Yaşaram
Gün-gün qoydu,yaş üstünə yaş adım,
Ötüb keçdi tutmadı bu yaş aram.
Dünənimi bu gün üçün yaşadım,
Bu günümü sabah üçün yaşaram.
Öz səhvini gözlərində böyüd, ər,
Düzlərini nöqsan-nöqsan böyü, dər.
Hər insanda həyat dünya böyüdər,
Mən özüm də ya kürəyəm,ya şaram.
Ol dəryada qəvvas, Coşqun,inciyə.
Ləl-ləl bəzə ömrü qoyma, inciyə.
Məğlub olsan,dönəcəksən inciyə,
Qalib ol ki,deməsinlər,yaşa ram.\
* * *
Hər qisməti yazdın başdan,
Söz-söz tutdun sözə məni.
Bu gün niyə etdin başdan,
Öz ruhundan söz əməni?
Sənlə kəsdim ilk tikəni,
Doğulmaq oldu günahım.
Sözdən min qala tikəni,
Oyatmazmı, hər gün ahım?
Söz qismətim alın yazım,
Qırışdır,alnım hər qarış.
Sellən ömrə ömür yazım,
Axşam qarış,səhər qarış.
Duyğular kükrəsin an-an,
Sevgi desin oxu,məni.
Zövq alsa anlayan,anan,
Vurmaz,nadan oxu məni.
* * *
Oy nadan
Ey öz mənliyinə xilaf olan kəs,
Az zərif qəlbimdə yara oy,nadan!
Əzizinəm,oyna, dan!
Sübhdür danı oynadan.
Vətəndaşsan Vətənə,
Az Vətəni oy,nadan!
Ya ümid vəd elə, ya da ümid kəs,
Kim deyir, bu hissi hissiz oyna, dan?
Havalı gəzirsən,başında hava,
Sənə isti,soyuq fərq etməz hava.
Əzizinəm,bir hava,
Gəzmə başda bir hava.
Vətən bağı olanda,
Qəlblər çalar bir hava.
Səni oynatmayır doğma bir hava,
Yox, özgə havadır,səni oynadan.
Kök yoxsa,ay Coşqun,köksüz- beləsən,
Kökün var gəl anla,bunu belə sən.
Əzizinəm,beləsən,
Əl titrəyən,bel əsən.
Sonun möhtac Vətənə,
Bil, nə olsan,belə sən.
De,hara gedirsən,aman,belə sən?
Sabahın göynədir məni,oy,nadan!!!
* * *
Sənə mələksən deyim,
inciməsin Əzrail,
Yox,yox,soyuq,bu qorxunc,
ad sənə layiq deyil.
Sən can almırsan, gülüm!
Qarşımı kəssə ölüm,
mənə nəfəs verirsən.
Sənə mələksən deyim,
adın Cəbrail olsun,
çünki sən xəyalımın,
qapısını döyəndə,
vəhylə qonaq gəlirsən.
Sən mənim Allahımla,
aramdakı təkcə bağ,
səndən tutub gedirəm,
Məni Yaradana,bax.
Sənə mələksən deyim,
Mənə gərəksən deyim!!!