək qocaların yaşına.
Haralı deməsək vətəndaşına.
Görəsən nə olar, nə olar axı?
26.10.2015.
HƏR ŞEYİN QİYMƏTİ DÜŞÜB
Hər şeyin qiyməti düşüb elə bil.
Ta yağ da satılır şor qiymətinə.
Qlmək heç bir dərdin çarəsi deyil.
Ölsən düşəcəksən gor qiymətinə.
Payızdı,ta üzü qışa gedirəm.
Alma var,xurma var,nar ucuzlaşıb.
Həyasız onündə həya edirəm.
Baxıram,görürəm ar ucuzlaşıb.
Sonra deyirlər ki, qiymətlər qalxır.
İçimi yandırır közün qiyməti.
Kitablar rəflərdə divara baxır.
Demək ucuzlaşıb sözün qiyməti.
Böyrək də satılır, qara ciyər də.
Ürək də satılır, bazarı olsa.
Bir can bazarı var ölü bazarda.
Qiyməti düşəcək azarı olsa.
Hər nəyi satırlar, alana baxın.
Qanımız satılır qan bazarında.
Siz kimi görsəniz öldürün, yıxın.
Vicdan bazarında, can bazarında.