Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
GÖRƏ BİLSƏN…
Canım, ötür aylar,illər dolanır,
Ömrümdən, günümdən anlar talanır.
Xatirəm, xəyalım qat- qat qalanır,
Nə ola səsimə, səs verə bilsən.
Yarpaqtək ələnir günlər ömürdən,
Daha can dalmayıb, necə dözüm mən?
Sənsizlik dərdini necə çözüm mən?
Zamanı geriyə, çevirə bilsən.
Dərdlərə həmdəməm, kədərəm aham,
Vəfasız dünyadan doymuşam toxam.
Yanımda olmasan , bil ki, mən yoxam.
Dağ kimi dərdləri, devirə bilsən.
Namərd fitnəsinə hədəf olmuşam,
Qüssədən xəzana dönüb, solmuşam.
Sənsiz qəfəsdəki, tənha bir quşam,
Kaş ki,bu Dövranı, sağ görə bilsən…
10.01.2016.
SƏNSİZLİK
Xəyal kəhərində çapır dünənim,
Həsrət, qübar qəlbə kəsilib qənim.
Gözümü yollarda qoymusan mənim,
Bu hicran nə zaman bitəcək gülüm?
Cismim həbs olunub bucağa, küncə,
Sönən şam kimidir parlaq düşüncə.
Hər gecəm, gündüzüm əzab, işgəncə,
Ömür sənsiz necə, keçəcək gülüm?
Yoxluğun küsdürüb məni özümdən,
Məlhəm baxışların getmir gözümdən.
Halımı anlarsan, baxsan üzümdən,
De, bu kabus haçan, itəcək gülüm?
Baxma ki, içimi qəm, qüssə yeyir,
Hər şərdə gizlənər bir incə xeyir.
Dövranın sevdalı hissləri deyir:
Səbr eylə, bu hicran, ötəcək gülüm.
11.01.2016.