Zivər Ağayeva Hacıqabulda anadan olub.İbtidai və orta təhsilini Hacıqabulda alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
* * *
Göylərdə dolanır səyyar xəyalın
Uçmağa qüdrətin yoxdusa, gəlmə.
Buludlar yastığım, duman yorğanım,
Odun, hərarətin yoxdursa, gəlmə.
Ömrümün yolları eniş, yoxuşdur,
Hərdən günəşlidir, hərdən yağışdır.
Həsrətim boranlı, şaxtalı qışdır,
Anda sədaqətin yoxdursa, gəlmə.
Bu yerdə torpağa, göydə ulduza,
əli bərəkətli, barlı payıza,
kəsdiyin çörəyə, daddığın duza,
izzətin, hörmətin yoxdursa, gəlmə.
Çəməndə çiçəyə, bağçada gülə,
Ata ocağında qaralan külə,
Səni boya-başa çatdıran elə
Bir dünya həsrətin yoxdursa, gəlmə.
Yaşa əvvəlki tək arzu, diləkdə,
Nəfəsin duyulsun əsən küləkdə.
Döyünən ürəkdə, vuran ürəkdə,
O ilk məhəbbətin yoxdursa, gəlmə.