11041661_10205003020335559_6794674678892182115_n

Əzildikcə, danıldıqca,
Coşub daşıram çay, sel kimi…
Qələmi alıram əlimə,
Tufanlar qopur içimdə,
İç dünyamda baş qaldırır qiyam,
Daha kəskin yazmağa başlayıram…
Dilə gəlir bütün hisslər, fikirlərim…
Mən şairəm, mən yazaram,
qınamıram heç kəsi mən,
bəxtim, alın yazım, qismətimdir yəqin bunlar…
Paydan artıq yemək olmaz…
Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc,
Yazdıqlarım toxunduqca, simanıza,
oxuduqca yazdığımda özünüzü görürsünüz…
Qəhrəmansınız özünüz üçün, pis obrazsınız mənim üçün…
Əzin məni, danın məni,
Söyün məni, təhqir edin…
Edin əxlaqsız təkliflər…
Öyrəşmişəm artıq sizə, sözünüzə…
Boş-boş yazıb, danışmaqdır iş-gücünüz…
Əlinizdən bir şey gəlməz!
İnsansınız guya ki, Siz?!
Şeytansınız, İblissiniz mənim üçün…
Siz söydükcə, alçaltdıqca,
Ağ yuyub qara sərdikcə,
Dalımca deyinib, danışdıqca,
İlham, mövzu verirsiniz…
Çoxaldıqca, ağrılarım, yaralarım,
Axıtdıqca göz yaşımı…
Boşaldıram sözlərimə qələm ilə…
Çaxır şimşək, yağır yağış,
Sonra isə çıxır günəş,
sizə qalır yolunuzda çamır, palçıq,
Mənim yolumda bitir çiçək, əsir sərin külək…
Qollarıma gəlir qüvvət,
Əzdikcə Siz, sıxdıqca Siz,
Əzilməkdən, sıxılmaqdan,
Mənə gəlir yeni həyat, yeni nəfəs…
İncimirəm söyənlərdən…
Təhqir, şəri, böhtanı üzümə deyənlərdən…
Mən onların söyüşündən, böhtanından güc alıram,
Gülüşümlə, sevincimlə yıxılmıram, möhkəm olub güclənirəm,
Zirvəyə doğru mən addım atır, zirvəyə qalxıram…
Onlar mənə nifrət edir,
Düşmən sayar özlərinə…
Mənsə ancaq, “minnətdaram” hər birinə…
Yaxşılardan daha da çox “minnətdaram” yamanlara…
Rəqiblərim, düşmənlərim,
Ürəyiniz istədikcə, yıxın, vurun, söyün məni, edin təhqir,
Onda daha kəskin olur
Fikirlərim, yazdığım sözlər, tənqidim…
Bu “xeyirxah” işə görə,
“Minnətdaram”, “köməkçilər”!
Danıldıqca, əzildikcə,
Müqavimət gücüm artır,
Mübarizə əzmim artır,
Güclənirəm insan kimi, yazar kimi,
Şair kimi, qadın kimi, mən əslində!