Qələm əlimdədir, danışmır ürək,
Bu nədir, elə bil heç mən deyiləm.
Görəsən nə üçün alışmır ürək,
Yoxsa şairliyə vida deyirəm?
Gözlərim görməsin bircə o günü,
Dəftəri açmamış, sinəmi açım.
Bilsəm susdugumu, ya söndüyümü
Sətrim qəbrim olar, nidam baş daşım!
Elə oturmuşam, deyərsən buzam,
Bir soyuq meh dəyir üzümə hərdən.
Düzü nə yorğunam, nə yuxusuzam
Nə oldu, bəs mənə nə oldu birdən?
Ağardı saçlarım başımda tək-tək,
Görünən dağlara çatıb aşıram.
Bundan tutulmusan bəlkə, ay ürək?
Bəlkə görübsən ki, başqalaşıram?
Ağ güllər bitirir bu qara torpaq,
Hələ ki, qaradır yal-yamacları.
Əvvəl ağ saçları sayırdım, ancaq
İndi də sayıram qara saçları.
Qoy başım ağarsın, qınamaz heç kim,
Təki deməsinlər əsərsiz oldu.
Bədənim od tutub, yanır ürəyim,
De, niyə sən bundan xəbərsiz oldun?
Səni gözləmişəm əlimdə qələm,
Əsibdi ruhuma sərin bir külək.
Sən gizli yanmısan, mən bilməmişəm,
Qələmi götürdən sənmişsən demək.
Nə yaman qorxuzdun məni ay ürək…