Gecə…
Yağış yağır…
Uzaqlardasan…
Duyursanmı məni?
Hardan duyasan?!
*****
Gecə… Hüzn dolub boş otağıma.
Yenə gözüm yolda, səni gözlərəm.
Səslərəm, xəyalın gəlməz yanıma,
Dərdimi içimdə necə gizlərəm?!
*****
De gülüm, hardasan?… Bu gecə vaxtı,
Bəlkə, telefona dikilib gözün?!
Nə deyə bilərəm?… Çətin həyatdır,
Bəlkə, sən deyəsən, qalıbsa sözün?…
*****
Demə!…, Heç danışma, yağışı dinlə!
Yenə sevdiyini gətirmə dilə!
Əgər xoşbəxt isən məndən uzaqda,
Mən də yaşayaram sənsizliyimlə!
*****
Gecə izləyirəm mavi Xəzəri,
O köhnə limanda işıqlar yanır,
Xatırlayıb səni, sənli günləri,
Ruhum tənha yatır, tənha oyanır…
*****
Düşür göydən yerə kədərim, qəmim,
Səhər açılmasa yağış dayanmaz…
Xeyir donu geymiş hədərim mənim,
Çıx get… get ağlımdan, burda dayanma!
*****
Gecə…
Yağış yağır,
Uzaqlardasan.
Duyursanmı məni?
Hardan duyasan?!