Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Yenə kövrəlibdir, dolub buludlar,
Üzləri çevrilib ana torpağa.
Görünür göylərin yerə sözü var,
Güman var gürşada, ya leysan yağa.
Günəş də tutulub, qaş- qabaqlıdır,
Dağlarda, düzlərdə sərin meh gəzir.
Şimşəklər pusquda, himə bağlıdır,
Dişlərin qıcırdıb, əmrə müntəzir.
Təlaşla alçaqdan uçuşur quşlar,
Öncədən duyublar gələn yağışı.
Qovrulan ot- alaf nurla qovuşar,
Tanrıya yönələr dua, alqışı.
Bəhs ilə yarışan nur tuluqları,
Çırparlar özlərin ota, yarpağa.
Coşar sakit axan çayın suları,
Can gələr ey Dövran, daşa, torpağa.