[url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki,iyulun 2-də Sumqayıt şəhər “28 May” Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və “28 May” Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilib.
Sumqayıtlı yazarların da qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, həmçinin gənc yazar Zamiq Mehdisoyun yaradıcılıqları üzərindən ümumiyyətlə ölkənin gənc yazarlarının yaradıcılığına baxış sərgilənib. Tədbiri giriş sözü ilə “28 May” Mədəniyyət evinin bədii rəhbəri Ulduz xanım açaraq görüşü aparmaq üçün sözü Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslıya verib.
İ.İlyaslı ölkə rəhbərliyi tərəfindən milli ədəbiyyatımıza olan diqqət və qayğıdan söz açaraq, Sumqayıtın ədəbi mühiti haqqında, Poziya klubunun həyata keçirdiyi tədbirlər haqda görüş iştirakçılarına ətraflı məlumat verdi və gənc yazarları görüş iştirakçılarına təqdim etdi. Əvvəlcə, 28 May Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Xalq Teatrının üzvləri – bədii qiraətçilər gənc şairlərin şeirlərini söylədilər. Sonra söz gənc yazarlara verildi.
Onlar ədəbi gəncliyin bu günü haqda fikirlərini dilə gətiriblər və öz şeirlərindən nümunələr oxuyublar. Tədbirdə iştirak edən tanınmış sumqayıtlı ədiblərdən Sabir Yusifoğlu, Almaz Sahilə, Xatirə Fərəcli, Qafqaz Əvəzoğlu, eləcə də Bakıdan tədbirə qatılmış tanınmış şair Faiq Balabəyli söz alaraq gənclərin yaradıcılığına öz münasibətlərini bildiriblər və onlara uğurlar diləyiblər. Görüşdə, eyni zamanda tədbirdə iştirak edən sumqayıtlı gənc yazarlar öz şeirlərini söyləyiblər.
İstedadlı gənc şairlərin şeirləri ilə səslənmiş görüşdə “28 May” Mədəniyyət Evinin direktoru Vüsal Yaqublu yekun sözü söyləyib və bu cür tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.