Banu MUHARREM.”Sonra necə oldusa.”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

Sonra necə oldusa..
Dünən axşam qəribsədim bir qucaq.
Bu şəhəri gizləməyə çalışdım
gözlərimdə.Doluxsundu od-ocaq.

Sonra necə oldusa,
Çərşənbələr yekunlaşdı o gecə.
Dedilər ki: “elimizdə bayramdı” .
Telefonlar təbrikləşdi eləcə.
Hər bəhəsə şahid olduq- seyrandı.

Sonra necə oldusa,
bağlı qapı arxasında böyüklər,
bağlı qapı qarşısında kiçiklər
gizləndilər,qapıları döydülər.
Gözlədilər..
Gözlədilər..
Olmadı..
Papaqları əllərində qayıtdılar-içiboş.
Ürək ilə qapı açan olmadı ki olmadı.
Bizim yoxsul uşaqlığa baxanda
bu xəsislik ürəkaçan olmadı ki…
Olmadı!

Külək qəfil qəzəb ilə əsincə
küçələrin ocaqları sönürdü.
“Heç belə də bayram olar?” deyəndə
uşaqların gözlərində neçə ümid ölürdü.
Dünya mənim gözlərimdə dönürdü.

Sonra necə oldusa..
Qarışdırdım fikirləri birtəhər
Yumurtalar toqquşdurduq o gecə.
Küsüb-küsüb barışdılar uşaqlar.
Bilmədi heç bu şəhərin özü də,
Toz bətnində məyus neçə uşaq var.

Getmək kimi bir istəyə tutuldum.
dünən axşam qəribsədim bir qucaq.
Gecə yatdım anam gəldi yuxuma,
dedi:” qızım, hərdən olan olur da..
Gerçək həyat budur da!

İşıq olur,
Günəş olur yaradanın sevgisi.
Dünya dönür, insan ölür, yol bitir.
Son günədək qəribsəyir adamlar.
Qapıların qarşısında qəfildən
ümidləri qırılan o uşaq tək
yetim qalmış bu şəhəri buraxma,
nə qədər ki,açılmamış qapı var.

Bəlkə bir gün o qapılar açılar.