Miryusif Mirnəsiroğlu 1938-ci il martın 5-də Hacıqabulun Qarasu kəndində doğulub. “Qürbət diyarda”, “Xocalıda görüşərik”, “Sənə güvəndiyim dağlar”, “Dördüncü təcavüz olmayacaq”, “Könül nəğmələrim”, “Bir ömürdən səhifələr”, “Hacıqabuldan çıxan yollar”, “333 rübai” və digər kitabların müəllifidir. 2012-ci ildə haqqın rəhmətinə qovuşdu.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Dördlüklər

Dünyaya gəlmədin boş həvəs üçün,
Tanrı ömür yazıb hər bir kəs üçün.
Bilməzsən bu andan sonrakı anı,
Sən şükr et çəkdiyin hər nəfəs üçün.

Ağırdır, bu qəmi çəkə bilmədim,
Haqqın toxumunu əkə bilmədim.
Sütunsuz göylərin altında belə
Sütunlu bir koma tikə bilmədim.

Gündüzlər Ay şəfəq saça bilmədi,
Günəşin əlindən qaça bilmədi.
Miryusif adlanan zavallı şair,
Dünyanın sirrini aça bilmədi.

Ehtiyatla dolan aşıb-daşanda,
Əqlini başına topla çaşanda.
Torpağa rəhm et ki, rəhm eyləsinlər,
Sən özün bir zaman torpaqlaşanda.

Fələk budaq kəsən dəhrəyə bənzər,
Insan yetişməmiş meyvəyə bənzər.
Yaxşını pislərdən ayırmaq üçün
Dünya çalxalanan nehrəyə bənzər.

Dünənki tumurcuq budaqdı indi,
Dünənki budaqlar ocaqdı indi.
Həsrətlə baxdığın nazlı gözəllər,
Ayağın altında torpaqdı indi.

Idrakın gücüylə mən duya bildim,
Göydə ulduzları sanıya bildim.
Hər gülün, çiçəyin ləçəklərində
Tanrının adını oxuya bildim.

Olub keçənləri yad eylə, könül,
Kim dönüb geriyə, ad eylə könül.
Namazdan, orucdan daha vacibdir –
Bir sınıq könülü şad eylə, könül!

Gözlərim çox axdı, axır duruldu,
Ürəyim sən olan yönə buruldu.
Düşmənim gözümlə, ürəyim imiş,
Biri səni gördü, biri vuruldu.