Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
QURAN DAN GÖZƏL
Tənhalıq ürəyə yara salandı,
Dəmir çıraq geydi, yar əsalandı.
Zülməti sevənlər yarasalandı, –
Könüldə min büsat quran dan gözəl.
Ruzi-bərəkəti düz əldən istə,
Zəhməti yan-yana düz, əldən istə.
Sınıq ürəkləri düzəldən istə,
Bir insan varmıdır qurandan gözəl?!
Yetər, atam oğlu, oyat yaddaşı,
Bir olsaq, neyləyər bizə yad daşı?
Nə dost gəz, çiynində nə də yad daşı, –
Dost tapmaq mümkünmü “Quran”dan gözəl.
GÖZƏL
Sən mənim dünyada ən şirin yuxum,
Sən mənim ən gözəl dərdimsən, gözəl.
Bir özgə dərd varsa, mən orda yoxam, –
Gecəli, gündüzlü dərdim – sən, gözəl.
Göynətdi sinəmi bu “Goyçəgülü”,
Oxşadım bu yercə, bu göycə gülü.
Harda görmüşəm mən bu göyçək gülü? –
Əl atıb çəməndən dərdim – sən, gözəl.
Özgə aləmi var bu bar dərməyin,
Sevənlər, sevgidən qubar dərməyin!
Qisməti bu günmüş nübar dərməyin, –
Özün demədinmi, “dər, dinsəm…”, gözəl!